Ana Səhifə Manşet GENERALIN 100 MİNLİK HƏDİYYƏSİNƏ SÖZARDI

GENERALIN 100 MİNLİK HƏDİYYƏSİNƏ SÖZARDI

0

İdmana qayğı, yoxsa harınlığın nümayişi?

Azərbaycanda vəzifə tutmaq, səlahiyyət sahibi olmaq dövlətə və xalqa xidmət üçün deyil. İstənilən vəzifəli şəxs barəsində axtarış verəndə milyonların səs-küyü eşidilir. Bahalı maşınlar, villalar, holdinqlər, dünyanın müxtəlif yerlərində biznes imperiyası və.s vəzifəli şəxslər üçün “vəzifə öhdəliyi” dir.
Nə qədər təəccüblənməməyə çalışsaq da, harınlığın, korrupsiyanın, israfın istiliyi insanı qarsır. İndi də məlum olur ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevə 11 HA 111 avtomobil nömrəsi hədiyyə edib. Təəccüblü olan avtomobilin nömrəsi deyil, bu nömrənin qiymətidir. Belə ki, məlum nömrənin 100 min manat qiyməti olduğu bildirilir.


Axı, bir nömrənin niyə bu qədər bu qədər qiyməti olmalıdır? Bir generalın nə qədər pulu olmalıdır ki, 100 min manatlıq hədiyyə versin?
Niyə bu səlahiyyət sahiblərinin “səxavət kisəsi” təhsil haqqını ödəyə bilməyən tələbəni, intihar edən qazini, məcburi müalicəyə ehtiyacı olan körpələri sevindirmir? 100 min manat 1250 qazinin aylıq təqaüdü qədərdi.
Rəqəmlərin yan-yana düzülüşündən ibarət olan dəmir parçasına 100 min manat xərcləyən general, bədənləri yan-yana torpağa tapşırılan igidlərə niyə əl uzatmır?
Ümumiyyətlə, bu nömərələrin bu qədər bahalı olması necə müəyyənləşir? Bu pullar kimin cibinə girir? Niyə bir dəmir parçası bu qədər əlçatmaz dəyərə sahibdir?
İdmançılara stimul verilməsi, qələbənin qiymətləndiriliməsi müsbət haldır. Amma 100 min manatlıq mömrə hədiyyə etmək, ölkədəki korrupsiyanın, özbaşınalığın, məmur harınlığının, dövlət resurslarının şəxsi istəklərə qurban verilməsinin göstəricisidir.
Rinqdə qalib gələnə 100 minlik nömrə hədiyyə edib, müharibədə sağlamlığını itirənə 80 manat rəva görmək, həm də şəhidə, qaziyə, vətənə, dövlətə münasibəti ifadə edir.
Müxtəsər, bu hədiyyəyə diqqətlə baxanda, ölkənin hansı vəziyyətdə olduğunu da görmək olur. “Zerkalnı” nömrəyə 100 min qiymət qoymaq da, minimum əməkhaqqını 400 manat müəyyənləşdirmək də heç bir normaya, hesablamaya, tarifə uyğun deyil. Sadəcə kefləri belə istəyir. Əksəriyyət güzgüyə baxıb bədbəxtliyini görür, bir qrup adam isə “güzgü brendi” yaradıb, milyonları israf edir.
Ən əsası isə budur ki, bu kimi hədiyyələr idmana qayğının göstəricisi ola bilməz. Zaman göstərdi ki, hökumət idmançılara vətəndaşı susduran dəyənək kimi baxır və nəaliyyəti olan idmançıların əksəriyyəti sonradan polis orqanlarında, digər aidiyyatı qurumlarda işə cəlb edilir, rütbə daşıyır. Hədiyyə verən, komfort həyat yaşayan generalların da tərcümeyi-halına baxanda görürük ki, nə müharibə görüblər, nə bir igidlik göstəriblər, nə də hər hansı hərbçi parametrlərinə uyğun gəlirlər.
Hamısı xalqa nömrə gəlməklə məşğuldular.

POLİTFM.COM