Ana Səhifə Manşet Qazilər Milli Məclisin qarşısında etiraz aksiyası keçirib

Qazilər Milli Məclisin qarşısında etiraz aksiyası keçirib

7

İyulun 13-də bir qrup İkinci Qarabağ müharibəsi iştirakçısı Milli Məclisin qarşısında etiraz aksiyası keçirib. 

İştirakçıların tələbi şikayətlərinə baxılmasıdır.

Aksiyada müharibə iştirakçısı olduğunu deyən Elnur Rüstəmov intiharlara son verilməsi üçün aidiyyatı qurumların addımlar atmağa səsləyib:

“Sabirabadda  iki dəfə intihar hadisəsi baş verib. Biz də bura gəlmişik ki, qazilərin intiharına son verilsin. Bizə də rahat yaşamağa aman versinlər. Artıq bəsdir, bu qədər yetər. Qazilərin maddi durumlarında problemlər var. Mənə əlillik verməkdən imtina ediblər. Yalandan söz verirlər ki, bu gün-sabah, bayramdan sonra. Bayram da qurtardı, amma heç nə təmin olunmadı”.

İyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin önündə “Mauqli” ləqəbli qazi Elvin Cəfərov  özünü yandıraraq intihara cəhd edib.

Elvin Cəfərov 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.

O, iyulun 10-da vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaya gətirilsə də, iyulun 12-də vəfat edib.

İkinci Qarabağ müharibəsindən sonra ölkədə 36 qazi intihar edib. Onlar sosial vəziyyətlərinin ağırlığından və aidiyyatı qurumların müraciətlərinə baxmadığından şikayətləniblər.