Ana Səhifə Manşet Almaniyadan deportasiya olunan fəalın məhkəməsi davam edir

Almaniyadan deportasiya olunan fəalın məhkəməsi davam edir

19

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Cəfər Mirzəyevin işi üzrə proses davam edir. O, Almaniyadan deportasiya olunduqdan sonra həbs edilib və narkotik maddə alverində ittiham olunub.

Onun qardaşı Vüsal Mirzəyev Turan-a bildirib ki, avqustun 12-də keçirilən iclasda şahid ifadələri başa çatıb. Şahid qismində fəalı həbs edən polis əməkdaşları çıxış ediblər.

Hakim Cavid Hüseynovun sədrliyilə proses qeyri-obyektiv keçir və müdafiə tərəfinin vəsatətləri təmin edilmir,  fəalın qardaşı deyib.

Fəalın özü proses zamanı bir daha bildirib ki, onu Ramana qəsəbəsində mağazada alış-veriş edərkən saxlayıblar və narkotik maddəni onun üzərinə polis əməkdaşları qoyublar. Mirzəyev deyib ki, ona işgəncə verərək etirafedici ifadə verməsini tələb ediblər. Növbəti iclas avqustun 26-da olacaq.

* Cəfər Mirzəyev Almaniyadan deportasiya olunduqdan sonra ötən ilin payızında narkotik maddə alveri ittihamı ilə həbs edilən 4 fəaldan biridir. Digər iki fəal başqa ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.

2021-ci il noyabrın 25-də Cəfər Mirzəyev Almaniyadan deportasiya edilib və yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb. Fəalları 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.

Turan