AŞPA Bürosu: İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu dərhal azad edilməlidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən dərin narahatlığını ifadə edib və onun dərhal azad olunmasını tələb edib.

Bəyanatda bildirilir ki, İmamoğlu CHP-nin 2028-ci il prezident seçkiləri üçün namizədi elan olunmazdan bir neçə gün əvvəl korrupsiya ittihamı ilə saxlanılıb. Eyni istintaq çərçivəsində yüzlərlə siyasətçi, jurnalist və iş adamı da həbs edilib. Bundan əlavə, İstanbul Universitetinin onun diplomunu ləğv etməsi İmamoğlunun prezidentliyə namizədliyini mümkünsüz edir.

AŞPA bu addımları siyasi motivli hesab edir və Türkiyədə demokratik dəyərlərin pozulduğunu bildirir. Büro hakimiyyətdən İmamoğlunu azad etməyi, ona və digər saxlanılan siyasətçilərə qarşı ittihamları ləğv etməyi, İstanbul Universitetindən isə bu qərarı geri götürməyi tələb edir.

Büro həmçinin Türkiyədəki vəziyyətin daha yaxından izlənilməsi üçün AŞPA-nın nəzarət mexanizmlərini gücləndirəcəyini bəyan edib.