“QW-12” daşına bilən hava hücumundan müdafiə sistemi sərgidə nümayiş etdirilir (foto:”naukatehnika.com)
Tehran ABŞ və İsraillə hərbi toqquşma nəticəsində zəifləmiş müdafiə imkanlarını bərpa etmək üçün Pekinlə böyük həcmli silah tədarükü müqaviləsi imzalayıb.
“Reuters” agentliyi bu barədə üç mənbəyə istinadən yazıb.
Bildirilir ki, İran Çin istehsalı olan, çiyindən atılan HHM raket kompleksindən (MANPADS) ibarət təxminən 400 ədədə yaxın ilk partiyanı yaxın həftələrdə təhvil almağı planlaşdırır.
Ümumi dəyəri 60-70 milyon dollar aralığında qiymətləndirilən bu satınalma münaqişə başladıqdan bəri Tehranın kiçik mənzilli HHM sistemlərini gücləndirmək üçün planlaşdırdığı ən irimiqyaslı addımlardan biri sayılır.
Mütəxəssislərin fikrincə, aylarla davam edən döyüşlər İranın strateji infrastrukturunu və hərbi obyektlərini müdafiə etmək imkanlarındakı ciddi boşluqları üzə çıxarıb.
Müqavilənin təfərrüatları və tədarük marşrutu
Mənbələr bildirirlər ki, müqavilə “QW-12” və “FN-16” tipli daşınan HHM sistemlərinin idxalını nəzərdə tutur. Saziş İranla Çin arasında vasitəçi rolunu oynayan, Honkonqda yerləşən “Zhongqing Baoshang International Investment” şirkəti vasitəsilə imzalanıb.
İlkin planda silahların Çinin qərbindəki Urumçi şəhərindən hava yolu ilə çıxarılması və Pakistan üzərindən İrana çatdırılması nəzərdə tutulur. Amma tərəflərin daha gizli və təhlükəsiz logistika üçün quru yollarını da araşdırdığı bildirilir.
Tərəflərin reaksiyası
Çin Xarici İşlər Nazirliyi yayılan xəbərləri təkzib edərək bildirib ki, “Bu məlumatlar tamamilə əsassızdır. Çin davamlı olaraq sülhün təşviqində və münaqişənin bitirilməsində rol alır”.
Pakistan ordusu (ISPR) da bəyanat yayaraq bu planda tranzit ölkə kimi iştirak etməsi barədə iddiaları “tamamilə uydurma və yalan” adlandırıb.
İran XİN isə şərh sorğusuna cavab verməyib.
MANPADS sistemlərinin strateji əhəmiyyəti
Son toqquşmalar stasionar hərbi obyektlərin müasir qırıcılardan və dəqiq idarə olunan raketlərdən qorunmasının çətinliyini göstərdi. Hərbi ekspertlər qeyd edirlər ki, çiyindən atılan infraqırmızı tuşlama sistemli raketlər İran üçün mühüm əhəmiyyət kəsb edir.
Stasionar HHM batareyaları ilə müqayisədə bu sistemlərin üstünlüyü ondan ibarətdir ki, sürətlə daşına və yeri dəyişdirilə bilir. Eyni zamanda, çox kiçik hərbi qruplar tərəfindən asanlıqla idarə olunur; PUA-lara helikopterlərə və aşağıdan uçan təyyarələrə qarşı sürətli müdafiə çətiri yaradır.
Vaşinqton iki həftəlik intensiv bombardmanları dayandırsa da, Prezident Donald Tramp danışıqların nəticə verməyəcəyi təqdirdə zərbələrin bərpa olunacağı ilə xəbərdarlıq edib. Bu baxımdan, yüzlərlə yeni MANPADS-ın təhvil verilməsi İranın kiçik mənzilli müdafiə imkanlarını genişləndirməklə yanaşı, Pekin və Tehran arasında dərinləşən hərbi əməkdaşlığı da bir daha nümayiş etdirir.
“Politfm”



