YAXUD, BİZİM MAAŞIMIZ NİYƏ QONŞULARDAN AZDIR?

Azərbaycanda uzun illərdi vətəndaşa “uzaqgörən siyasət” nağılı danışılır, “neft pullarını insan kapitalına çeviririk” təbliğatı aparılır. Amma real yaşam səviyyəsi və rəqəmlər hər dəfə sübut edir ki, analoqsuz tənəzzül idarəçiliyi dövləti və xalqı zəiflətməklə məşğul olub.
Potensial baxımından Azərbaycandan çox geri qalan Gürcüstan və Ermənistan bugün sosial-iqtisadi göstəricilərə görə Azərbaycandan çox önə keçiblər
Bəli, Azərbaycan iqtisadiyyatı Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyük olsa da, orta aylıq əməkhaqqı göstəricisinə görə ölkəmiz Cənubi Qafqazın ən son pilləsində qərarlaşır.

2024-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 593,6 dollar, Ermənistanda 900 dollar, Gürcüstanda isə 753,4 dollar olub. Üstəlik, həm Gürcüstanda, həm də Ermənistanda qiymətlər Azərbaycanla müqayisədə ucuz, əhalinin sosial təminatı daha yaxşıdır. Eyni zamanda hər iki ölkə demokratiyanın, insan haqlarının bəvəziyyətinə görə də Azərbaycanla müqayisə edilməz dərəcədə yol qət ediblər.
Deməli, uzun onilliklərdən sonra bölgənin ən zəngin və nəhəng ölkəsi, bütün parametlər üzrə uduzdurulub və uduzdurulur.
Bu qədər sərvətə, əlverişli coğrafi mövqeyə, münbit torpaqlara sahib olduğumuz halda qonşu ölkələrdən geri qalırıqsa, bu, məqsədli şəkildə edilib.
Korrupsiyalaşmış sistemdə iqtisadiyyatın şaxələnməsi, gəlirlərin məqsədyönlü istifafədəsi, kənd təsərrüafatı siyasəti, sənaye inqilabı, elmi-texnoloji nəaliyyətlər olmur, onların imitasiyası olur.
Diqqət etsək görərik ki, hər il müxtəlif sahələr üzrə Azərbaycanın idxaldan asılığı artır. Qida məhsullarının, texnologiyaların, tikinti məhsullarının, geyim məhsulların və digər tələbat olan məhsulların cüzi hissəsi yerli istehsalın payına düşür. İqtisadi siyasət elə qurulub ki, daxili istehsal, qeyri-neft sektorunun dirçəlməsi prioritet seçilməyib. Bütün sahələr üzrə səlahiyyər sahibi olan adamlar milyonore çevrilib, şəxsi tələbatı ödəyib və ümumi tələbatın ödənməsinə ehtiyac duyulmayıb.
İstənilən normal ölkədə belə vəziyyət yaransaydı, həmin hökumət dərhal istefaya məcbur edilərdi.
Məsələn, 2024-cü ilin yanvar-noyabr aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin analoji dövrünü 54% üstələyərək 28 milyard 179,6 milyon dollar təşkil edib. 11 ayda ixrac 73,9% artaraq 12 milyard 307,8 milyon dollar təşkil edib. 2023-cü ilin sentyabr ayına olan məlumata görə, Ermənistan Rusiyaya idxal etdiyindən 24 faiz çox mal ixrac edir. Çinə, Aİ, BƏƏ-yə mis filizi və digər metallar ixrac edir.
Gürcüstan 2024-cü ilin yanvar-avqust aylarında 219 milyon dollarlıq ferroərintilər, 195 milyon dollarlıq təbii şərablar, 147 milyon dollarlıq metal filizləri və konsentratlar, 112 milyon dollarlıq mineral sular, 81 milyon dollarlıq azot gübrələri, 51,7 milyon dollarlıq elektrik enerjisi və onlarla başqq məhsular ixrac edib ki, ümumilikdə 2 milyard dollarlıq ixracı olub.
Azərbaycanda isə ötən il qeyri-neft ixracı 3 milyard dollar təşkil edib. Təkcə ixracda Ermənistanla 4 dəfəlik fərq yaranıb. Bu, bir hökumətin bütövlükdə istefa verməsi üçün səbəbdir. Vəziyyət o həddə qədər bərbaddır ki, biz Hollandiyayla, Çexiyayla, Baltikayanı ölkələrlə müqayisə aparmalı olduğumuz halda, ən kasıb dövlətlərlə müqayisə aparırıq və bu müqayisədə də məğlub oluruq.
Azərbaycandakı bərbad idarəçiliyi rəqəmlərin diliylə daha geniş əhatə etmək olar. Amma bu qısa nümunələr də sübut edir ki, öıkədə əməkhaqqının aşağı olmağı, qazilərin 80 manata məhkum edilməyi, qiymətlərin hər gün artmağı qlobal tendensiya deyil. Təkcə Gürcüstan və Ermənistan nümunəsi açıq göstərir ki, bu ölkədə indikindən 2-3 dəfə artıq maaş almaq, 2-3 dəfə ucuz mal və xidmətlərdən yararlanmaq və büdcəni indikindən 4-5 dəfə artıq həddə çatdırmaq çox asan imiş.
Sadəcə olaraq ölkədəki hüquqsuzluq, azadlıqların olmamağı, idarəçilikdəki qeyri-şəffaflıq, aşırı korrupsiya, seçki sisteminin məhv edilməsi, nəticədə belə acınacaqlı durum yaradıb. Varlı dövlətin vətəndaşları, kasıb qonşulardakı həyat şəraitinə qiptə edir, müalicə, istirahət, qazanc üçün yad ölkələrə üz tutmağa məcbur olur.
Bir anlıq düşünək ki, əgər son 30 ildə bu ölkəni oğurlamayan, vətəndaşını sevən, dövlətini güclü görmək istəyən bir komanda idarə etsəydi, indi Azərbaycan necə bir cənnətə çevrilə bilərdi.
Bir sözlə, bu qədər səfalət içində yaşamaq, ağır həyat şərtləriylə üz-üzə qalmaq bizim qismətimiz deyil, bir qrup acgözün tamahkarın bizə layiq gördüyüdür.

İqtisadiyyat şöbəsi