Ana Səhifə Manşet Prokuror təcavüzdə ittiham olunan Əsgər Ağazadəyə 7 il həbs istəyib

Prokuror təcavüzdə ittiham olunan Əsgər Ağazadəyə 7 il həbs istəyib

20

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Sənay Yağmura qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadənin məhkəməsi davam edib.

Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. O, Əsgər Ağazadəyə qarşı irəli sürülmüş ittihamların məhkəmə istintaqıyla sübuta yetirildiyini bildirib, müttəhimə 7 il həbs cəzası verilməsini tələb edib.

Zərərçəkmişin nümayəndəsi Zümrüd Yağmur və vəkil Zibeydə Sadıqova məhkəmədə çıxış edib. Onlar prokurorun tələb etdiyi cəzanın azlığından narazı qalıblar.

Sənay Qəhrəmanlının məhkəmədə qanuni nümayəndəsi anası Zümrüd Yağmurdur. O, çıxışında deyib ki, işdə çoxlu ağırlaşdırıcı hallar olsa da, prokuror bunları nəzərə almayıb: “Qarşı tərəf əməlini boynuna almır, peşman deyil, cinayəti planlı şəkildə törədib və sair…”

Zümrüd Yağmur məhkəmədən Əsgər Ağazadəyə ağır cəza verilməsini istəyib.

Sanay Yağmurun vəkili Zibeydə Sadıqova da çıxış edərək təqsirləndirilən şəxsin törətdiyi əməllə müqayisədə dövlət ittihamçısının ona yüngül cəza tələb etdiyini bildirib, məhkəmədən ağır cəza istəyib.

Əsgər Ağazadə isə özünü təqsirli bilmir, ittihamları şər-böhtan adlandırır.

Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva oğlunun günahsız olduğunu, bacısı və onun övladı tərəfindən məqsədli şəkildə böhtana məruz qaldığını iddia edir. Onun sözlərinə görə, məhkəmə zamanı da oğlunun təqsirsizliyi sübuta yetirilib:

“Ekspertiza rəyləri də sübut edir ki, oğluma qarşı ittiham şər-böhtandır. Ekspertin tədqiq etdiyi paltarlarda Əsgər Ağazadəyə aid iz aşkarlanmayıb. Ekspertlər məhkəmədə də həmin rəyləri təsdiqləyiblər”, – Ağayeva belə deyir.

Məhkəmə prosesi iyulun 27-də Ağazadənin vəkillərinin çıxışıyla davam edəcək, ardınca özü son sözünü deyəcək. Bundan sonra hökm elan ediləcək.

Sənay Yağmura qarşı təcavüzdə təqsirləndirilən Əsgər Ağazadə onun xalası oğludur. Əsgər Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 149.2.3 maddəsi ilə ittiham irəli sürülüb. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə məsuliyyətə cəlb edilməyib.

Ötən il məsələ ictimailəşəndən sonra cinayət işini Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib. Əsgər Ağazadə nə ibtidai istintaqda, nə də məhkəmədə özünü təqsirli bilib, xalası qızına cinsi təcavüz etməsi barədə iddiaları rədd edib.

MƏNBƏToplum
Əvvəlki məqaləAzərbaycan ordusunun əsgəri həlak olub
Növbəti məqaləAzərbaycanlı yeniyetmə 6-cı beynəlxalq medalını qazanıb