Uşaqların rəqəmsal məkanda təhlükəsizliyinin təmin edilməsi və sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqilə bağlı Prezident İlham Əliyevin fərmanı Azərbaycanın rəqəmsal suverenlik və sosial mühafizə siyasətində yeni bir mərhələdir.

Tənzimləmə siyasəti əsasən bu istiqamətlərdə nəzarəti əhatə edir:

– məzmunun filtrlənməsi, yaşa uyğun olmayan video və reklamların bloklanması;
– şəxsiyyətin təsdiqi vasitəsilə platformalardan qeydiyyat zamanı daha ciddi yaş yoxlanışı mexanizmlərinin tələb edilməsi;
– valideyn nəzarəti tələbiylə rəqəmsal platformaların valideynlərçün daha geniş monitorinq imkanları təqdim etməyə məcbur edilməsi.

Beynəlxalq təcrübə

Sosial media alqoritmləri istifadəçini platformada daha çox saxlamaq üçün dizayn edilib. Bu, böyüklər üçün asılılıq yaratsa da, uşaqlar üçün daha ağır nəticələrə gətirib çıxarır – qeyri-etik məzmunla tanışlığa, kiberbullinqə (onlayn zorakılığa), erkən radikallaşmaya və diqqət dağınıqlığına səbəb olur.

Psixoloqlar qeyd edirlər ki, uşaq beyni dopamin dövranını idarə etməkdə çətinlik çəkir. Sosial şəbəkələrdəki “like” sistemi və sonsuz sürüşdürmələr uşaqlarda real həyatdan qopma və depressiya riskini artırır.

Bir çox inkişaf etmiş ölkə sosial medianın “vəhşi qərb” dövrünün bitdiyini qəbul edərək sərt qanunlar qəbul edir. “Rəqəmsal təhlükəsizlik zirehi” kimi bilinən konsepsiyasının 3 modeli – Avropa, ABŞ və Asiya vriantları var.

Avropa İttifaqının yanaşması: hüquqi tənzimləmə və şəffaflıq

Avropa İttifaqının qəbul etdiyi Rəqəmsal Xidmətlər Aktı (DSA) bu sahədə ən sərt və əhatəli qanunvericilik hesab olunur. Avropa modeli uşağı həm də bir “istehlakçı” kimi qoruyur. Bu qanun texnoloji platformalara azyaşlıların davranışlarını izləyib onlara hədəflənmiş reklamlar göstərməyi qadağan edir. Eyni zamanda, alqoritmlər elə qurulmalıdır ki, uşaqlar zərərli məzmuna “təsadüfən” rast gəlməsinlər.

ABŞ: ştatlar səviyyəsində sərtləşdirmə

ABŞ-də federal səviyyədə COPPA qanunu mövcud olsa da, son illərdə ayrı-ayrı ştatlar, məsələn, Florida və Yuta daha radikal addımlar atmağa başlayıb. Florida modelinə görə, 14 yaşından kiçik uşaqların sosial media hesabı açması qanunla qadağan edilir. Bu yanaşma sosial medianın inkişaf üçün tamamilə “yetişkin platforma” olduğu fəlsəfəsinə söykənir.

Böyük Britaniya: şirkətlərin birbaşa məsuliyyəti

Britaniyanın Onlayn Təhlükəsizlik Aktı birbaşa texnologiya şirkətlərinin rəhbərliyini hədəf alır. Əgər bir platforma uşaqları kiberbullinqdən və ya zərərli trendlərdən qoruya bilmirsə, həmin şirkət illik dövriyyəsinin 10%-nə bərabər məbləğdə cərimələnə bilər. Bu, dövlətin platformalar üzərində iqtisadi rıçaqlarından istifadə etməsi nümunəsidir.

Fransanın “rəqəmsal yetkinlik” konsepsiyası

Fransada tətbiq edilən modeldə rəqəmsal yetkinlik yaşı 15 olaraq müəyyən edilib. 15 yaşına qədər olan yeniyetmələr yalnız valideynlərinin rəqəmsal razılığıyla qeydiyyatdan keçə bilərlər. Bu sistem valideynləri uşaqların onlayn həyatında birbaşa hüquqi tərəfdaşa çevirir.

Çin: zaman və məzmun məhdudiyyəti

Çin ən sərt “gənclik rejimi” tətbiq edən ölkədir. Burada söhbət təkcə yaşdan yox, həm də vaxtdan gedir. Məsələn, uşaqların gecə saatlarında onlayn oyun oynaması və ya sosial şəbəkələrdə gündəlik müəyyən edilmiş limitdən (çox vaxt 40-60 dəqiqə) artıq vaxt keçirməsi texniki olaraq bloklanır.

