Səhv etmirəmsə, 2001-ci il idi. Ramiz Mehdiyevin istefasnı tələb edən Qarabağ Qazilərinin üstünə polis yeridilmişdi. Qəddarlıq pik həddə idi. Bir qazinin protezini çıxarıb, dəyənəklə yarasına döymüşdülər. “Azadlıq” qəzetinin hadisə yerindəki müxbiri bu amansızlığa dözə bilməmiş, ürəyi getmişdi. Bir polis zabiti isə başını qəzet köşkünə soxub ağlayırdı. Amma sistem nə onun göz yaşlarından, nə də dəyənəklə döyülən qazinin bağırtılarından təsirlənib, güc itirmədi. Sanki, xalq üçün ağlayan polislər yoxa çıxdılar.
O zamanın başqa bir dəhşətli hadisəsi, Nardarana birinci basqın idi. Kəndi mühasirəyə almış güc strukturları hər kəsi yoxlayır, demək olar ki, kənar adamları kəndə buraxmır, qorxu mühitini süni şəkildə sərtləşdirirdilər. Kəndə çətinliklə daxil olan Mənsum Bayramov gördüklərini təsvir edəndə hər kəs şoka düşmüşdü. AXCP rəhbərliyi Nardarana getmək qərarı verdi. Deputat qrupu ilə birlikdə Əli Kərimli Nardarana getdi və onların mitiniqində iştirak edərək, kəndin sosial problemlərini dilə gətirdi. Bəyan etdi ki, böyük bir kəndin qaz, su, işıq kimi problemləri dilə gətirməsi, bu inanclı insanları heç bir ölkənin agenti etmir. Daha sonra məlum oldu ki, AXCP rəhbərliyinin bu səfəri kəndi böyük fəlakətdən xilas edib. O zamanki siyasi rəhbərlik bütün qərb diplomatik korpusunu inandırıb ki, Nardaranda İran agenturası kök salıb və orada açıq əməliyyat keçirmək vacibdir. Lakin AXCP rəhbərliyinin səfərindən sonra bu fikir əsassız sayılıb. Hökumətə bəzi nöqtələrdən bildirilib ki, əgər belə olsaydı AXCP oraya getməzdi. Bununla belə Qarabağ Qaziləri İctimai Birliyi və Nardaran açıq hədəf kimi qaldı və biri siyasi, digəri isə əməliyyat mühasirəsinə düşdü.
Daha sonra Naxçıvandakı despotizmin təntənəsi kimi aşura tədbiri bəhanə edilərək, Bənənyar kəndinə basqın edildi. 2009-cu ildə baş verən bu hadisədə, polisin kəndə basqın etməsinə etiraz edən AXCP fəalı həyatını itirdi. Bənənyar nümunəsi bütün Naxçıvana tətbiq edildi. Muxtar Respublikada çayxanalar bağlandı, üç-beş nəfərin bir yerə toplanması cinayət kimi qarşılandı. Naxçıvanın mühasirəsi tam təmin edildi. Öz vətəninə gedən müxailfətçilər ya Naxçıvana buraxılmadılar, ya da döyüldülər, təqib edildilər.
Bunun ardından Nardarana ikinci hücum oldu. 2015-ci ilin noyabırında hansısa naməlum mənşəli əməliyyat tərtib edildi və Nardaran mühasirəyə düşdü. Polislər və mülkü şəxslər həyatını itirdi. Bu əməliyyat bütövlükdə Azərbaycanın yaxın tarixinin ən qanlı və ən müəmmalı əməliyyatı idi.
Gədəbəy rayonunun Söyüdlü kəndində baş verənlər isə tammam ağrılı idi. 2023-cü ildə bir qrup sakin qızıl mədənlərinə etiraz etdilər. Onlar asid turşusunun kəndin yaxınlığında yaradılmış süni gölə axıdılmasını istəmirdilər. Kəndə polis yeridildi, əhaliyə qarşı güc tətbiq edildi. İnsanlar həbs edildi, Söyüdlü hələ də mühasirədədir.
İmişlidə baş verən son hadisə isə hər kəs üçün yaxın tarixdir. Yol polisi maşınla məktəbli uşaqları vuraraq öldürdü. Ardınca yerli əhali etiraz etdi. Amma polis barəsində heç bir tədbir görülmədi, üstəlik etirazçılar cəzalandırıldı. İmişliyə qoşun yeridildi, polis nəzarəti hələ də davam edir.
Nəticə?
Görünən odur ki, motivindən asılı olmayaraq, baş verən bütün kütləvi etirazlar həmin ərazinin mühasirəsi ilə yekunlaşır. Hökumət hesab edir ki, bununla məsələni həll edir. Əslində quru sərhədləri bağlamaqla, xalqın zehnində bir makromühasirə fikrini yaratmağa çalışırlar. Yəni ölkəni bütöv təzyiq altında saxlayırlar. Bununla da hökumətin təzyiq, təhdid və mühasirəyə almağı çıxış yolu kimi gördüyünü deyə bilərik.
Polis rejimi var, amma…
Bütün yuxarıda sadalananlar baş verdikcə, bir xüsusi xətt kəsilmədən davam edib. Bu odur ki, siyasi hakimiyyət hər zaman polisi bu hadisələrin mərkəzi fiquru kimi göstərib və bütün nifrəti ora yönəldib. Bir növ polis siyasi rəhbərliyin ildırımötürəni rolunu oynayıb. Ancaq aydın məsələdir ki, bütün baş verəlnərin icrasında polisin məsuliyyəti nə qədərdirsə, siyasi idarəetmənin də o qədər məsuliyyəti var. Azərbaycanı kənd-kənd, rayon-rayon polis mühasirəsinə almaq, prezident adminstrasiyasının islahatlar paketinə daxildir.
SEYMUR HƏZİ


