Ana Səhifə Xəbər Lenti Bizim gözümüz hara baxır?

Bizim gözümüz hara baxır?

Hamıya bazar, özümüzə məzar ölkə.
Uzun illərdi ən çox eşitdiyimiz fikirlərdən biri də “Bütün dünyanın Qafqazda marağı var” fikridir. Əlbəttə, bu fikir əsaslıdır və zaman da buna möhürünü vurub. Rusiyanın, İranın, Avropanın, ABŞ-ın, Çinin, hətta qardaş Türkiyənin Qafqazda marağı var və bu maraqlar naminə siyasətlərini itiləyirlər. Zəngin karbohidrogen ehtiyatları, mühüm kommunikasiya xəttləri və.s Qafqazı cazibədar edir. Hətta Çinin son 10 ildə Gürcüstan və Ermənistanla ticarət əlaqələrinin tempinə baxsaq, sürətli artımı müşahidə edərik. Müxtəlif ölkələrin Qafqazdakı maraqlarının təfərrüatına varsaq, yazı çox böyük alınar. Diqqət çəkmək istədiyim məqam budur ki, dünyanın ucqarlarından Qafqaz bu qədər perspektivli görünürsə, həmin Qafqazda bizim yaşadığımız Azərbaycan da varsa, biz niyə bu qədər zəlil vəziyyətdəyik? Bütün dünyanın tamah saldığı ölkəyə, biz niyə bu qədər biganəyik?
Əvvəla deyim ki, belə bir zəngin ölkəni bu qədər gücsüz vəziyyətə salmaq üçün anti-milliliyin zirvəsini fəth etmək lazımdır. Bu qədər potensiallı coğrafiyada, bu qədər zəngin torpaqda məskən salıb, amma həmin ərazini geridəqalmışlıq çərçivəsinə salmaq məqsədli siyasətdir. Dünyanın müxtəlif ölkələri bu ərazidə öz marağını təmin edə bilir, amma 10 milyonluq bir xalq bu ölkədən heç nə əldə edə bilmir. Əksinə, fürsət tapan kimi ölkədən qaçmaq prioritetə çevrilir. Mövcud idarəçilik bu ölkəni, Qafqazın nəhəngini iqtisadi-siyasi baxımdan “liliput” a çevirib. İqtisadiyyat neft-qazdan asılı, xarici siyasət Rusiyanın zəhminə təslim, daxili siyasət acgözlüyün girovudur. Bir anlıq düşünün ki, bu ölkə əmin əllərdə, ağıllı başların idarəçiliyində, dövlət-xalq sevgisiylə əhatələnmiş zehniyyətin sərəncamında olsaydı aqibətimiz necə olardı. Biz başqa ölkələrin Azərbaycanda olan marağının qarşılığını, dövlət maraqlarıyla toqquşdurmamışıq. Bütün ölkələrlə iqtisadi-siyasi əməkdaşlıq yalnız bir dəstənin mənafeyi naminə reallaşdırılıb. Yüzmilyardlarla vəsaitdən yararlanaraq təhsil, səhiyyə, kənd təsərrüfatı, iqtisadiyyat şaxələndirilməyib. Ötən 30 ilin verdiyi imkanlar havaya sovrulub. Kosmetikanı, imitasiyanı dövlət idarəçiliyi kimi başa düşmüşük. Və nəticə, acı nəticə göz qabağındadır.
Dünyanın ölkəmizə marağı artdıqca, acgöz idarəçiliyin tamahı yüksəldikcə, bizim öz ölkəmizə marağımız azalıb. Biz xalq olaraq ölkədən əlimizi üzmüşük. Vətəndaşlığın ağ bayrağını qaldırmışıq. Özümüzə inandırmışıq ki, biz düzələn deyilik, rüşvət bizim qanımızdadır və.s Hansıki, biganəliyi, susqunluğu, qorxunu qanımıza keçirməyə başlamışıq. Gözümüz ölkəmizdən başqa hər yeri görür. ABŞ-ı görürük, Rusiyanı görürük, Çini görürük, amma öz fəlakətlərimizin səbəblərini, səbəbkarlarını görə bilmirik, görmək istəmirik. Biz gözümüzü yumduqca, acgözlər taleyimizi oğurlayır. Bəli, bu neft, bu qaz, bu torpaq təkcə sərvət deyil, həm də taleyimizdir. Ölkə hamıya bazar, xalqa məzar olub. Dirilmək lazımdı…..