Bəs Azərbaycana hansı model uyğundur?

Ekspertlərin qənaətinə görə, Azərbaycanın sosial-mədəni mühitinə, rəqəmsal infrastrukturunun inkişaf səviyyəsinə və ailə institutu ənənələrinə uyğun vahid bir model yoxdur, bir neçə uğurlu beynəlxalq təcrübəyə istinadən hibrid model tətbiq etmək daha effektiv görünür.

Azərbaycan üçün ən işlək modelin Fransanın “valideyn icazəsi” sistemiylə Böyük Britaniyanın “korporativ məsuliyyət” mexanizminin birləşməsi ola bilər.

Ailə bağları güclü olan bir ölkədə dövlət uşaqla platforma arasında ayırıcı olmaya da bilər, bu prosesdə “nəzarətçi” funksiyasını valideylərin isra etməsi kifayət qədər realdır.

16 yaşdan kiçik uşaqların hər hansı platformada qeydiyyatı üçün “asan imza” və ya bənzər rəqəmsal identifikasiya vasitəsilə valideynin təsdiqi tələb oluna bilər.

Azərbaycan kiçik bazar olduğu üçün sosial platformalar yerli qaydaları diqqətə almaya bilər. Britaniyanın sərt cərimə və məsuliyyət mexanizminin tətbiqi onları Azərbaycan dilində olan zərərli məzmunu daha sürətlə filtrləməyə məcbur edər.

Amma Çin modelindəki kəskin vaxt məhdudiyyəti cəmiyyətdə “internet azadlığının məhdudlaşdırılması” kimi qəbul edilə bilər. Ona görə də ekspertlər texniki qadağalardan daha çox, maarifləndirmə siyasətinə üstünlük verilməsini – ibtidai siniflərdən etibarən “kiber-gigiyena” fənninin tədris olunmasını, uşaqlar üçün təhlükəsiz yerli resursların (məsələn, “YouTube Kids”-in yerli analoqunun) yaradılmasını tövsiyə edirlər.

Ekspertlər həmçinin qeyd edirlər ki, Azərbaycanda yeniyetmələrin texnoloji çeviklik səviyyəsi yüksəkdir və hər hansı texniki qadağadan asanlıqla (məsələn, VPN vasitəsilə) yan keçə bilərlər. Amma hüquqi tənzimləmə + valideyn nəzarəti + təhsil üçbucağı onların onlayn mühitdəki davranışını tənzimləməyə imkan verir.
Gözlənilən çətinliklər

Platformaların istifadəçi yaşını hansı üsulla – biometrik, yoxsa sənəd əsaslı varaintda yoxlaması qlobal müzakirə mövzusudur.
Digər tərəfdən, keyfiyyətli yerli uşaq kontenti – animasiyalar və maarifləndirici oyunlar az olarsa, zərərli xarici kontenti bloklanması rəqəmsal boşluq yarada bilər.

Rəqəmsal infrastruktur və vahid giriş sistemi

Ekspertlər xəbərdarlıq edirlər ki, hibrid modelin kağız üzərində qalmaması üçün dövlət və texnoloji platformalar arasında inteqrasiya olunmuş bir ekosistem qurulmalıdır.

Azərbaycanın mövcud “digital login” (vahid giriş sistemi) və ya “asan imza” texnologiyası sosial şəbəkələrin qeydiyyat pəncərəsinə inteqrasiya edilə bilər və uşaq sosial şəbəkədə qeydiyyatdan keçmək istədikdə, sistem avtomatik olaraq, məsələn, “myGov” vasitəsilə valideynin rəqəmsal kabinetinə sorğu göndərər.

Beləliklə, uşağın hesabı valideyn bildirişi təsdiqlədikdən sonra aktivləşər və bu, yaşı çox göstərməyin qarşısını alar.
Platformaların hər kəsdən şəxsiyyət vəsiqəsi tələb etməsi məxfilik qanunlarına zidd ola bildiyi üçün bu problemi həll etmək üçün biometrik analiz texnologiyasından istifadə olunur.

Kamera vasitəsilə istifadəçinin üz cizgiləri analiz edilir və süni intellekt 1-2 il xətayla onun yaşını müəyyən edir.
Sistem istifadəçinin azyaşlı olduğunu müəyyən edərsə, avtomatik olaraq “uşaq rejimi”ni (“safe mode”) aktivləşdirir.

