Foto: BBC


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri İran bayrağı altında üzən yük gəmisini ələ keçiriblər. Onlar əvvəlcə gəmi heyətinə xəbərdarlıq ediblər, daha sonra gəminin maşın bölməsinə zərbə endirərək onu hərəkətsiz vəziyyətə salıblar. Gəmi ABŞ-nin dəniz blokadasını yarmağa cəhd etdiyi üçün nəzarətə götürülüb.

 

“Bu gün İran bayrağı altında olan, təxminən 900 fut (təxminən 275 metr) uzunluğunda və təyyarədaşıyan gəmiylə müqayisə oluna biləcək ölçüdə olan ‘Touska’ adlı yük gəmisi bizim dəniz blokadamızı yarmağa cəhd etdi, lakin bu cəhd uğursuz oldu. ABŞ Hərbi Dəniz Qüvvələrinin ‘Spruance’ esminesi Oman körfəzində gəmiyə dayanması barədə aydın xəbərdarlıq etdi. İran heyəti əmrlə razılaşmadığı üçün bizim gəmi onların maşın bölməsinə zərbə endirərək hərəkəti dayandırdı” – Tramp özünün “Truth Social” platformasında belə yazıb.

O əlavə edib ki, “Hazırda gəmi ABŞ dəniz piyadalarının nəzarəti altındadır. ‘Touska’ ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altındadır. Biz gəmini tam nəzarətə götürmüşük və göyərtəsində nə olduğunu yoxlayırıq”.

İran hakimiyyəti bu insidentlə bağlı hələlik heç bir açıqlama verməyib.

“Politfm”