Hörmüz sularında ilişib qalmış ticarət gəmiləri, Xasab şəhərinin yaxınlığı, Oman, 29 may 2026 (foto: “Sinxua”)
İran Hörmüz boğazından keçən hər gəmidən orta hesabla 1,5 -2 milyon dollar arasında vəsait əldə edir. Bu barədə “Sinxua” xəbər agentliyi İranın “Fars” agentliyinə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, ödənişlərin bir hissəsi “Tether” (USDT) kriptovalyutası (stabilkoin), mallar və ya barter formasında həyata keçirilir.
IRNA dövlət agentliyinin verdiyi məlumata görə, İranın Ətraf Mühit Departamentinin dəniz və sulu-bataqlıq ərazilər üzrə rəis müavini Əhmədrza Lahicanzadə bazar günü bildirib ki, departament boğazda ekoloji xidmətlərə görə rüsum ödənişilə bağlı qaydalar layihəsi hazırlanmağa başlayıb.
Lahicanzadə Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, bu addım dənizçilik xidmətlərinin təşkil edilməsi, gəmilərin boğazdan keçidi üzrə hüquqi və ekoloji çərçivələrin təkmilləşdirilməsi məqsədi güdür.
İsrail və ABŞ İran ərazisinə birgə zərbələr endirməyə başlayandan sonra -fevralın 28-dən etibarən İran hökuməti bu ölkələrə məxsus və ya onlarla əlaqəli olan gəmilərin keçidinə qadağa qoyaraq boğaz üzərindəki nəzarətini sərtləşdirib.
ABŞ isə öz növbəsində İran limanlarına blokada tətbiq edib.
Bir müddət əvvəl İranın Hindistandakı səfirliyi açıqlama verərək Hörmüzdən keçən gəmilərdən 2 milyon dollar alınmasıyla bağlı iddiaları təkzib etmişdi.
“Sözügedən bəyanatlar yalnız ayrı-ayrı şəxslərin şəxsi fikirlərini əks etdirir və heç bir halda İranın rəsmi mövqeyini ifadə etmir” deyə, səfirlik qeyd etmişdi.
“Politfm”



