Foto: skrinşot

 

 

 

Ukrayna ordusu avqustun 24-nə keçən gecə Rusiyanın Adıgey, Stavropol və Dağıstan regionlarında yerləşən “Ozon” logistika obyektlərinə dron zərbələri endirib.

“Ozon” dövriyyəsinə görə “Wildberries”dən sonra Rusiyanın ikinci ən böyük onlayn ticarət platformasıdır (Reuters).

Adıgeydəki logistika mərkəzi yanıb

Adıgey Respublikasının rəhbəri Murat Kumpilov bildirib ki, gecə saatlarında Taxtamukay rayonuna edilən PUA hücumundan sonra “Ozon” logistika mərkəzinin ərazisində yanğın başlayıb. Anbarın əməkdaşları təxliyə olunub, ölən və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və xilasedicilər cəlb edilib.

Bu mərkəz Krasnodar və Soçi ilə yanaşı, Rusiyanın və MDB ölkələrinin digər ərazilərinə sifarişlərin çatdırılması üçün istifadə olunur.

Şirkət yanğın baş verən mərkəzin fəaliyyətini və ora mal qəbulunu müvəqqəti dayandırıb. Anbarda saxlanılan mallar platformanın satış bölməsindən çıxarılıb, yolda olan yüklər isə başqa logistika mərkəzlərinə yönəldilib.

“Ozon”un Adıgeysk şəhərindəki digər anbarı da PUA hücumu təhlükəsi səbəbindən təxliyə edilib. Şirkətin məlumatına görə, əməkdaşlar xəsarət almayıb, obyekt və orada saxlanılan mallar zərər görməyib. Fövqəladə xidmətlərin işi ilə əlaqədar anbar müvəqqəti bağlanıb.
Nevinnomısskdakı anbar təxliyə olunub

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov PUA hücumunun Nevinnomıssk şəhərinin sənaye zonasına yönəldiyini və hava hücumundan müdafiə qüvvələrinin bir neçə dronu vurduğunu açıqlayıb.

Hücum təhlükəsi ilə əlaqədar şəhərdəki “Ozon” anbarının əməkdaşları təxliyə ediliblər. Şirkətin məlumatına görə, işçilər arasında xəsarət alan olmayıb, obyekt və orada saxlanılan mallar zərər görməyib. Fövqəladə xidmətlərin işi başa çatanadək anbarın fəaliyyəti müvəqqəti dayandırılıb.

Nevinnomısskdakı regional fulfilment mərkəzi ərzaq və qeyri-ərzaq mallarının qəbulu, saxlanılması, çeşidlənməsi, sifarişlərin komplektləşdirilməsi və müştərilərə göndərilməsi üçün istifadə olunur.

Dağıstandakı mərkəzdə bir neçə nəfər xəsarət alıb

Səhər saat 5 radələrində Dağıstanın Kumtorqala rayonundakı “Ozon” logistika mərkəzi PUA hücumuna məruz qalıb. Şirkətin məlumatına görə, əməkdaşlar təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Yaralılara tibbi yardım göstərilib və onların həyatı üçün təhlükə olmadığı açıqlanıb.

Hücumdan sonra anbarda yanğın başlayıb. Mərkəzin fəaliyyəti və mal qəbulu dayandırılıb, yolda olan yüklərin başqa anbarlara yönəldilməsinə başlanılıb.

Bu kompleks Kumtorqala rayonundakı “Tyube” sənaye parkında yerləşir və “Ozon”un Şimali Qafqazdakı ən böyük logistika mərkəzidir. Kompleksin 2025-ci ilin noyabrında istifadəyə verilən birinci mərhələsinin sahəsi 55 min kvadratmetrdir. Bu hissə gündə 180 minədək sifariş emal etmək və 10 milyon məhsul saxlamaq üçün nəzərdə tutulub.

Mərkəzin açılışında Dağıstanın o zamankı rəhbəri Sergey Melikov obyektin federal nəqliyyat magistrallarının yaxınlığında yerləşdiyini və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinə uyğun mövqeyə malik olduğunu bildirmişdi (“RİA Dağıstan”).

“Politfm”