Zərərli domenlərin filtrlənməsi

Uşaqlara uyğun olmayan məzmunu filtrləmək üçün Britaniya modelində olduğu kimi, ölkənin internet girişi nöqtələrində (ISP səviyyəsində) zərərli domenlərin və açar sözlərin filtrasiyası gücləndirilə bilər.

Bu zaman qara siyahıya salınmış (məsələn, narkotik təşviqi və ya zorakılıq ehtiva edən) həştəqlər və videolar real vaxt rejimində skan edilərək yerli IP-lər üçün əlçatmaz edilir.
API səviyyəsində əməkdaşlıq

“Meta”, “TikTok”, “Google” kimi böyük texnologiya şirkətləri Azərbaycan hökumətiylə xüsusi API (Application Programming Interface) əlaqəsi qurmalıdır. Uşaqlar üçün reklam hədəfləmələri bu interfeys vasitəsilə yerli qanunvericiliyin tələblərinə uyğun olaraq tamamilə söndürülür.

Eyni zamanda, alqoritmlər azyaşlılara yalnız təhsil və inkişaf yönümlü kontentləri “tövsiyə” etməyə proqramlaşdırılır. Bu infrastrukturun qurulması təkcə qadağalarla bağlı deyil, həm də dövlətin rəqəmsal məkanda öz vətəndaşını tanıması və qoruması deməkdir.

Fərdi məlumatların mühafizəsi və rəqəmsal məxfilik strategiyası

Sosial şəbəkələrdə yaş məhdudiyyətinin tətbiqi qaçılmaz olaraq istifadəçilərin identifikasiyası məsələsini gündəmə gətirir. Amma bu proses uşaqların və valideynlərin şəxsi həyatına müdaxilə etmədən, beynəlxalq GDPR (Ümumi Məlumat Mühafizəsi Reqlamenti) standartlarına uyğun həyata keçirilməlidir. Azərbaycan üçün bu istiqamətdə ən effektiv yanaşma “məlumatsız təsdiq” (“Zero-Knowledge Proof”) texnologiyasıdır.

Yaşın anonim təsdiqi sistemi

Əsas məqsəd platformanın uşağın kim olduğunu (adını, soyadını, ünvanını) bilməsi deyil, sadəcə onun müəyyən yaş həddindən yuxarı və ya aşağı olduğunu öyrənməsidir. Texniki olaraq bu, dövlət reyestri və sosial şəbəkə arasında bir “etibarlı qapı” vasitəsilə həll edilir. Sosial şəbəkə dövlət sisteminə sorğu göndərir, dövlət sistemi isə şəxsi məlumatları paylaşmadan yalnız “Bəli, bu şəxsin 16 yaşı tamam olmayıb” cavabını qaytarır. Beləliklə, uşağın biometrik və ya sənəd məlumatları texnoloji şirkətlərin serverlərinə ötürülmür.

Məlumatların minimallaşdırılması prinsipləri

Platformalar uşaqlardan yalnız xidmətin göstərilməsi üçün zəruri olan məlumatları toplamaq hüququna malik olmalıdırlar. Məsələn, bir oyun tətbiqi uşağın yerləşdiyi dəqiq koordinatları (GPS) və ya kontakt siyahısını tələb edə bilməz. Yeni fərman çərçivəsində tətbiq ediləcək nəzarət mexanizmi bu cür “izafi məlumat toplama” hallarını kiber-cinayət və ya hüquq pozuntusu kimi tanımalıdır.

Alqoritmik şəffaflıq və profilləşdirmə qadağası

Uşaqların rəqəmsal məxfiliyinin ən böyük düşməni “davranış profilləşdirilməsi”dir. Bu, süni intellektin uşağın maraqlarını izləyərək ona asılılıq yaradan videolar təklif etməsidir. Effektiv model uşaqların onlayn fəaliyyəti əsasında onların “rəqəmsal kölgəsi”nin yaradılmasını qadağan edir. Yəni sistem uşağın nəyə baxdığını yadda saxlamamalı və bu məlumatı reklamçılara satmamalıdır.

Valideynin “unudulmaq hüququ”

Texniki infrastruktur valideynlərə övladlarının onlayn izlərini istənilən vaxt silmək imkanı tanımalıdır. Əgər bir uşaq 13 yaşında səhvən bir məlumat paylaşıbsa, ya valideyninin, ya da yetkinlik yaşına çatandan sonra özünün həmin məlumatı platforma serverlərindən tamamilə silməsinə icazə (unudulmaq hüququ – “right to be forgotten”) tələb edə bilməlidir.

