Tun gölünün sahilində yerləşən Oberhofen qalası, İsveçrə (foto: internet)
“Remitly” şirkətinin “İmmiqrasiya İndeksi 2026” hesabatı dərc olunub.
Bu indeks 82 ölkəni 34 fərqli meyar üzrə qiymətləndirir. Bura qida, kirayə, ipoteka və alıcılıq qabiliyyəti baxımından yaşayış xərcləri, həmçinin mədəniyyət, təhsil sistemləri, xoşbəxtlik, səhiyyə, təhlükəsizlik və maaşlar daxildir.
2025-ci ildə ikinci yeri tutmuş İsveçrə builki reytinqdə birinci olub.
“Remitly” öz hesabatında yazır ki, “İsveçrə müstəsna qazanc potensialı, güclü səhiyyə əlçatanlığı, yüksək təhlükəsizlik standartları və böyük gəlir imkanları ilə seçilir. İsveçrənin cəlbediciliyi həm də yaxşı formalaşmış mühacir icması və ictimai infrastruktur obyektləri ilə daha da artır”.
2026-cı ildə köçmək üçün ən münasib ölkələr sırasında ikinci yerdə İslandiya qərarlaşıb. “Remitly” bu şimal ölkəsini qazanc potensialı, təhlükəsizliyi və ekoloji göstəricilərinə görə tərifləyib, amma qeyd edib ki, beynəlxalq məktəblərin sayının az olması reytinqdə geriləməsinə səbəb olub.
Hersabatda həmçinin qeyd edilib ki, “Güclü ailəyönümlü siyasəti və dünyanın ən xoşbəxt əhalisi olan İslandiya mühacirlərə yüksək həyat keyfiyyəti təklif edir”.
Üçüncü yerdəki ölkə güclü qazanc potensialı, yüksək təhlükəsizlik səviyyəsi və mükəmməl ictimai nəqliyyatı sayəsində Lüksemburqdur. Bu da onu Avropanın mərkəzində “sabitlik, hərəkətlilik və yüksək həyat standartı” axtaranlar üçün olduqca cəlbedici edir.
Dördüncü yeri “qonaqpərvər mühacir icması, güclü qazanc potensialı və açıq hava fəaliyyətlərinə yönəlmiş həyat tərzi” sayəsində Avstraliya tutub.
İlk beşliyi Almaniya tamamlayır. “Remitly” bu ölkəni Avropanın ən böyük iqtisadiyyatında imkanlar axtaran mühacirlər üçün güclü işçi hüquqlarının qorunması və uzunmüddətli karyera perspektivləriylə dəstəklənən “etibarlı bir seçim” adlandırıb. Almaniya həm də daşınmaz əmlak almaq üçün ən sərfəli şəhərlərdən bəzilərinə ev sahibliyi edir.
Beləliklə, köçmək üçün ən yaxşı 10 ölkə aşağıdakılardır:
• İsveçrə
• İslandiya
• Lüksemburq
• Avstraliya
• Almaniya
• İrlandiya
• ABŞ
• Danimarka
• Norveç
• İspaniya
Ailəlilər üçün ən uyğun ölkələr
Təhsil sistemi, analıq və atalıq məzuniyyəti, illik uşaq bağçası xərcləri və beynəlxalq məktəblərin sayı daxil olmaqla, ailəyönümlü meyarlara görə İspaniya birinci yerdədir.
“Güclü sosial infrastruktura malik bu Avropa ölkəsi xaricdə sabitlik və imkanlar qurmaq istəyən ailələr üçün əla bir məkan olaraq qalmaqda davam edir. Çoxları üçün bu əlçatanlıq, dəstək və həyat keyfiyyəti kombinasiyası İspaniyanı getdikcə daha cəlbedici bir seçimə çevirir” – “Remitly” şirkətinin Avropa üzrə icraçı direktoru Eva Borislavova belə deyib.
İspaniyadan başqa, bu kateqoriyada ilk onluğa yalnız üç Avropa ölkəsi daxil ola bilib: Böyük Britaniya səkkizinci, İslandiya doqquzuncu və Xorvatiya onuncu yerdədir.
İlk onluğun qalan hissəsini isə Çin (ikinci), ABŞ (üçüncü), Şri-Lanka (dördüncü), BƏƏ (beşinci), Avstraliya (altıncı) və Banqladeş (yeddinci) bölüşür.
Yaşayış xərcləri balansı ən yaxşı olan ölkələr
“Remitly” həmçinin alıcılıq qabiliyyəti, ipoteka xərclərinin gəlirlərə nisbəti, orta kirayə haqqının maaşla müqayisəsi və restoranda yemək yeməyin orta xərclərini təhlil edərək hansı ölkələrin ən yaxşı yaşayış xərcləri balansı təklif etdiyini də araşdırıb.
Yaşayış xərclərinə nisbətən yüksək maaşlar və ev sahibləri üçün daha az mənzil yüküylə Səudiyyə Ərəbistanı birinci olub (Məlumatlar ABŞ-İsrailin İrana hücumundan əvvəl toplanıb).
Avropada yaşayış xərcləri balansına görə ən yüksək pillədə qərarlaşan ölkə Norveç olub (dördüncü yer), beşinci yerdə isə Danimarkadır.
Lüksemburq səkkizinci, İrlandiya isə doqquzuncu yerdə qərarlaşıb.
İlk onluğa daxil olan digər ölkələr bunlardır: Banqladeş (ikinci), ABŞ (üçüncü), Oman (altıncı), Pakistan (yeddinci) və Nepal (onuncu).
“Politfm”



