24 fevral 2022-ci il səhəri Kiyev üzərində partlayan raketlər təkcə bir ölkənin sərhədlərini deyil, İkinci dünya müharibəsindən sonra qurulmuş qlobal təhlükəsizlik arxitekturasını da darmadağın etdi.

Bu gün müharibənin dördüncü ili tamam olur və biz artıq sadəcə bir regional münaqişəni yox, ABŞ-nin yeni rəhbərliyi altında formalaşan tamamilə fərqli bir geosiyasi reallığı müzakirə edirik.

Qanlı statistika

Döyüşlərin davam etdiyi 4 il hər iki ölkədə demoqrafik fəlakətə səbəb olub.

Rusiyanın təxminən 1 milyon 200 min nəfər (ölü və ağır yaralı) itki verdiyi bildirilir. Bu, ölkədə bir neçə nəslin hərbi baxımdan sıradan çıxması deməkdir.
Bu qədər böyük itkilərə rəğmən Rusiya qoşunları döyüş meydanında çox yavaş irəliləyirlər. Məsələn, Pokrovska hücum zamanı onlar gündə orta hesabla cəmi 70 metr irəliləyiblər. Bu, Birinci dünya müharibəsindəki məşhur və qanlı Somma döyüşü də daxil olmaqla, ötən əsrin ən ləng hücum kampaniyalarından daha yavaşdır. 12 il ərzində (2014-cü ildən bu yana) Ukrayna ərazisinin 20%-ni işğal etmiş Rusiya ordusu 2024-cü ilin əvvəlindən bəri bu ölkənin 1,5 faizindən də hissəsini ələ keçiriblər.

Ukrayna 4 il ərzində 500 mindən çox hərbçi və onminlərlə mülki vətəndaş itirib, əhalisinin təxminən 20%-i qaşqın düşüb, infrastrukturuna milyardlarla dollar zərər dəyib.


Putin Ukraynaya niyə hücum etdi?

Vladimir Putin qonşu ölkəyə hücum qərarını “NATO-nun şərqə doğru genişlənməsi” və “Ukraynanın silahsızlaşdırılması” kimi arqumentlərlə əsaslandırsa da, əsas məqsəd Ukraynanın suverenliyini tamamilə aradan qaldırmaq və Rusiyanın təsir dairəsinə qaytarmaq idi. Kreml Ukraynanın Qərbə inteqrasiyasını özünün “qırmızı xətti” hesab edirdi. Amma Ukrayna ərazisində başlayan müharibə NATO-nun daha da genişlənməsinə (Finlandiya və İsveçin də alyansa üzv qəbul edilməsinə) və Ukraynanın milli kimliyi möhkəmlənməsinə gətirib çıxardı.

Müharibənin ilk həftələrində Qərb paytaxtlarında panika hökm sürürdü. Bir çoxları Kiyevin 72 saat ırzində təslim olacağını proqnozlaşdırırdılar. Amma Ukrayna ordusunun gözlənilməz müqaviməti Qərbi məcbur etdi ki, “ehtiyatlı dəstək” strategiyasını “aktiv silahlandırmayla” əvəz etsin.

İlk mərhələdə yalnız tank əleyhinə “Javelin” və NLAW kimi müdafiə silahları verildi.
İkinci mərhələdə cəbhənin taleyini dəyişən HIMARS raketləri və M777 haubitsaları dövriyyəyə girdi.

Üçüncü və dördüncü illərdə isə artıq “Patriot” hava hücumundan müdafiə sistemləri, “Leopard 2”, “Abrams” tankları və nəhayət, Ukrayna səmasını qoruyan F-16 qırıcıları döyüş meydanının ayrılmaz hissəsinə çevrildi. ABŞ və Avropa İttifaqının toplam maliyyə dəstəyi 370 milyard dolları keçərək tarixin ən böyük yardım paketlərindən biri oldu.

ABŞ-nin mövqeyində tektonik sürüşmə

2025-ci ilin əvvəlində Donald Trampın yenidən Ağ Evə qayıtması müharibənin gedişatında ən kəskin dönüş nöqtəsi oldu. Tramp administrasiyası Co Baydenin Ukraynaya “nə qədər lazımdırsa, o qədər dəstək” siyasətini “nəticəyönümlü sövdələşmə” ilə əvəz etdi.

Trampın təkidilə başladılan danışıqlar Ukrayna üçün ağrılı şərtləri gündəmə gətirdi. Stiv Uitkof və Cared Kuşnerin rəhbərliyilə hazırlanan 28 bəndlik sülh planında aşağıdakı tələblər yer aldı:

1. cəbhə xəttinin dondurulması – mövcud mövqelər üzrə atəşkəs elan edilməsi;
2. NATO-ya üzvlüyün təxirə salınması – Ukraynanın ən azı 20 il ərzində NATO-ya qəbul edilməməsi;
3. hərbsizləşdirilmiş ərazinin – cəbhə boyu beynəlxalq nəzarətdə olacaq tampon zonanın yaradılması.

