Ana Səhifə Manşet Kreml üçün “ölüm- qalım” senarisi

Kreml üçün “ölüm- qalım” senarisi

5

“Savaş bitəcək, Rusiya bitəcək”  kimi fikirlər artıq daha çox ağızdan eşidilməkdədir. Bu fikri zaman-zaman biz də səsləndirmişik, amma görünür ki, sözügedən prosesdə zaman faktorunu daha aydın bir tabloda izah etməyə, doğru suallar qoyub, aydın cavablar axtarmağa ehtiyac var. Ukrayna müharibəsi Rusiyanı bitirəcəkmi?

 

Hazırki vəziyyət

İstər təbii olaraq, istər süni şəkildə müharibənin uzanması Kreml üçün acı reallıqlar yaradır. İki yüz mindən çox şəxsi heyyətin bu və ya başqa şəkildə (ölü, yaralı, əsir) sıradan çıxarıldığnı nəzərə alsaq, bunun texnika anlamında nə qədər ciddi ziyan olduğunu hesablamağa gərək qalmır. Bəzi qərb mənbələri bütün arsenalın üçdə birindən çoxunun artıq sıradan çıxdığını deyirlər. Rusiyanın Ukraynanın dərinliklərinə kimi rahatca irəliləyə bilməsi əslində düşünülmüş bir tələ təsiri bağışlayırdı və gün keçdikcə bunun belə olduğu daha güclü ehtimala çevrilir. Görünür ki, Rusiya rahatlıqla “əldə etdiyi” şəhərlərdən ağlagəlməyəcək itkilər verərək geri çəkilir. Bu baxımdan zaman faktoru Rusiya üçün daha çox itki, Ukrayna və müttəfiqlər üçün daha yaxşı hazırlaşmaq deməkdir.  Qərb cəbhəsinin bəzi istisnalarla monolitliyi və bir çox hallarda çaşdırıcılığı Rusiya Qərargahında məlumat kirliliyi yaratmaqla birlikdə daha dıqiq planlar işləməyə imkan vermir. Ən həlledici məqam isə faktiki olaraq Ukraynanın xeyrinədir. Söhbət ondan gedir ki, Ukrayna növbəti əks-hücum kampaniyasına ən yaxşı silahları əldə edərək, Rusiya isə ən yaxşı silahlarını itirmiş halda başlayacaq. Rusiya ordusunun daha döyşkən və öncül birliklərini demək olar ki, ya itirmiş ya da yaralamış halda, Ukrayna isə NATO-da təlim görmüş on minlərlə zabit və gizirlə davam edəcək.

 

Rusiya bitəcəkmi?

Bu suala bir sıra parametrlər üzrə cavab axtaraq.

Rusiyanın müttəfiqləri: “Rusiyanın müttəfqiləri” ifadəsi demək olar ki, yerinə düşmür. Çünki hətta KTMT üzrə Rusiya ilə birlikdə olan ölkələr; Qazağıstan, Qırğızstan, Ermənistan, Tacikstan  Kremlin yanında deyil. Burada yalnız Rusiyanın rudiment əlavəsinə çevrilmiş Belarusdan söhbət gedə bilər. O da dediyimiz kimi rudiment kimi. Yəni Rusiyadan qidalanır, amma heç bir funksional faydası yoxdur. İran kritik mqamlarda verdiyi dron dəstəyi ilə Rusiyaya nəfəs aldırdı, ancaq bu da kardinal dəyişikliklər üçün yetərli və daha dərin nəfəs almaq üşün uzunmüddətli ola bilmədi. Çin isə demək olar ki, bu məsələdə ortalıqda görünmək istəmir. Göründükcə isə Putinə “dayanmaq lazımdır” deyir.

Ukraynaın müttəfiqləri: NATO- bütövlükdə bu ölkənin yanındadır. Üstəlik Ramştayn formatı əlavə dəstəyin təşkili üçün ciddi önəmə sahibdir və söhbət külli mqidarda maddi texniki yardımdan, təlim dəstəyindən, bəzi hallarda könüllülərin dəstəyindən gedir.

