Ana Səhifə Manşet Cənubi Qafqazın kabusdan qaçışı

Cənubi Qafqazın kabusdan qaçışı

5
Demokratik dəyərlər Cənubi Qafqaza sürətlə ayaq açmalı və möhkəmlənməlidir.
Rusiyaynın Cənubi Qafqaz regionuna yanaşması belədir ki, “ya burada biz olacağıq, ya da heç kim olmayacaq”. O ayrı məsələdir ki, heç də hər şey hər zaman planlandığı kimi getmir. Biz bunu Ukraynada gördük. Amma, sadəcə biz gördük. Bu Rusiya kimi idarə etmə sisteminə sahib ölkələr üçün keçərli deyil. Rusiyanın baş rolda olduğu Cənubi Qafqazda yeni aktiv gərginlik yarana bilər. İranın prosesə daxil olması vəziyyəti daha da qəlizləşdirə bilər. Belə ki, Türkiyə də istər qardaşlıq mövqeyi baxımından, istərsə də Cənubi Qafqazda gələcəkdə daha aktiv rol almaq marağı baxımından bu prosesi səssiz izləməyəcək. Yadımdadır ki, 2017-ci ildə Amerika Birləşmiş Ştatlarında nüfuzlu təşkilat olan Karnegi Fondu Amerika Birləşmiş Ştatlarının yeni rəhbərliyi üçün Cənubi Qafqazla bağlı siyasətində hansı prioritetlərin zəruri olması ilə bağlı təhlil hazırlamışdı. Təhlildə göstərilirdi ki,
Vaşinqton Qarabağın “ikinci Suriyaya” çevriləcəyindən niyə qorxur? Zamanında sual düz qoyulub.
“ABŞ-ın Cənubi Qafqazda regional sabitliyi qoruyan mühüm, amma həyati əhəmiyyətli olmayan maraqları var: dondurulmuş münaqişələrin alovlanmasının qarşısının alınması, Azərbaycan, Gürcüstan və Ermənistanda demokratiyanın dəstəklənməsi və idarəetmənin yaxşılaşdırılması, bu ölkələr arasında inteqrasiyanın müdafiəsi..”
Təhlildə göstərilmişdi ki, Azərbaycan ABŞ-ın regiondakı siyasətində çətin tərəfdaşdır. Onun daxili avtoritar siyasi kursu ikitərəfli münasibətlərin yaxşılaşdırılmasında ciddi əngəl yaradır. Heç bir halda Bakının vətəndaş cəmiyyətinə olan münasibətini, antiamerika publik ritorikasını və hər yeri bürümüş korrupsiyanı nəzərdən buraxmaq olmaz. Vətəndaş cəmiyyətinin bir çox tanınmış fəalları ölkədən qaçmağa məcbur olublar və yaxud həbsxanadadırlar.
Hər zaman deyirdik ki, regionda demokratiya olmadıqca, demokratik qüvvələr sıradan çıxdıqca, ABŞ, AB regionda zəif düşür. Əvəzində isə Rusiya daha sərbəst hərəkət edir. Çünki, Rusiyanın regionda coğrafi yaxınlığı var. Cənubi Qafqaz ölkələrində demokratikləşmə prosesi paralel getməliydi. Nəticə göstərir ki, işi yarımçıq saxlamaq olmaz.
Təbii ki, ABŞ regionda münaqişənin müharibə yolu ilə deyil, sülh yolu ilə həll olunması üçün çox şey edir. Vaşinqton danışıqları zamanı da biz bunu gördük. Amma məsələyə zamanında daha kompleks yanaşmaq olardı. Təsəvvür edin ki, Vaşinqton danışıqları gedir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülh sazişinə razıdır və Azərbaycanda da güclü azad media, vətəndaş cəmiyyəti, müxalifət içəridən hökumətə təzyiq edir ki, daha sağlam variant tətbiq üzərində dayanılsın. Məsələ ABŞ və ya digərinin dediyinin edilməsi deyil. Məsələ ölkə üçün, dövlət üçün ən uyğun, ən təhlükəsiz variantın seçilməsidir. Bu təklif bizə faydalıdırsa, kimin təklif etməsi ikinci dərəcəlidir.
Fondun təhlilində göstərilirdi ki, regionda Avropa İttifaqı üçün yer eləmək lazımdır. İqtisadi inkişaf, qanunun aliliyi və digər daxili islahatlar ABŞ üçün prioritet olaraq qalmalıdır, amma Vaşinqton öz səylərini Avropa İttifaqı ilə koordinasiya etməlidir.
Bu məsələdə də gecikmələr davam edir. Azərbaycan uzun illərdir ki, Aİ ilə “Strateji Tərəfdaşlıq” sazişinin imzalanmasını yubadır. Sazişin şərtlərini qəbul etmək istəmir. Bu hadisəyə AB-nin “səbr”lə, “dözüm”lə yanaşması bu gün regionun biləvasitə belə qarışıq hala düşməsinə gətirib çıxarıb. Çünki, müharibələrin getdiyi region hər gün daha da uzaqlaşır AB dəyərlərindən. Məsələ daha da uzun müddətə ertələnir, nəticədə AB regionda bir qədər də zəifləyir, təsir imkanları aşağı düşür. Hərçənd ki, “Brüssel danışıqları” ilə AB münaqişənin həllində aktiv rol oynamağa çalışdı və çalışır da. Təəssüf ki, hökumət o danışıqlardan öz maraqları naminə istədiyi zaman Rusiyanın əsas gətirərək və ya başqa aydın olmayan səbəblərdən dolayı imtina edə bilir.
Hələ 6 il öncə təhlildə göstərilib ki, enerji potensialına münasibətdə realist olun. Xəzər dənizinin enerji resurslarının region üçün əhəmiyyəti keçmişdə qeyri-real gözləntilər yaratmışdı. İndi onları nəzarətdə saxlamaq mühümdür. Xəzərin enerji resurslarının regiona təsirləri zaman-zaman şişirdilib və nəticədə qeyri-real gözləntilərə gətirib çıxarıb. Gələcəkdə bundan qaçmaq mühüm şərtdir.
Nə etməli?
Rusiya Ukrayna müharibəsi ilə paralel şəkildə regionda demokratikləşməyə tövhə verilməlidir. Ölkədə siyasətin qadağan olunmasına səssiz qalınmamalı, əksinə, regionda siyasətin önü sürətlə açılmalıdır. Demokratik tələblər sərtləşməli, prinsiplərdə ardıcıllıq təmin olunmalıdır. “Strateji Tərəfdaşlıq” sazişinin imzası sürətlənməli, ABŞ və AB dəstəkli demokratik dəyərlər əsasında sistem formalaşdırılmalıdır.
Aqil Məhərrəmli