Nikol Paşinyan Tavuş vilayətində seçkiöncəsi mitinqdə, 31 may 2026 (foto: “azatutyun.am”)
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiyanın son qadağalarından zərər çəkmiş və haqsızlıqla üzləşmiş bizneslərə subsidiya veriləcək (“azatutyun.am”).
O deyib ki, alternativ bazarlara ixrac mövzusunda biznes nümayəndələriylə görüş keçirilib və razılaşmalar əldə edilib: “Bəzən keyfiyyət standartlarına cavab verməyən məhsullar olur. Biz həmin iş adamlarına məhsullarını yeni standartlara uyğunlaşdırmaqda dəstək verəcəyik. Əgər başqalarına qarşı ədalətsizlik olubsa, yəni ixrac edilməli olduğu halda, ixrac olunmayan məhsullar varsa, belələri üçün də dəstək və subsidiya proqramları həyata keçirəcəyik”.
Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya bu ölkənin bir sıra mallarının keyfiyyət standartlarına cavab vermədiyini əsas gətirərək onların öz bazarına girişini məhdudlaşdırıb. Rəsmi Moskva, demək olar ki, hər gün Ermənistana xatırladır ki, ölkə eyni vaxtda həm Avropa İttifaqıyla münasibətlərini dərinləşdirə, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala bilməz.
Aİİ-nin digər üzvləri – Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Rusiya prezidenti Vladimir Putinə qoşularaq Ermənistanı bununla bağlı referendum keçirməyə çağırırlar.
Paşinyan dünənki açıqlamasında deyib ki, Ermənistan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla birlikdə Aİİ-də qalmağa davam edəcək:
“Avrasiya İqtisadi İttifaqında sakit, dinc, əsəbsiz və mübahisəsiz işləməyə davam edəcəyik. Əminəm ki, bu istiqamətdə hələ də potensialımız var və yaxın gələcəkdə bundan yararlanacağıq”.
“Politfm”