Ordunun hazırlığı, kəşfiyyat və texnika baxımından Ukrayna yenə öndədir. Yuxarıda dediyimiz kimi on minlərlə NATO təlimi keçmiş zabitin rəhbərlik etdiyi ordunun qarşısında artıq onlarla generalını, polkovnikini itirmiş, küçədən zorla toplanmış ordu nə edə bilər? İkincilərin sayı dəfələrlə artıq ola bilər, amma önəmli faktor budur ki, Rusiya elitar birləşmələrinin mühüm hissəsini artıq itirmiş sayılır. Yenilərini formalaşdırmaq üçün isə hansısa imkana (kadr və vaxt) sahib deyil. Hətta belə proqnozlar var ki, Rusiya maydan sonra Qafqazdakı cüzi ordularının daha bir hissəsini Ukrayna müharibəsinə cəlb edəcək.

Məqsədin aydınlığı baxımından da Kremlin vəziyyəti daha kritikdir. Ukrayna bütün hazırlıqılarını torpaqlarını azad etmək üçün aparır. Onun apardığı siyasət əvvəldən bir məqsədə xidmət edib. Suveren hüquqların bütün ölkə üzrə bərpası, işğala son qoymaq. Rusiya isə bu məsələdə demək olar ki, qeyri müəyyən, daha doğrusu qeyri-ciddi durumdadır. Əvvəlcə “Ukraynanı faşistlərdən azad etmək” əməliyyatı idi, daha sonra Dombası Rusiyaya “birləşdirmək qərarı” alıb dedilər ki, məqsəd bu idi. Ukrauna Rusiyanln yenicə özünə bitişdirdiyi əraziləri geri aldıqca Kreml beynəlxalq tribunalarda “Ukrayna ərazilərimizi işğal edir” dedi və Lavrovun simasında qəhqələrlə üzləşdi. Daha sonra bir az da geri çıkilib, “məqsədimizə çatdıq” dedilər. Bu zaman Rus əsgəri üçün üfüq yenə dumanlandı- onlara nə lazımdır və nə baş versə savaş bitəcək?

Bu qədər sistemsiz və artıq imtina edilmiş məqsəd uğrundə ümidsiz müharibə nə vaxt bitə bilər? Əlbəttə, bu xaotik (artıq  hibrid v assimmetrik deyil) müqavimət bitincə. Rusiyanın bu müqaviməti isə mahiyyətcə irəliləmək üçün deyil. Əlbəttə, fürsət olsa irəliləyərlər, amma özləri də buna inanmamaqda haqlıdırlar. Beləliklə, şəxsi heyyəti ağır zərbə almış, böyük itkilər vermiş, texnikasının mühüm hissəsini itirmiş, ciddi müttəfiqləri və donorları olmayan, üstəlik əsas məqsədindən imtina etmiş Rusiyanın çöküşü və bitməsi qaçılmazıdır.

 

 

Ukraynanın Rusiyanı geri oturtma əməliyatıının növbəti raundu gözlənilir. İstər NATO, istərsə də Ukrayna rəhbərliyinin verdiyi açıqlamaları diqqətə alsaq görərik ki, qarşıdakı bir ay içində başlayacaq əməliyyat daha 3 ay sürətlə davam edə bilər. Hədəfləri detallı bəlli olmasa da ümumi şəkildə Rusiyanı  Dombas və Krımdan vurub çıxarmağa hesablandığı şübhəsizdir. Belə bir əməliyyat planı öncəsi veriləcək ən maraqlı sual fikrimizcə budur?- Rusiya üçün ən yaxşı və pis senarilər nədən ibarətdir?

