“Ukraynada müharibə getdiyi müddətdə Birləşmiş Ştatlar bu ölkənin xalqını dəstəkləməkdə davam edəcək və ukraynalıların effektiv müdafiə vasitələrinə malik olmasına səy göstərəcək”.
Bu fikri ABŞ-ın Dövlət katibi Entoni Blinken iyunun 1-də NATO Baş katibi Yens Stoltenberqlə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
Blinken müharibənin “uzun aylar” boyunca davam edəcəyini istisna etməyib: “Əgər Rusiya təcavüzü dayandırmağı seçsə, artıq sabah müharibə olmaya bilər, amma biz hələ ki, bunun əlamətlərini görmürük”.
ABŞ Prezidenti Co Bayden dünən təhlükəsizlik sahəsində Ukraynaya yeni yardım paketini elan edib. Paketə başqa silahlarla yanaşı HİMARS reaktiv yaylım atəşi sistemləri daxildir. Açıqlamanın mətnində deyilir ki, bu silah partiyası ukraynalılar üçün yeni imkanlar yaradacaq.
Sayca 11-ci olan yardım paketinin dəyəri 700 milyon dollardır. Amerika administrasiyasının nümayəndələri jurnalistlərə bildiriblər ki, Kiyevə verilən HİMARS sistemləri Ukrayna ordusuna 80 km uzaqlıdakı hədəfləri vurmaq imkanı verəcək.
Blinken isə mətbuat konfransında bildirib ki, ukraynalılar alacaqları qabaqcıl raket sistemlərindən Rusiya ərazisindəki hədəfləri vurmayacaqları barədə öhdəlik götürüblər.
Yens Stoltenberq öz növbəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada çatmaq istədiyi strateji hədəflərə nail olmayıb. “Bunun əvəzində o, NATO-nun öz sərhədlərində genişlənməsi faktı ilə üzləşib”, – deyə Stoltenberq vurğulayıb.
Xatırlatma
Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyat adlandırdığı” genişmiqyaslı müharibəyə başlayıb.
Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.
Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları – “Donbas Xalq Respublikası”nı və Luqansk Xalq Respublikasını” rəsmən tanıyıb.
Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.
Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir. (Toplum Tv)