Avropa Komissiyası Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəlişi dayandırdı. Xəbər bu gün qurumun saytında dərc edilib. Bildirilir ki, Gürcüstanın vəzifəli şəxsləri artıq Şengen zonasına ancaq vizayla daxil ola bilərlər.

Qərar bir il müddətinə, 2027-ci il martın 6-dək qüvvədə qalacaq. Bu, Avropa İttifaqının (Aİ) 2025-ci ilin dekabrında təsdiq etdiyi vizasız rejimin ləğvi mexanizminə əsasən tətbiq edilən ilk haldır.

Avropa Komissiyası qeyd edir ki, bu tədbirlər Gürcüstanın demokratiyaya və fundamental hüquqlara riayət olunması öhdəliklərinin “şüurlu və sistematik şəkildə pozması” səbəbindən qəbul edilib. Komissiya dinc etirazçılara, müxalif siyasətçilərə və müstəqil mediaya qarşı repressiyaları, o cümlədən Tbilisinin öz viza siyasətini Aİ normalarıyla uyğunlaşdırmaqdan imtina etdiyini xatırladıb.

Gürcüstan rəsmiləri adi pasportlardan istifadə etməklə məhdudiyyətlərdən yayına bilməyəcəklər. Aİ-yə rəsmi və diplomatik səfərləri zamanı onlar xidməti sənədlərini təqdim etməlidirlər. Bu tələbə əməl edilməməsi ölkəyə giriş qadağasına səbəb ola bilər.

Qərar adi pasportu olan Gürcüstan vətəndaşlarına şamil edilmir: onların vizasız qısamüddətli səfər hüququ ləğv edilmir.
İnsan hüquqlarıyla bağlı vəziyyət yaxşılaşmasa, Avropa Komissiyası vizasız səfərlərin dayandırma müddətini 24 aya qədər uzada və ya bunu bütün Gürcüstan vətəndaşlarına şamil edə bilər.

“Şüurlu və sistematik” anti-Qərb mövqeyi

Gürcüstan Aİ-nin viza tətbiq etdiyi bəzi ölkələr (məsələn, Rusiya və ya digər üçüncü ölkələr) üçün vizasız rejimi saxlamaqda və viza siyasətini Aİ ilə koordinasiya etməməkdə davam edir.
“Gürcü Arzusu” hökumətinin Avropa standartlarına zidd qanunlar – “Xarici təsirin şəffaflığı haqqında” və bu tip digər hüquqi aktları qəbul etməsini Brüssel “geri dönüşü olmayan şüurlu seçim” kimi qəbul edir.

Çünki Aİ-ni Gürvüstanı jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilələr, media qurumlarına qarşı məhkəmə iddialarının artması və müstəqil səslərin boğulması kimi qeyri-demokratik addımlardan çəkindirmək cəhdləri uğursuzluqla nəticələnib.

Bundan başqa, siyasi rəqiblərin fəaliyyət imkanlarının məhdudlaşdırılması, dinc etiraz aksiyalarının zorakılıqla dağıdılması, hüquq-mühafizə orqanlarının siyasi alətə çevrilməsi və müstəqil məhkəmə sisteminin zəiflədilməsi də Gürcüstanı Aİ-yə namizəd ölkə statusu alarkən götürdüyü “Kopenhagen kriteriyaları”ndan uzaqlaşdırıb.

Gürcüstan hökuməti qarşıdakı 1 il ərzində (6 mart 2027-ci ilə qədər) yuxarıda qeyd olunan “sistematik pozuntuları” aradan qaldırmasa, bu məhdudiyyətlərin adi pasport sahiblərinə də şamil edilməsi ehtimalı real görünür.

“Politfm”