Rəqəmsal təhlükəsizlik və məxfilik arasındakı balans Azərbaycanın bu islahatda uğur qazanmasının açarıdır. Əgər sistem istifadəçilərə “izlənilirik” qorxusu yox, “qorunuruq” hissi aşılaya bilsə, cəmiyyət bu texnoloji yeniliyi daha tez mənimsəyər.

Hüquqi sanksiyalar və məsuliyyət mexanizmləri

Uşaqların zərərli onlayn məzmundan qorunması barədə fərmanın icrası yalnız texniki həllərlə yox, həm də ciddi hüquqi sanksiyalarla dəstəklənməlidir. Beynəlxalq təcrübə göstərir ki, texnologiya nəhəngləri ancaq iqtisadi itki riskiylə üzləşdikdə yerli qanunvericiliyə tam əməl edirlər.
Ekspertlər bu istiqamətdə aşağıdakı sanksiya pillələrini effektiv hesab edirlər.

İqtisadi sanksiyalar

Ən effektiv vasitə platformanın qlobal və ya yerli dövriyyəsinə bağlı olan faizli cərimələrdir. Əgər bir sosial şəbəkə uşaqların yaşını yoxlamaqdan imtina edərsə və ya zərərli alqoritmləri dayandırmazsa, ona qarşı sabit məbləğli cərimə deyil, gəlirin müəyyən faizi həcmində sanksiya tətbiq edilməlidir. Bu, şirkətin cəriməni “sadə bir xərc” kimi görüb fəaliyyətinə davam etməsinin qarşısını alır.

Alqoritmik məsuliyyət və reytinq qorxusu

Hüquqi tənzimləmə çərçivəsinə “qəsdən zərərli kontent təşviqi” anlayışı gətirilməlidir. Əgər süni intellekt alqoritmi uşağa sistematik olaraq intihar, narkotik və ya zorakılıq videoları təklif edirsə, bu, texniki xəta yox, hüquq pozuntusu hesab olunmalıdır. Belə hallarda dövlət həmin platformanın ölkə ərazisindəki reklam fəaliyyətini məhdudlaşdıra və ya onun nüfuz reytinqini aşağı salan rəsmi bəyanatlar yaya bilər.

Müvəqqəti məhdudlaşdırma və “sarı vərəqə” sistemi

Sanksiyalar dərhal bloklama şəklində yox, mərhələli tətbiq olunmalıdır. İlk mərhələdə xəbərdarlıq, ikinci mərhələdə maliyyə cəriməsi, üçüncü mərhələdə isə platformanın canlı yayım və ya ödənişli xidmətlər kimi müəyyən funksiyalarının müvəqqəti dayandırılması nəzərdə tutula bilər. Bu, dialoq tərəfdarı olan bir hüquqi mühit yaradır.

Vəzifəli şəxslərin fərdi məsuliyyəti

Böyük Britaniya modelində olduğu kimi, Azərbaycanda da platformanın yerli nümayəndəliyinin rəhbər şəxsləri uşaqların mühafizəsi qaydalarının kobud pozulmasına görə fərdi məsuliyyət daşımalıdırlar. Bu, şirkətlərin yerli qanunlara daha həssas yanaşmasını təmin edir və “Biz xaricdən idarə olunuruq” bəhanəsini aradan qaldırır.

Şikayət portalı və vətəndaş nəzarəti

Hüquqi mexanizmin bir hissəsi olaraq valideynlər üçün sadələşdirilmiş onlayn şikayət xətti yaradılmalıdır. Əgər valideyn övladının qarşısına çıxan zərərli məzmun barədə platformaya müraciət edib 24 saat ərzində cavab almasa, həmin müraciət birbaşa dövlət tənzimləyicisinə (məsələn, İKTA və ya müvafiq nazirliyə) ötürülməli və sanksiya prosesi başlamalıdır.

Bir məqamı da unutmaq olmaz ki, sanksiyaların əsas məqsədi platformaları bağlamaq yox, onları uşaqlar üçün təhlükəsiz rəqəmsal parklara çevirmək olmalıdır. Sərt, amma ədalətli hüquqi çərçivə Azərbaycanda rəqəmsal etikanın formalaşmasına kömək edər.

“Politfm”