Foto: “Reuters”


 

Birləşmiş Millətlər Təşkilatının iyunun 17-də dərc olunmuş hesabatında bildirilir ki, 13 ölkədəki kəskin aclıq daha da intensivləşib. Təcili humanitar müdaxilə olmasa, onlardan altısı — Sudan, Cənubi Sudan, Yəmən, Somali, Şimal-Şərqi Nigeriya və Qəzza fəlakətli qıtlıq riskilə üz-üzə qalacaq.

Əfqanıstan, Konqo Demokratik Respublikası, Haiti, Myanmar, Mali, Livan və Madaqaskar da BMT-nin çox yüksək risk qrupuna daxil edilib.
Hesabatı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıyla (FAO) və Ümumdünya Ərzaq Proqramı (WFP) birgə hazırlayıblar.

Sənəddə xəbərdarlıq edilir ki, bütün hallarda əsas hərəkətverici qüvvə münaqişələrdir və 2026-cı ilin iyun-noyabr aylarında ən böyük narahatlıq doğuran qaynar nöqtələrdə kəskin ərzaq qıtlığı vəziyyəti daha da pisləşə bilər.

Maliyyələşdirmənin azaldılması böhranı daha da dərinləşdirib. Ərzaq və kənd təsərrüfatı yardımlarına dəstək 2022-2025-ci illər arasında təxminən 59 faiz azalıb və təqribən 266 milyon insan kəskin aclıq problemiylə üzləşib.

WFP-nin icraçı direktorunun səlahiyyətlərini icra edən Karl Skau deyib ki, “Bu hesabatdakı xəbərdarlıqları qulaqardına vura bilmərik”.

Yaxın Şərq münaqişəsi və Konqo Demokratik Respublikasının şərqindəki Ebola epidemiyası dolanışıq vasitələrini, bazarları və yardımlara çıxışı daha da çətinləşdirib.

FAO-nun baş direktor müavini Bet Beksdol vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün erkən və genişmiqyaslı tədbirlər görməyə çağırıb.

“Politfm”