Rusiyanın əsasən kəşfiyyat, müşahidə və hədəf müəyyənləşdirmə məqsədilə istifadə olunan “Orlan-10” dronu (foto: “Bloomberg”)
Rusiya Avropa ölkələrində NATO-nun hərbi infrastrukturunu kəşfiyyat məqsədilə izləmək və hava hücumundan müdafiə sistemlərinin zəif tərəflərini müəyyən etmək üçün “kölgə donanması”na aid tankerlərdən istifadə edib. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) analitikləri belə nəticəyə gəliblər.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Cümə axşamı dərc olunan hesabata görə, 2024-cü ilin avqustundan 2026-cı ilin fevralınadək NATO-ya üzv on ölkənin və İrlandiyanın hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) daxil olmasıyla bağlı 144 hadisə qeydə alınıb. Bu insidentlərdən bəziləri böyük hava limanlarının fəaliyyətinin dayandırılması kimi ciddi pozuntulara gətirib çıxarıb. Qeydiyyata alınan halların təxminən yarısı hərbi obyektlərlə bağlı olub.
Hesabatda həmçinin bildirilir ki, pilotsuz aparatlar ABŞ-nin “B61-12” nüvə bombalarının saxlanıldığı məntəqələri və Fransanın ballistik raketlərlə təchiz olunmuş sualtı qayıqlar bazası da daxil olmaqla, bir sıra strateji obyektlərin üzərində görünüb.
Sənəddə qeyd olunur ki, bu insidentlər Rusiyanın Avropa səmasına PUA tətbiqinə yönəlmiş genişmiqyaslı kampaniyasının tərkib hissəsi olub və əsas məqsəd Avropa ölkələrinin hava hücumundan müdafiə sistemlərinin xəritələşdirilməsi; eləcə də raketlər, bombardmançı təyyarələr və qırıcılar kimi daha ciddi təhlükələrə qarşı nəzərdə tutulmuş HHM sistemlərinin imkanlarının yoxlanılması olub.
Hesabat müəlliflərinin fikrincə, mövcud hava hücumundan müdafiə sistemləri alçaq hündürlükdə uçan, aşağı sürətli və kiçik ölçülü aparatları, o cümlədən PUA-ları aşkar etməkdə və izləməkdə çətinlik çəkir.
“Politfm”



