Sevinc Vaqifqızının Ombudsman Səbinə Əliyevaya yazdığı açıq məktubu oxuduqdan sonra bir daha əmin oldum; hökumət çox boş və mənasız, gələcək vəd etməyən işlərlə məşğuldur.
- Milyardları olan bir sistem, şəbəkə, zor aparatı şərləyib, zindana atdığı bir jurnalistin gözündən, qələmindən yayınıb, rahat yalan danışa bilmirsə, onda nəyə lazımdır bu tuthatut, vurhavur. Kimin gözünü boyamaq üçün idi bu tozanaq? Özünü dünyanın humnaistləri sırasında təqdim etmək istəyən rejimin dünyaya çıxardığı baş vəkilinə Sevinc deyir- Human Rights Watch” təşkilatına yazdığınız məktubda qeyd edirsiniz ki, Milli Preventiv Qrupun üzvləri “Human Rights Watch”ın hesabatında adı çəkilən bir sıra şəxslərlə görüşlər keçirib və onlara qarşı işgəncə və ya qeyri-insani rəftar hallarına dair heç bir fakt aşkarlanmayıb. Abzasçılar olaraq Milli Preventiv Qrupun üzvləri ilə görüşdə noyabrın 13-də Elnarə Qasımova, noyabrın 14-də Nərgiz Absalamova və bu yazının müəllifinə qarşı zorakı davranış barədə sizə xəbər göndərmişik. Təcridxananın əməkdaşı Şəhla Məmmədovanın Nərgiz Absalamovanı təhqir etdiyini, baş nəzarətçi Əzizə Məmmədovanın onun qolunu nəfəsliyin arasında qoyub əzməsini, nəticədə qolunda yaranan qançır izlərini həkim qeydiyyatına aldırdığını diqqətlərinə çatdırmışıq.
Noyabrın 16-da ailəm və vəkilim qarşılaşdığım qeyri-insani rəftarla bağlı qaynar xəttinizə məlumat versə də, daha sonra mətbuata açıqlama verərək sizə müraciət etdiyimizi danmışdınız.
Dandığınız gerçəkliyin içərisində Ülvi Həsənlinin 6 ay ərzində təcridxanada 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun şirnikləndirməsi ilə otaq yoldaşının onun üzərinə ülgüc çəkməsi faktı da var.- indi gəl, işin içindən çıx. Səbinə Əliyevadan bir cavab gözləməyə dəyərmi? Əlbəttə ki, sual ritorikdir və cavabı bu mətnin mahiyyətindədir. ‘’Azərbaycanda siyasi məhbus yoxdur’’ deyən bir insan haqları müvəkkili həmin siyasi məhbusun iddiasına cavab verə bilərmi? İnsanın özünü dananlar onun problemini etiraf edərlərmi? Etməzlər, ETMƏZSİNİZ!
Oğurluğunuzdan yazanlara ‘’Oğurluq maddəsi‘’ qoyursunuz, əyriliyinizdən yazanlara ‘’əyrilik maddəsi’’. Ancaq fərqində deyilsiniz ki, sizin yapışdırmaq istədiyiniz ittihamlar həbs etdiyiniz jurnalistlərin vicdanda təmizlik, peşədə dürüstlük vəsiqəsidir. Onlar hər kəsi adı ilə çağırdıqları üçün həbsdədirlər, sizin isə adınız xoşunuza gəlmir. Öz fəaliyyətinizlə qazandığınız halal adınız. Əmməllərinizi dəyişmək baha başa gəldiyi üçün asan yolu seçib, jurnalistləri içəri atırsınız. Amma bu sizə kömək edirmi? Necə deyərlər, əvvəl ev içində biabır olurdunuz, indi el içində ifşa olursunuz.
Bu sadə bir ifşa deyil. Dörd divar arasındakı bir jurnalistin, sistemin bağlamaq istədiyi gözün, qandallamaq istədiyi qolun, qırmaq istədiyi qələmin, susdurmaq istədiyi dilin quyunun dibindən gələn əks sədasıdır- ‘’İsgəndərin buynuzu var’’. Sevincin bəhs etdiyi buynuz hər gün bir günahsızı hədəfə alan qanunsuz məhkəmə qərarı və bütün cəmiyyətin kabusuna çevrilmiş polis zorakılığı siyasətinin arxasındakı siyasi iradədir. O siyasi iradə ki, ölkədə bütün azadlıqları yalnız türməyə və tabuta sığdırmaqla məşğuldur. Sevinc xatırladır- ‘’Ombudsman Aparatı yaranandan bu yana azı iki dəfə sizin ofisin qarşısına insan haqları ilə əlaqədar gözübağlı müşahidələrinizə etiraz olaraq tabutlar qoyulub. O vaxt gənc fəallar ümid edirdilər ki, bu etirazlar Ombudsman Aparatını insanlara qarşı zorakılıq hallarına, qanunsuzluqlara daha həssas yanaşmağa vadar edəcək. Amma, görünür, idarəniz yenə ört-basdır siyasətini seçib.’’ Seçməyinə seçib, amma nə örtə bilir, nə də basdıra.
SEYMUR HƏZİ


