Ana Səhifə Manşet ABŞ SEÇİM QARŞISINDA

ABŞ SEÇİM QARŞISINDA

1

Donald Trampın hakimiyyətə gəlməsindən sonra dəyişmiş siyasi kurs hələ də konkret məcraya yönəlməyib. “Rusiya-Ukrayna müharibəsini bir günə yekunlaşdıracağam” deyən ABŞ prezidenti fəaliyyətinin 100 gününə yarım ay qaldığı indiki tarixdə hələ də köhnə nəğmələri oxumaqda, hər məsələdə sələfi Co Baydeni günahlandırmaqdadır. Amma zaman keçir və Tramp istər-istəməz verdiyi vədləri bu və ya başqa formada həyata keçirməlidir.
Bu günlərdə “The Wall Street Journal” yazır ki, ABŞ prezidenti Donald Trampın müşavirləri arasında Rusiya ilə münasibətlərdə razılıq yoxdur.

Nəşrin yazdığına görə, dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq Trampı inandırmağa çalışırlar ki, o, ehtiyatlı davranmalı və ilk növbədə Moskvanın ərazi tələbləri ilə bağlı daha sərt mövqe tutmalıdır.
Öz növbəsində, son aylarda bir neçə dəfə Rusiyaya səfər etmiş Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff israr edir ki, Moskva müharibəni dayandırmağa hazırdır. “The Wall Street Journal”ın məlumatına görə, Tramp hazırda Vitkoffun mövqeyini dəstəkləyir.
Nəşr qeyd edir ki, ziddiyyətlər, xüsusən də Rusiyanın Sumiyə 30-dan çox insanın ölümünə səbəb olan raket zərbəsindən sonra ortaya çıxıb. Beləliklə, Tramp açıq şəkildə bunu “səhv” elan etdi, Kelloqq raket zərbəsinin “hər bir ədəb xəttini keçdiyini”, Rubio isə bunu “dəhşətli” və “faciəli” adlandırdı.
Eyni zamanda, hətta Rusiyaya qarşı daha sərt mövqedə israr edən Tramp administrasiyasının üzvləri də ABŞ prezidentinin Ukraynadakı müharibəni bitirmək istəyini dəstəkləyirlər.
“Reuters” daha əvvəl yazmışdı ki, Tramp administrasiyasında Rusiyaya fərqli yanaşmaların tərəfdarları var. Agentlik mənbələrə istinadən xəbər verir ki, Vaşinqtonda Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşdən sonra Vitkoff Trampa deyib ki, Rusiyanın Ukraynanın dörd bölgəsinə nəzarət tələbinin yerinə yetirilməsi sülh sazişinin tezliklə bağlanmasına kömək edəcək. Eyni zamanda, Kelloq ABŞ prezidentini inandırmağa çalışıb ki, Ukrayna bu ərazilərlə bağlı bəzi şərtlərlə razılaşmağa hazır olsa da, heç vaxt birtərəfli qaydada onları tamamilə Rusiyaya verməyəcək.
Bu arada Trampın ruhani müşaviri keşiş Mark Börns Ukraynaya səfərindən sonra mövqeyində dönüş edib. “Rusların törətdiyi vəhşilikləri görəndə, burada siyasət arxa plana keçir. Mən Kiyevə, Buçaya getməli oldum, baş verən vəhşilikləri, günahsız insanların öldürüldüyünü, edam edildiyini, 700-ə yaxın dini qurumun qəsdən ruslar tərəfindən hədəf alındığını, Ukraynada itkin düşən 1,3 milyon uşağı nəzərə almasaq, 20 min uşağın qaçırılaraq Rusiyaya deportasiya edildiyini gördüm. Bu mənim baxışımı əhəmiyyətli dərəcədə dəyişdi. İndi mən hesab edirəm ki, Ukraynaya dəstək ilk növbədə Amerikaya dəstəkdir”, – deyə Mark Börns bildirib.
İndi Börns Ukraynaya daha çox tank, döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemlərinin verilməsini tələb edir.
“Reuters” agentliyi öz mənbələrinə istinadən yazır ki, Demokratlar Partiyasından olan konqresmenlər Ukraynaya dəstəyi gücləndirmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsi hazırlayıblar. Qanun layihəsinin müəlliflərindən biri Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində oturan konqresmen Qreq Miksdir. Sənəd, xüsusilə, yenidənqurma işlərində Ukraynaya yardımı, o cümlədən Ukraynanın yenidən qurulması üzrə xüsusi əlaqələndirici vəzifəsinin yaradılmasını nəzərdə tutur.
Qanun layihəsi həmçinin, Kiyevə təhlükəsizlik yardımı, o cümlədən birbaşa kreditlər və hərbi maliyyələşdirmə, Rusiyaya, o cümlədən maliyyə institutlarına, neft və mədən sənayesinə qarşı sərt sanksiyalar və ixrac nəzarətini nəzərdə tutur.
Agentlik qeyd edir ki, hələlik ABŞ Nümayəndələr Palatasına təqdim edilməmiş qanun layihəsi prezident Donald Trampın administrasiyasına Ukrayna tərəfində daha aydın mövqe tutması üçün növbəti təzyiq cəhdidir.
“Reuters”in aydınlaşdırdığı kimi, qanunvericilik təşəbbüsü üzərində iş Rusiyanın Sumıya raket zərbəsi endirməsi və 30-dan çox insanın ölümünə səbəb olması səbəbindən sürətləndirilib. Agentliyin konqresdəki mənbələri hesab edirlər ki, qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasından tam dəstək almasa belə, onun ayrı-ayrı müddəaları Ukrayna ilə bağlı daha geniş qərarlar paketinə daxil edilə bilər.
Aprelin əvvəlində ABŞ Konqresinin yuxarı palatası Rusiyanın sülh danışıqlarından imtina edəcəyi təqdirdə, Respublikaçılar və Demokratlar tərəfindən Rusiya nefti alan ölkələr üçün 500% rüsum da daxil olmaqla, sanksiyaları sərtləşdirən birgə qanun layihəsi hazırlayıb. Respublikaçıların çoxluğa sahib olduğu Senatda hələlik qanun layihəsini nəzərdən keçirilməyib.

DADAŞ ƏHMƏDLİ