Yaxud bu məkrli plan haralara gedə bilərdi?
25 dekabr 2024-cü il tarixində Bakı Qroznı marşurutu ilə uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiya Federasiyasının Qroznı hava limanına enmədən öncə vurulması, sonra təyyarəyə nə Qroznı nə də yaxınlıqdakı hava limanlarına enməyə icazənin verilməməsi, daha sonra Qazaxstanın Aktau hava limanına yönləndirilməsi ilə vətəndaşlarımızın həyatına son qoyan bədbəxt faciənin ətrafında müxtəlif versiyalar səngimək bilmir. Qeyd etmək lazımdır ki, hadisə zamanı xüsusi diqqətçəkən məqamlardan biri həmin vaxt Azərbaycan dövlət başçısının olduğu təyyarənin də Rusiya hava məkanında uçmasıdır (MDB dövlət başçılarının Sankt Peterburq görüşündə iştirak səfəri). Bu təsadüfü bəlkə də öncədən hazırlanmış bəlli bir planın baş tutacağı təqdirdə sonrakı təbliğatın zəruri vəsaiti kimi də dəyərləndirmək olar. Hər bir halda nəzərdən qaçırılmayan və əhəmiyyətli təsadüf kimi qiymətləndirilə bilər. Bu barədə biraz sonra. Amma baş verəcək hadisənin gedişatına nəzarətin itirilməsi ilə “təyyarənin dənizə düşməsi planı” baş tutmadı. Təyyarənin məhz Rusiya hava hücumundan müdafiə bölmələri tərəfindən vurulması ABŞ kəşfiyyatı tərəfindən təstiqləndiyi mətbuatda yer alır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi online brifinq zamanı bunu təsdiqləyib. “Biz təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulma ehtimalını göstərən bəzi ilkin əlamətlər gördük”. Bir anlıq iddia etdiyimiz kimi bu hadisə planda nəzərdə tutulduğu kimi baş tutsaydı Azərbaycanın hazırki geosiyasi gərginlik məngənəsindən, “hansı faciəli yola yuvarlanacağının” üzə çıxacağını iddia etsək heç də az yanılmarıq. Belə ki, baş tutacaq “plan” (təyyarənin dənizə düşməsi) əsasında məntiqi ardıcıllıqla prosesin sonrakı gedişatında Azərbaycanın geosiyasi xətt üzrə istiqamətinin rus mediasının propoqandası ilə süni şəkildə necə yönəldiləcəyini qısaca təhlil edək. Təbii ki, bu aspektdə yaranmış tezis və sualları koordinasiyalı cavablandırmaqla…
Məhz bütün bu faktlara əsasən təyyarəni vurulduqdan sonra onun enməsinə icazənin verilməməsi, vurulmuş təyyarəni Xəzər dənizinə yönəltməklə batırmaq, bununla da izi və sübutları itirməklə bağlı əsaslı suallar meydana çıxır.
Sual 1: İzi və sübutları nə üçün itirmək?
“Plan” üzrə Azərbaycana məxsus olan sərnişin təyyarəsinin Şimali Qafqazda məhz Ukrayna PUA-ları tərəfindən vurulduqdan sonra dənizə düşməsi ilə Rusiya izi itəcəkdir və nəticədə Rusiya mediası vasitəsilə qərbə qarşı propoqandanın aparılmasına start veriləcəkdir. Belə ki, hadisədən dərhal sonra dezinformasiya öz işinə başlamışdır. “Rosaviasiya” Qroznı hava limanında “Azərbaycan Hava Yolları”na məxsus təyyarə enişi zamanı Ukrayna pilotsuz təyyarələrinə hücum cəhdi olduğunu iddia etmişdir. (Rusiya mediası PUA-ları birmənalı olaraq NATO və qərb silahları kimi təqdim edir). Nəticədə təbliğat qərblə onsuz da gərgin vəziyyətdə olan Azərbaycanı Rusiya ilə yaxınlaşdırmalı, bu təbliğatı daxili auditoriyalar üçün milli və dövlət təhlükəsizliyi səviyyəsinə qaldırılmalı, (Öndə qeyd etdiyimiz kimi Azərbaycan dövlət başçısının Rusiya hava məkanında uçduğu vaxtda bu hadisəni baş verməsi təbliğat üçün əla vəsait olmalı idi) sonda müttəfiqlik öhdəlikləri xatırlanmalı, sonda isə əsas məqsədin həyata keçirilmısinə start verilməli idi. Məhz bu hadisədən sonra Ukrayna və Gürcüstan xalqının tərəfini saxlayan həssas Azərbaycan vətəndaşlarını təbliğat vasitəsilə antirus ovqatdan qərb əleyhinə yönəltmək əhəmiyyətli dərəcədə mümkün olacaqdır.
Sual 2: Sübutların itirilməsi kimlərə, nə üçün lazım idi?
Vətəndaş itgisi fonunda davamlı olaraq aparılacaq emosional antiqərb təbliğatı ilə Azərbaycan ərazisində Rusiyanın az bir qisim hərbi kontingentinin “dövlətçilik əleyhinə təhlükəsizlik məqsədilə” yerləşdirilməsini, guya “xalqın istəyi” ilə legitimləşdirmək. beynəlxalq arenada yaranmış mövcud təklənmə vəziyyətində Kreml üçün bundan yaxşı müvəffəqiyyət ola bilməz. Bu kiçik qazanc digər tərəfdən də Kremlin Suriyadakı geostrateji məğlubiyyətini, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycana hərbi qüvvə yerləşdirməklə konpensasiya görüntüsünü yaradacaqdır. Xatırladaq ki, Azərbaycan dövlət başçısının az öncə Rusiya dövlət televiziyasına verdiyi müsahibəsində, Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyacın olmaması qətiyyətlə vurğulamışdır. Plana uyğun olaraq Azərbaycanda rus qoşunlarının yerləşdirilməsi hətta baş tutmasa belə antiqərb təbliğatı üçün tutarlı arqumentlər bazası güclənib möhkəmlənəcəkdir. Bu da ölkə daxilində Azərbaycan avtoritar hakimiyyətinin müəyyən müddət ömrünün uzadılmasına əsaslı şəkildə xidmət edəcəkdir.
XƏZƏR-ATLANTİK ARAŞDIRMALAR MƏRKƏZİ