Bu plan Kiyevdə təslimçilik kimi qarşılansa da, Vaşinqtonun “yardımı kəsərik” təzyiqi Ukraynanı masaya oturmağa məcbur etdi.

Ukraynanı ciddi güzəştlərə məcbur etməyə çalışan Trampın Rusiyaya qarşı yumşaq mövqeyi Putinə şəxsi rəğbəti və hətta xüsusi yaxınlığı kimi qiymətləndirildi. 2025-ci ilin sonundakı Tramp-Putin görüşü bu qənaəti möhkəmləndirdi. Amma Amerika prezidentinin Rusiya yönümlü siyasətini “realpolitik” seçim və iqtisadi praqmatizm hesab edənlər də var. Onların fikrincə, Tramp Rusiyanı tərəfdaşlığa sövq etməklə ondan Çinə qarşı istifadə etməyi, Rusiyanın enerji resurslarını ABŞ-ın müəyyən etdiyi şərtlərlə yenidən dünya bazarına çıxarmağı və Rusiyada müharibədən sonrakı bərpa işlərində Amerika şirkətlərinin də iştirakını planlarşdırır.

İqtisadi müharibə: sanksiyalar

Müharibənin davam etdiyi 4 il ərzində Avropa İttifaqı və ABŞ Rusiyaya 15 mindən çox sanksiya tətbiq etdi, ölkə qlobal maliyyə sistemindən (SWIFT) təcrid olundu, Mərkəzi Bankın ehtiyatları donduruldu.

Amma Rusiya iqtisadiyyatı hərbi “relslər” üzərinə keçərək və Çin, Hindistan kimi ölkələrlə ticarət əlaqələrini genişlədərək iqtisadi kollapsdan qurtula bildi. Bu, sanksiyaların effektivliyilə bağlı Qərbdə ciddi polemikalara yol açdı.

Müharibənin başlanğıcında Qərbin sanksiyaları Rusiyanı “iqtisadi baxımdan diz çökdürmək” məqsədi güdürdüsə, 2026-cı ilin fevral ayına olan mənzərə göstərir ki, bu proses daha uzunmüddətli, lakin daha dərindən dağıdan xarakter alıb.

Enerji sektorunda “gizli çöküş”

Enerji sanksiyaları Rusiyanın əsas gəlir mənbəyini hədəf alsa da, Moskva “kölgə donanması” vasitəsilə uzun müddət bu məhdudiyyətlərdən yan keçə bildi. Ancaq 2025-ci ilin sonunda və 2026-cı ilin əvvəlində vəziyyət dəyişdi.

2025-ci ilin oktyabrında Tramp administrasiyası gözlənilməz bir addım ataraq Rusiyanın iki nəhəng şirkətinə – “Rosneft”ə və “Lukoil”-a birbaşa sanksiyalar tətbiq etdi. Bu, Hindistan və Çin emal zavodlarının Rusiya neftindən imtina etməsinə səbəb oldu.
2026-cı ilin ilk ayının statistikasına görə, Rusiyanın qalıq yanacaq ixracından gəliri müharibədən əvvəlki dövrlə müqayisədə 27% azalıb. Hazırda “Urals” markalı neft “Brent” markalı neftdən orta hesabla 10 dollar ucuz satılır.

Texnoloji deqradasiya

Sanksiyaların dərhal görünməyən, amma ən ağır təsiri texnoloji sahədədir. Rusiya hazırda daha çox silah istehsal edir, amma bu silahların keyfiyyəti getdikcə daha çox aşağı düşür. Çünki bu ölkə müasir raketlər və dronlar üçün lazım olan mikrosxemlərin 80%-ini əvvəllər Qərbdən alırdı, indi isə gizli şəkildə Çindən gətizdirməyə və ya məişət cihazlarının mikrosxemlərindən istifadə etməyə məcburdur. Ehtiyat hissələrinin qıtlığı ucbatından mülki aviasiya parkının yarısında artıq “parçalara ayırma” (kannibalizasiya) prosesi başlayıb.

Hərbi iqtisadiyyat tələsi

2023-2024-cü illərdə Rusiya ÜDM-nin (Ümumi Daxili Məhsul) artması bir çoxlarını sanksiyaların işləmədiyinə inandırmışdı. Ancaq bu, “zəhərli” artımdır. Çünki dövlət büdcəsinin 40%-dən çoxu müharibəyə xərclənir; yolların təmiri, təhsil və səhiyyə kimi sahələrdə maliyyə qıtlığı yaşanır. İşçi çatışmazlığı pik həddədir. Təxminən 1-1.5 milyon gənc mütəxəssis ya cəbhədədir, ya da ölkəni tərk edib. Bu, iqtisadiyyatın uzunmüddətli inkişaf potensialını məhv edir.

