Ana Səhifə Manşet Əli Kərimli Gürcüstan seçkilərindən yazdı

Əli Kərimli Gürcüstan seçkilərindən yazdı

116

Avtoritarlar klubu” böyüməməlidir

Gürcüstandakı seçkilərdə bizim marağımız varmı? Əlbəttə, var. Ancaq bu konkret siyasi partiya və bloklarla bağlı maraq deyil. Biz dost və qonşu Gürcüstanın demokratik və tam müstəqil olmasında maraqlıyıq. Biz Gürcüstanda (əslində elə bütün dünyada) hökumət və parlamentin xalqın azad iradəsilə seçilməsindən yanayıq. Biz beynəlxalq avtoritarlar “klubunun” böyüməməsindən yanayıq.

Beynəlxalq müşahidə missiyalarının Gürcüstandakı seçkilərlə bağlı ilkin rəyləri ilə tanış oldum (link şərh bölümündə). Gürcüstanda keçirilmiş parlament seçkiləri Azərbaycan kimi klassik avtoritar rejimlərdə təsəvvür edilməyəcək dərəcədə demokratik olub. Seçkilər tam proporsional seçki sistemi üzrə və çox ciddi rəqabət şəraitində keçib. Partiyalar əsasən azad seçki kampaniyası apara bilib. Tbilisi başda olmaqla Gürcüstanın bütün böyük şəhərlərində müxalifətin qələbəsi rəsmən təsbit olunub. Ancaq təəssüf ki, regionlarda, xüsusilə də milli ucqarlarda səslərin alınması, seçicilərin qorxudulması hallarından və inzibati resursdan geniş istifadə olunub. Nəticədə parlament seçkisi beynəlxalq demokratik standartlara tam uyğun olmayıb. Ona görə də bu seçkilər Azərbaycandan fərqli olaraq 20 ildən artıqdır ki, demokratiya istiqamətində yürüyən və Aİ-na üzvlüyə namizəd statusu olan qonşumuz üçün demokratiya sahəsində geriləmə kimi qiymətləndirilir.

Gürcüstan parlamentinə seçilmiş 4 müxalif seçki blokunun parlament seçkisinin nəticəsini tanımaqdan imtina etməsi də qonşu ölkədə yeni siyasi böhrandan xəbər verir və siyasi qeyri – müəyyənliyin davam edəcəyini göstərir.

Gürcüstanda seçki prosesinin bütövlükdə dinc şəraitdə keçməsi, baş nazir İrakli Kobaxidzenin “Gürcüstan 2025-ci ildən ABŞ və AB ilə münasibətlərini gücləndirəcək” bəyanatı və müxalif siyasi partiyaların yalnız dinc və demokratik yollarla mübarizə aparacaqlarını bəyan etməsi ümid yaradır ki, qonşu və dost Gürcüstan növbəti demokratiya böhranından dinc və demokratik üsullarla çıxış yolu tapacaq, müstəqilliyini qoruyub, avroatlantik inteqrasiya prosesini davam etdirə biləcək.

Əli Kərimli, AXCP sədri.