“Bizim, demək olar ki, limitsiz silah ehtiyatımız var”.
ABŞ Prezidenti Donald Tramp martın 2-də “Truth Social” platformasında belə yazıb. Amerikada orta və daha yuxarı siniflərə aid sursat sayınını hədsiz çox olduğunu vurğulayan Tramp qeyd edib ki, “Təkcə bu ehtiyatlardan istifadə etməklə müharibələri əbədi davam etdirmək olar. Bizdə bu silahlar, demək olar ki, limitsiz saydadır. Amerika Birləşmiş Ştatları yaxşı təchiz olunub və BÖYÜK QƏLƏBƏYƏ hazırdır!!!”
İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının və İranın cavab addımlarının artan xələ davam etdiyi günlərdə Tramp “müharibəni əbədi davam etdirmək” ehtimalına diqqət çəkir.
Doğrudanmı, Amerikanın silah ehtiyatları limitsizdir?
ABŞ-nin müdafiə büdcəsi
Amerikanın müdafiə büdcəsi 1 trilyon dollara yaxındır.
Konqres 2026-cı maliyyə ili üçün müdafiə xərclərini 901 milyard dollar olaraq təsdiqləyib. Bu, ÜDM-in təxminən 3,2% – 3,3%-i deməkdir.
2025-ci ildə isə müdafə xərcləri təxminən 884–895 milyard dollar olub.
Tramp 2027-ci ildə hərbi büdcəni 1,5 trilyon dollara çatdırmağı təklif edib.
ABŞ-nin silah ehtiyatları
Trampın bəhs etdiyi silahlar, adətən, nüvə başlığı olmayan, genişmiqyaslı döyüşlərdə istifadə edilən konvensional silahlardır: “Abrams” tankları, “Bradley” piyada döyüş maşınları, HIMARS raketləri və 155 mm-lik artilleriya mərmiləri.
ABŞ-ın Nevada və Kaliforniya kimi ştatlarındakı nəhəng anbarlarda onilliklər boyu yığılmış minlərlə zirehli texnika və milyonlarla mərmi ehtiyatı var. Bu, həqiqətən də, dünyada heç bir ölkənin sahib olmadığı bir arsenaldır.
Amma müasir müharibələrin, o cümlədən Rusiya-Ukrayna müharibəsinin təcrübəsi göstərir ki, ən böyük ehtiyatlar belə əbədi deyil. Xüsusilə hava hücumundan müdafiə raketləri (“Patriot”, SM-6) və yüksək dəqiqlikli idarəolunan silahların istehsalı çox mürəkkəbdir və çox vaxt aparır.
Pentaqonun hesabatlarından görünür ki, bəzi raket növlərinin sayı Çin və ya İranla böyük və uzunmüddətli müharibəyə yetəcək qədər çox deyil. Bu baxımdan Trampın “limitsiz ehtiyatlar” barədə dedikləri daha çox siyasi və psixoloji mesaj xarakteri daşıyır.
Amma quruda – “orta səviyyəli” arsenalın, tankların və topların vuruşduğu uzunmüddətli müharibədə ABŞ-nin ehtiyatları həqiqətən də inanılmaz dərəcədə çoxdur və illərlə davam edəcək müharibələrə tab gətirə bilər.
ABŞ-nin nüvə arsenalı
ABŞ-nin nüvə arsenalı dünyanın ən böyük və ən inkişaf etmiş hərbi güclərindən biridir. Soyuq müharibə dövründən bəri bu başlıqların sayı xeyli azalsa da, texnoloji cəhətdən modernləşmə prosesi davam edib.
Son məlumata görə, hazırda ABŞ-nin 5000-dən çox nüvə başlığı var. Onların təxminən 3770 ədədi döyüşə hazır (strateji yerləşdirilmiş) vəziyyətdə saxlanılır.
ABŞ “nüvə triadası” adlanan yerləşmədən istifadə edir. Bu, nüvə başlıqlı raketlərin üç fərqli platformadan atıla bilməsi deməkdir.
Birincisi Şimali Dakota, Montana və Vayominq ştatlarındakı yeraltı şaxtalarda yerləşdirilmiş qitələrarası ballistik raketlərdir.
İkincisi sualtı qayıqlardan atılan ballistik raketlərdir. Bu, arsenalın ən çətin məhv edilən və strateji cəhətdən ən önəmli hissəsidir.
Üçüncüsü strateji bombardman təyyarələridir. B-52H “Stratofortress” və B-2 “Spirit” təyyarələri nüvə bombaları və qanadlı raketlər daşıyır.
Nüvə başlıqları harada saxlanılır?
ABŞ-nin nüvə silahları yalnız öz ərazisində deyil, həm də NATO-nun “Nüvə paylaşımı” proqramı çərçivəsində Avropanın bir neçə ölkəsində yerləşdirilib. Hazırda Amerikanın Avropada təxminən 100-ə yaxın B61 tipli taktiki nüvə bombası saxladığı bildirilir. Bu silahlar 6 ölkədə – Türkiyədəki “İncirlik”, Almaniyadakı “Büchel”, İtaliyadakı “Aviano” və “Ghedi”, Belçikadakı “Kleine Brogel”, Niderlanddakı “Volkel” və Böyük Britaniyadakı aviabazalarda yerləşir. Bu silahlara ABŞ hərbçiləri nəzarət edir.
ABŞ-nin hərbi bazaları
Amerikanın hərbi gücü ölkənin sərhədləri daxilində məhdudlaşmır. 2026-cı ilin məlumatına görə, Amerikanın təxminən 80 ölkədə 750-yə yaxın hərbi obyekti (bazalar, düşərgələr, logistik mərkəzlər) mövcuddur.
Bu bazalar strateji əhəmiyyətinə görə bir neçə əsas regionda yerləşir. Avropadakı bazalar əsasən NATO çərçivəsində təhlükəsizliyi təmin etmək və Rusiyayla sərhəd bölgələrini gücləndirmək məqsədi daşıyır.
ABŞ-nin ən çox bazası olan ölkələrdən biri Almaniyadır – təxminən 119 hərbi obyekt. Bunlardan ən məşhuru “Ramstein” Hərbi Hava Bazasıdır.
Amerikanın İtaliyada 44, Türkiyədə 9, Yaponiyada 120, Cənubi Koreyada 70-dən çox bazası var.
Qətərin “Əl-Udeid” Hərbi Hava Bazası ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) əsas qərargahıdır və 10 mindən çox hərbçi qəbul edə bilir.
Amerikanın 5-ci Donanmasının qərargahı Bəhreyndə yerləşir.
ABŞ-nin bölgədəki ən böyük logistik mərkəzlərindən biri Küveytdədir. Eyni zamanda, BƏƏ, İordaniya, İraq və Suriyanın şimalında müxtəlif hərbi düşərgələri var. Bu bazalar Belçikadan Cibutiyə, Yunanıstandan Niderlanda qədər dünyanın müxtəlif ölkələrini əhatə edir.
Bu bazalardakı hərbi qulluqçuların sayı 180 min civarındadır, onlardan 60-70 mini Yaxın Şərqdədir. ABŞ Müdafiə Nazirliyinin məlumatlarına görə, mövcud bazaların tutumu ehtiyacdan 21% çoxdur. Pentaqonun məlumatlarına görəsə bazalardakı infrastrukturun 30%-i zəif və ya çökməkdədir.
“Politfm”



