Ana Səhifə Manşet Lavrovun Bakı səfəri: Köhnə niyyət, yeni oyun

Lavrovun Bakı səfəri: Köhnə niyyət, yeni oyun

12

 

Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfəri diqqət mərkəzindədir. Çünki bu səfərdən öncə baş verən bir sıra ziddiyyətli hadisələr var ki, bu diqqəti zəruri edir. Məsələn, Münhen Təhlükəsizlik konfarnsında Azərbaycan dövlət başçısının çıxışı zamanı Moskvanın Vardanyan planını “qılınclaması”.  

Əliyevin çıxışını dinləyən hər kəs sanki bizim diplomatiyamızın və ya dövlət aparatımızın Moskvanın gündəlik təhdidləri altında işlədiyini düşünər. Təbii ki, əgər işin əslini araşdırmağa imkanı yoxdursa. Lakin söhbətin nədən getdiyini bilmək üçün bizim ən yaxın tarixə dair bir sıra istinad nöqtələrimiz var. 2021-ci ilin sonunda Rusiyanın Ukraynaya hücumunun  reallaşacağına dair proqnozlar qətiləşdikcə, Azərbaycan rəhbəri Moskva ilə əlaqələri daha da sıxlaşdırmağa başladı. Məsələ o həddə çatdı ki, 2022-ci ilin 22 fevralında yəni Rusiyanın Ukraynaya təcavüzünə iki gün qalmış Əliyev Putinlə müttəfiqlik sazişi imzaladı. Bu saziş hələ Azərbaycan parlamentində ratifikasiya olunmasa da İlam Əliyev Lavrovla görüşündə onu xatırlamağı hətta il dönümünü qeyd etməyi özünə borc bildi. O belə də deyir: “ Sizin səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib. Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir”.

Diqqət:

Bu bəyannamədən sonra nə baş verdi? Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə “2023- 2024 cü illər üçün məsləhtləşmələr planı” imzalayıb. Yəni biz “müttəfiqlik” bir birimizə “kömək etmək” mərhələsindən  bir birimizə “ağıl vermək” mərhələsinə keçmişik. Çox yaxşı, elə isə ağlına möhtac olduğumuz Rusiyanın xarici siyasəti nədir? Ukraynanı işğal etmək. İranı qızışdırıb, arxayın salıb, Azərbaycanın üstünə salmaq. Brüsseldə və Vaşinqtonda Azərbaycanın maraqları çərçivəsində olan danışıqlar prosesini pozmaq. Vardanyanı Azərbaycan ərazilərinə eksport edib, Azərbaycan üçün yeni problem yaratmaq. Azərbaycanın bu məsləhətləşmələrdə rolu nədir? Sonuncu xaric heç bir məsələyə səs çıxarmamaq. Əslində tək sonuncu yetir ki, Azərbaycan Kremllə bütün münasibətləri soyuq diplomatiya müstəvisinə keçirsin. Rəsmi Bakı bunu niyə etmir? Müttəfiqlik və məsləhətləşmələr haqqında sazişlərə görə ola bilərmi? Ola bilsin ki, kimsə ortaya çıxıb deyə bilər ki, bu sazişlərin elə də önəmi yoxdur? Bu balans saxlamaq üçündür. Amma heç kim də cavab verə bilməz ki, nəyə balans saxlamaq üçündür? Niyə balans saxlamaq üçündür? Məgər, biz hansısa Qərb ölkəsi və ya quruluşu ilə siyasi əməkdaşlıq sahəsində saziş imzalamışıq ki?  Əlbəttə yox, deməli, “balans barədə ballada” heç də yerinə düşmür. Yaxud, Azərbaycanın ötən müddət ərzində özünü bu sazişlərin çərçivəsi xaricində apara bilibmi? Cəmi bircə addım göstərmək olarmı?

Baxaq görək Lavrov nə deyir: “Biz, həmkarım – Azərbaycanın xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramovla daim əyani və indi deyildiyi kimi, onlayn təmaslarda oluruq. Həm də şübhəsiz ki, bizim iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır və bu, son hədd deyil. Çünki Siz Prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz. Bu layihələrə sizin və bizim bir çox tərəfdaşlarımız maraq göstərir. Bu da Rusiya və Azərbaycanın liderlər kimi iştirakı ilə bu regionda qarşılıqlı fəaliyyətin necə perspektivli olduğunu göstərir.” Diqqət iki nöqtəyə. Birincisi, sanksiyalar altında olan Rusiya ilə rekord həddə əmtəə dövriyyəsinə. Yəni biz Rusiyanın Ukraynaya təcavüzündən sonra onunla daha çox ticarət etmişik, onu sanksiyalardan çıxarmağa çalışmışıq. İkinci məsələ isə İlham Əliyevin Putinin regional və qlobal planlarında yer almasıdır. Bu planlar nədən ibarətdir? Görünür, Şərqi Avropanı və Cənubi Qafqazı iki yerə bölməkdən. Bu siyasət indidən açıq görsənməkdədir. Söhbət Macarıstan, Rumınya, Serbiya, Azərbaycan və Gürcüstandan ibarət yeni regional format oyunundan gedir. Prosesi izləməyə davam edəcəyik.

Seymur Həzi