Mərkəzi Bankın 300 milyard həcmində vəsaitinin dondurulması həm də diplomatik təzyiq vasitəsinə çevrilib. Tramp bu vəsaitlərdən Ukraynanın yenidən qurulmasına sərf ediləcəyi təhdidiylə Putini masaya oturtmağa çalışır. Bu vəsaitlərin geri qaytarılması Rusiya iqtisadiyyatın reanimasiyası üçün yeganə çıxış yoludur.

Nəticə etibarilə sanksiyalar Rusiyanı dərhal çökdürməsə də, onu “geosiyasi ada”ya çevirdi. Mövcud reallıq budur ki, Rusiya iqtisadiyyatı artıq müasir və rəqabətədavamlı bir sistem yox, sadəcə müharibəni qidalandıran nəhəng bir resurs maşınıdır. Sanksiyaların ləğv olunmazsa, növbəti 10 ildə Rusiya texnoloji baxımdan Çindən tam asılı vəziyyətə düşmə riski ilə üz-üzədir.

“Kölgə donanması”na qarşı müharibə

Sanksiya “müharibəsində” Rusiyanın ən böyük “qalxanı” olan “kölgə donanması” (Liberiya, Panama, Marşal adalarının bayraqları altında üzən, istismar müddəti bitmiş 15-20 yaşlı köhnə tankerlər) son dövrə qədər həm Moskvanın dözümlülük rəmzi, həm də Qərbin sanksiya siyasətinin ən böyük boşluğu idi. Amma son bir il ərzində bu sistem ifşa olundu:

– peyk görüntüləri AIS (Avtomatik İdentifikasiya Sistemi) ötürücülərini söndürüb radarlardan itən gəmilərin dənizin ortasında bir-birinə neft ötürdüyünü aşkar etdi;
– onların sığorta sənədlərinin saxtalaşdırıldığı üzə çıxdı.

Tramp administrasiyası “kölgə donanması”na qarşı daha aqressiv bir taktika seçdi – gəmilərin aid olduğu şirkətləri yox, gəmilərin özünü sanksiya siyahısına saldı. Bu, həmin tankerlərin dünyanın hər hansı limanına daxil olmasını və yanacaq doldurmasını əngəllədi. Bundan başqa, ABŞ dənizdə köhnə tankerlərin yaratdığı neft sızması riskini bəhanə edərək bu gəmilərin boğazlarda (xüsusilə Danimarka boğazlarında və Bosforda) ciddi texniki baxışdan keçməsini tələb etdi.

Hazırda “kölgə donanması”nın fəaliyyəti iflic vəziyyətindədir, logistika xərcləri artıb. Neft daşımaq üçün Rusiya indi Çindən daha baha qiymətə gəmi icarəyə götürməli olur, bu da neftin xalis mənfəətini kəskin azaldır.

Hindistan və Çin bankları sanksiya altındakı gəmilərlə göndərilən neftin ödənişini həyata keçirməyə qorxurlar. Bu, Rusiyanın neft anbarlarının dolmasına və bəzi yataqların bağlanmasına gətirib çıxarıb.

Rusiya daxilində “müharibə”

Bütün bunların fonunda hakimiyyət daxili sabitliyi qoruyub saxlamaq üçün totalitar idarəçiliyi ən pik həddə çatdırmağa çalışır. Ölkədə “vintlərin” sıxılması prosesi gedir: müxalif fikir tamamilə boğulur, ölkə hərbi düşərgəyə çevrilib, “dövlətin təhlükəsizliyini sarsıtma” ittihamıyla həbs edilənlərin sayı artmaqdadır. Hətta sistemdaxili müxalifət (məsələn, “Yabloko” partiyası) də tamamilə sıradan çıxarılır.

Rusiyada bu il parlament seçkiləri keçirilməlidir. Putin bu seçkilərdən xalqın hakimiyyətə dəstəyini nümayiş etdirmək və müharibə siyasətinə legitimlik qazandırmaq üçün istifadə etməyə çalışacaq. Kreml elektron səsvermə və üçgünlük səsvermə sistemi vasitəsilə nəticələri tam nəzarətdə saxlamağı planlaşdırır.

İqtisadiyyatın hərbi relslərə keçməsi və yüzminlərlə hərbçinin geri qayıtması cəmiyyətdə gizli bir gərginlik yaratmış olsa da, hələ ki rejim elita daxilində konsensusu saxlaya bilir.

