Ana Səhifə Manşet Kremlin Şuşa mesajı: “Sülh olmayacaq”!

Kremlin Şuşa mesajı: “Sülh olmayacaq”!

 

Şuşa ətrafında baş vermiş təxribatdan sonra silahların yenidən dillənməsi adi hadisə deyil. Birincisi, ona görə ki, bura Rusiyanın təsir və cavabdehlik bölgəsdir. İkincisi, ona görə ki, Kreml artıq Avropa Birliyi missiyasının fəaliyyətə başladığına görə Ermənistan Azərbaycan sərhədlərində əliboş qalıb və heç nə edə bilmir. Üçüncüsü, məlum olur ki, necə olmasından asılı olmayaraq, Moskva millətlər müharibəsində maraqldır. Bu isə əbədi müharibənin anonsudur. Kreml burada növbəti Orta Şərq qan bataqlığı yaratmaq istəyir ki, “bir ovuc əzilmiş” də hazır gözləyir. Beləliklə, Şuşa ətrafında baş vermiş və iki hərbçimizin həyatı bahasına başa gəlmiş bu olayın hüquqi və siyasi məsuliyyət arealını, eyni zamanda gələcəyə hansı mesaj olduğunu gözdən keçirək.

 

Qarabağdan imtina

 

Ermənistan parlamentinin spikeri deyib ki, Azərbaycanla bağlanacaq sülh sazişində “Qarabağ”a dair bəndlər olmamalıdır. Bu fikrin arxasında hansı məqsəd dayana bilər? Burada bizim diqqət yetirəcəyimiz iki amil var. Birincisi odur ki, İrəvanda artıq başa düşürlər ki, onlar bu münaqişədə tərəf olaraq qaldıqca Rusiyadan qopa və bununla da Qərbə doğru hərəkət edə bilməyəcəklər. Əslində rəsmən onların olmayan torpaqda yaşayan və Rusiyaya beət edən bir neçə on min erməni əhaliyə görə Ermənistan dövlətini qurban vermək istəmirlər. Bu fikir həm Qarabağdan və demək ki, faktiki olaraq “böyük Ermənistan “ideyasından imtinadır. İkinci məqsəd isə bütün məsuliyyətin Rusiyada olduğu halda Azərbaycana Ermənistana bağlı olmayan, Ermənistanın məsuliyyətində olmayan bir başağrısı verməkdir. Ermənistanın bu prosesdən çəkiləcəyi halda oratada bir Abxaziya və ya Osetiya modeli qalır ki, Moskva asanlıqla “tanıma” haqqında qərar verə bilər. Bel olan halda Rusiya  artıq Ermənistan olmadan da bu münaqişənin hesabına regionda qalmaq imkanını əldə edir. Bununla belə Ermənistan rahat öz yoluna davam etdiyi halda Azərbaycan bir iç qanamalı yara ilə əlləşərək böyümək və dünyaya qoşulmaqdan məhrum olur. Bu baxımdan Şuşa Ətrafında baş verən olay Araik Arutunyanın “danışmağa hazırıq, reinteqrasiyaya əsla” bəyanatının davamıdır. Kreml bu provakasiya ilə demək istəyir ki, ermənilər və azərbaycanlılar heç vaxt bir yerdə yaşaya bilməzlər. Buna görə də onlar ya ayrılmalıdırlar, ya da aralarında kimsə durmalıdır. “Ayrılmaq” məsələsi çətin və qəbuledilməz olduğu üçün arada Rusiyanın vəzifəsi artıq “müqəddəs”ləşməyə başlayır.

Rusiya kimin tərəfindədir?

 

İki ildən artıq bir zamanda 250-dən çox azərbaycanlı hərbi və mülki şəxs imzalanmış “atəşkəs” razılaşması altında həyatını və sağlamlığını itirib. Bu müddət ərzində Rusiyanın qızışdırması nəticəsində Azərbaycan ərazilərinə qanunsuz soxularkən məhv edilən erməni silahlılarının sayı isə dəfələrlə çoxdur. Amma bu müddət ərzində ortada olub sülhü qorumalı olan, özünü bu mərmilərə sipər etməli olan rus sülhməramlılarından birinin də burnu qanamayıb. Bir minaya düşmə hadisəsi istisna olmaqla. Yaxşı, bu necə ola bilər? Məgər, belə sülhyaratma ola bilərmi? Açıq və aydın görünür ki, Rusiya bu məsələdə özünün tərəfindədir və orada həyatını itirənlər onun üçün heç bir əhəmiyyətə malik deyil. Bu itkilər və qurbanlar yalnız Kremlin bölgəmizdə qalmasını təmin edir.

 

Kimin hansı məsuliyyəti var?

 

Əlbəttə, ilk siyasi məsuliyyət heç bir məsləhətləşmə aparmadan, təkbaşına qərarla Rusiyanı Azərbaycana buraxan İlham Əliyevindir. İkincisi, Rusiyanın bölgədəki fəaliyyətinə hələ də qiymət verməmiş Azərbaycan parlamentinin. Fəqət, götürdüyü öhdəlikləri yerinə yetirmədiyi və 9 noyabr üçtərəfli razılaşmanı belə icra etməkdən imtina etdiyi üçün hüquqi məsuliyyət Rusiyanın üzərinə düşür.  Azərbaycan tərəfi tez bir zamanda yüksək səviyyəli təmsilçiliklə Rusiya sülhməramlılarının öz ərazilərindən çıxarılmasına dair təqvim təklif etməlidir. Bunu etmədikcə beynəlxalq birlik Rusiyanı Cəubi Qafqazda saxlamaqda maraqlı olan ölkənin yanında olmayacaq. Yəqin ki, qarşısında olacaq.

 

Seymur Həzi