Qarşımda dərdin əydiyi adam əyləşmişdi. İtkinin insanda yaratdığı ağrının ağırlığını tam çılpaqlığı ilə onda gördüm. Ağlamırdı, başını aşağı salıb susmuşdu. Qollarındakı qandalları açıb qızının yasına gətirmişdilər. Elə o sual da istər-istəməz dilimdən qopdu.
– Desəydilər, ya azadlıq, ya Nərgiz, Tofiq bəy?
Barmaqlarını asta, asta masaya vurdu…
– Nərgiz, Nərgiz, Nərgiz…

Əslində Nərgiz onun üçün heç vaxt sağalmayan yaradır, dərdini ürəyinə daş kimi basıb yaşamağı bacaran adam heç kimə minnət etmədən də həyatdan əlini üzüb gedə biləcək gücə də sahibdir. Onun iradəsinin yenilməzliyi də bundadır. Dərdi nə qədər ağır gəlsə də susub, yükünü belində sabitləyib sakitcə addımlayacaq. Onun yükü də dəyərləridir. İnandığı amalıdır. Tofiq Yaqublu əslində hər kəsin özünə aid edə biləcəyi adamdır. Dostunun namərdliyini ona deyə bilərsən, ancaq inandıra bilməzsən, məndən onu necə xarakterizə edə biləcəyimi soruşan olsa cavabım bu olardı.
Kiçik məzarı gənc yaşında dünyadan köçən Nərgizə uyğun gəlmədiyi kimi Tofiq bəyin də dar məhbəs otağı ona uyğun deyil. Nərgizi qurtarmağın, onu xilas edə bilməyin bəlkə də yüz cür ehtimalını düşünən adam övladını da son dəfə elə barmaqlıqlar arxasında görüb.
Dəyərləri uğruna bir səhər səssizcə körpələrini qoyub müharibəyə getməyi doğru hesab edən insan indi də elə səssizcə dünyadan üzünü çevirib getməkdədir. Nə bəraət, nə kimdənsə minnət, nə də kömək istəyir. Qanunsuz həbsini və qolundakı qandalları iradəsi ilə qırmaq istəyir. Ölümün üstünə yeriyən adamı qorxutmaq üçün müqayisədə nə qədər gücsüz olduğunu anlamayan iqtidarımız isə onu yenməyi qanunsuzluqla hansısa hücrəyə qapatmaqda görür. Bu gün səsimin eşidilib-eşidilməyəcəyindən asılı olmayaraq, yazdığımın təsir edib-etməyəcəyini düşünmədən, dəyərləri üçün dirənən Tofiq Yaqublunun qeyd-şərtsiz azadlığını tələb edirəm!

AYTƏN FƏRHADOVA