Odla… od arasında

Müharibənin ilk iki ilində Volodimir Zelenskinin reytinqi 90%-dən çox idi. Amma 2025-ci ilin sonundakı rəy sorğuları ona dəstəyinin 20%-ə qədər düşdüyünü göstərirdi. Səbəb cəbhədəki durğunluq, korrupsiya qalmaqalları və Trampın təzyiqilə müzakirə edilən ağır sülh şərtləriydi.

Hazırda onu ukraynalıların 61%-I dəstəkləyir. Trampın “ərazi müqabilində sülh” yanaşması Zelenski hökumətinə radikal millətçi qruplarla Qərbpərəst liberallar arasında seçim məcburiyyəti yaradır. Reytinqi təxminən 19% olan keçmiş baş komandan Valeri Zalujnı və kəşfiyyat rəhbəri Kirill Budanov ona alternativ kimi qiymətləndirilirlər.

Prezident seçkisinin təxirə salınması Vaşinqton və Kiyev arasında ən gərgin müzakirə mövzularından biridir. Tramp administrasiyası bu məsələdən sadəcə demokratiya tələbi kimi yox, həm də Ukrayna rəhbərliyinə effektiv təzyiq vasitəsi kimi istifadə edir.

Tramp və ona yaxın respublikaçılar tez-tez Volodimir Zelenskinin səlahiyyət müddətinin 2024-cü ilin mayında başa çatdığını vurğulayırlar. Onların qənaətinə görə, sülh sazişi kimi taleyüklü sənədlər yalnız “təzələnmiş mandatı” olan bir lider tərəfindən imzalanmalıdır.

Tramp administrasiyası bildirir ki, Amerika vətəndaşlarının ödədiyi vergilər “qeyri-müəyyən müddətə seçkisiz idarə olunan” bir ölkəyə yox, demokratik hesabatlılığı olan bir dövlətə xərclənmlidir. ABŞ-dəki mühafizəkar dairələr iddia edirlər ki, Zelenski hakimiyyətdə qalmaq üçün müharibəni uzadır və hərbi vəziyyəti bəhanə edərək seçkiləri bloklayır.

Kiyev həm təhlükəsizlik, həm də konstitusiya baxımından bu təzyiqləri qəbulolunmaz sayır; xatırladır ki, Ukrayna Konstitusiyası və “Hərbi vəziyyət haqqında” qanun döyüş əməliyyatları dövründə seçkilərin keçirilməsini qadağan edir.

Hökumət həmçinin qeyd edir ki, 6-7 milyon ukraynalının qaçqın düşməsi, milyonlarla seçicinin ölkə daxilində köçkün olması və cəbhədəki hərbçilərin də səs verməsinin qeyri-mümkün olması səsvermə hüququnun bütün seçicilər üçün təmin edilməsini və seçkilərin legitimliyini şübhə altına qoyur. Səsvermə məntəqələrinin Rusiya raketləri üçün asan hədəf olacağı qorxusu isə ən böyük maneədir.

Ukraynanın əsas müttəfiqlərindən olan ABŞ Putinə ciddi ölçüdə təzyiq göstərmək əvəzinə, 4 ildir Rusiyanın işğalına qarşı mübarizə aparan Zelenski hökumətindən seçki tələb edir. Bu baxımdan Zelenskinin Münxen Təhlükəsizlik Konfransında səsləndirdiyi variant (“2 aylıq atəşkəs olsa, seçki keçirərik”) Vaşinqtonun təzyiqlərinə qarşı bir kompromis cəhdi kimi qiymətləndirilir.

Müharibə nə vaxt bitəcək?

Döyüşlərin bitəcəyi tarixi proqnozlaşdırmaq çətin olsa da, əsasən bu üç ssenari ön plana çıxır:

– münaqişə dondurulur (Koreya modeli), hərbi əməliyyatlar sülh sazişi imzalanmadan dayandırılır, onillərlə davam edəcək fasilə yaranır.
– Ukrayna neytrallaşdırılır, iqtisadi baxımdan Qərbə bağlı olsa da, hərbi bloklardan kənarda qalır;
– Avropa “avtonom” müdafiə modelinə keçir, ABŞ-nin uzaqlaşması fonunda öz hərbi gücünü yaratmaq məcburiyyətində qalır.

Tramp və Putinin tez-tez gündəmə gətirdiyi, yuxarıda haqqında bəhs etdiyimiz məlum şərt – Ukraynada prezident seçkilərinin keçirilməsi tələbi də müharibənin bitməsini şərtləndirən amillərdən biri kimi təqdim olunur.

Müharibənin 5-ci ilində vəziyyət belədir – Ukraynanın taleyini təkcə müttəfiqlərin yardımları yox, həm də Vaşinqtonla Moskva arasındakı qlobal bazarlıqların nəticəsi müəyyən edəcək.

“Politfm”