Yaxşı ssenari-Mövqeləri qorumaq

Təbii ki, ən yaxşı ssenari “Rusiyanın Ukraynanı işğal etmək və ya tabe etdirmək planı artıq baş tutmayıb.” Bunun ardınca Kreml bir biri ilə uzlaşmayan bir neçə “məqsəd” elan etsə də heç birinə doğru ciddi irəliləyiş təmin edə bilməyib. Beləliklə, yaxşı ssenari: İndiki şəraitdə Putin üçün vacib olan ən ciddi hədəf odur ki, hazırki mövqelərdə bərkimək mümkün olsun. Bu iki səbəbdən vacibdir. Birincisi bu şəkildə “dondurma” Putin hakimiyyəti üçün qarantiya hesab oluna bilər. Nə də olsa, Rusiya Ukrayna ərazisindədir və Putinist propaqandaya görə NATO ilə savaşır. Yəni ki, obyektiv səbəbdən daha irəli getmək və ya əldə olunanları saxlamaq mümükün olmayıb, amma bütün Qərb dünyasının qarşısında  dayanmaq mümükün olub. Buna görə də Putin hakimiyyətdə qalmaq üçün mənəvi əsaslarını itirməyib. İkinci səbəb isə Putindənkənar rusiyaçıların vaxt qazanmaq istəyidir. Onlar hesab edirlər ki, indiki şəraitdə müharibəni dondurmaqla Putinin təbii sonuna hazırlaşa bilərlər. Bu müddət ərzində Qərblə danışmağın, daha doğrusu necə danışmağın yollarını tapa bilərlər. Putinin ehtimal edilən fiziki sonundan sonra isə geri çəkilmək və bununla da Rusiyanın bütövlüyünü qorumaq üçün təbii, eyni zamanda daha abırlı əsas, əslində isə bəhanə əldə etmiş olarlar.

 

Pis ssenari – Ukrayna gəlir

Ukrayna baş qərargahının verdiyi açıqlamalardan aydın görünür ki, Rusiya üçün cddi planlar qrulub. Buraya əldə olunan silah, sursat, texnika, hazırlıq keçmiş hərbçilər daxildir. Amma bu hazırlıqlar hər şey demək deyil. Hər şey demək deyil, çünki hərbi prosesin sərhədləri hələ heç kimə tam bəlli deyil. Məsələn, Almaniya müdafiə naziri deyir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazilərində hərbi əməliyyatlar aparmağa hazırdırlar. Bu o deməkdir ki, müzakirələrdə Ukraynanın müharibəni Rusiya ərazilərində aparmaq variantı da gözdən keçirilir. Yaxud da belə bir variant var ki, Ukrayna yaxın aylarda başlayacağı hərbi əməliyyatda Krımla Rusiyanın əlaqəsini kəsməyə çalışacaq və buna nail olduqdan sonra böyük yerüstü savaş başlayacaq. Daha sonra isə Rusiya qüvvələri hər iki tərəfdə mühasirəyə düşəcək. Hərbi əməliyyatlar bu mərhələdə qəsdən dayandırılacaq ki, Rusiyanın daxilindəki siyasi intriqalar qızışsın. Belə olan halda Putini, onun müharibə dəstəkçilərini və məğlubiyyət ortaqlarını hakimiyyətdə saxlamaq onsuz da çətin olacaq. Daxildən yeni qüvvələrin çıxıb, çıxmaması sual altında olsa da bunun elə də ciddi əhəmiyyəti olmayacaq. Çünki mərkəzi hakimiyyət artıq öz canının hayında olacaq və döyüş meydanından çəkilən Rusiya ordusunun məğlub rəhbərliyi bu ölkənin dağılmasında maraqlı olacaqlar. Çünki. Davam edən mərkəzi hakimiyyət tribunallar, günah keçiləri deməkdir. Ona görə də Rusiyanı parçalmaq daxildə də çoxlarına sərf edəcək. Bu minvalla Rusiyanın yaxın 5-7 ildə parçlanmasının əsası qoyulacaq. Amma bu da bir variantdır. Eyni zamanda unutmaq olmaz ki, Rusiya SSRİ-nin davamıdır və oradakı vəziyyət keçmişdən elə də fərqli deyil. Yəni parçalanma prosesi uzun çəkməyə, sürətli xarakter alıb, iki ilə yekunlaşa bilər. Qərb bloku ölkələrinin bu və ya başqa yolla regionu öyrənməsi və post-müharibə analizləri etməsi deməyə əsas verir ki, onlar da  Kreml üçün ən pis ssenariyə hazırlaşırlar.

 

Seymur Həzi