İranın vitse-prezidenti İrəvana gedib və Göy Məscidi ziyarət edib. Əlbəttə, bunu bir müsəlmanın məscid ziyarəti kimi qəbul etmək olardı, amma…
Amma İran ali dini liderinin müşaviri TRIPP layihəsi haqqında “ayaqlarını qırarıq” deməsəydi. Kimlərin ayaqlarını? Bölgəyə ayaq basan digər ölkələrin, məsələn, ABŞ-ın. Vilayəti “Rusiyalı və ya Rusiyasız” ifadəsini də işlətmişdi. Yəni Ermənistana və Azərbaycana deyir ki, Rusiya zəifləyə bilər, amma mən buradayam və sizə imkan vermərəm ki, bölgədə məndən icazəsiz addım atasınız.
Əlbəttə, dərhal demək olar ki, bu bəyanat dövlətlərin suverenliyi haqqında Helsinki Yekun Aktını kobud şəkildə pozur. Amma bu aktın real mövcudluğu çoxdan şübhə altındadır, hətta işləmədiyi də dəqiqdir. İran Azərbaycana və Ermənistana bölgənin müstəqil dövlətləri kimi baxmır və onların addımlarını məhdudlaşdırmaq, müstəqilliklərini sərhədləmək istəyir.
Təbii ki, bu, Tehranın yeni iştahası deyil, amma fürsət yenidir.
ABŞ və İsrailin bölgədə başladığı uğursuz müharibə İranın belə bir iddiaya düşməsinə rəvac verən əsas amildir. Çünki məhz bu müharibənin yaratdığı nəticələr İranı bütün ətraf ölkələr üçün təhlükəyə çevirdi. Körfəz ölkələri, Türkiyə və Qafqaz bu müharibədən mənfi təsirləndi, hücuma məruz qaldılar. Ancaq ABŞ və İsrail nə hücumda, nə də müttəfiqlərinin müdafiəsində uğurlu ola bilmədi.
Söz yox ki, itkilər və tələfatlar baxımından qiymətləndirsək, İrana ciddi zərbə dəyib, amma bu müharibə Tehranı region üçün aqressiv gücə çevirib və müvəqqəti də olsa, bu risklidir.
Əli Əkbər Vilayətinin “ayaqlarını qırarıq” bəyanatına kim cavab verməli idi? Təbii ki, ABŞ. Amma belə bir cavab olmadı. Məhz bu cavab olmadığı üçün İranın vitse-prezidenti İrəvana kimi getdi və orada Göy Məscidi İran mədəni irsinin nümunəsi kimi qiymətləndirdi.
Bu, təbii ki, təkcə Ermənistana mesaj deyil, həm də Azərbaycana mesajdır. Çünki İrəvan məscidi Azərbaycanın tarixi üçün önəmli nümunədir və İran bu addımla Azərbaycanın tarixinə iddia edir. Bununla da bu günü sual altına alır.
Nə etməli?
İran və Rusiya kimi təhlükələrə qarşı Azərbaycanın, təbii ki, resursları mövcuddur. Bunlar Azərbaycan ordusu, müttəfiqlər, maraqları Azərbaycanla uzlaşan qüvvələrdir. Ən ciddi resurs isə Azərbaycan cəmiyyətidir. Siyasi cəhətdən ayıq, dövlətçilik kontekstində prinsipial olan cəmiyyət. Azərbaycan hakimiyyəti isə permanent olaraq cəmiyyəti zəiflətmək yolunu tutur.
İstər müstəqil mediaya təzyiqlər, istər vətəndaş cəmiyyətinin sıradan çıxarılması, istərsə də siyasi partiyalara qarşı təzyiqlər, siyasətçilərin həbsi belə vəziyyətdə qarşı tərəfin əlini gücləndirir. Bu arqumenti İkinci Qarabağ müharibəsi təcrübəsi əsaslı şəkildə dəstəkləyir.
Çünki İkinci Qarabağ müharibəsi zamanı bütün bu sadaladığım subyektlərin birmənalı mövqeyi nəticəsində cəmiyyətin vahidliyi təmin edildi. Nəzərə alsaq ki, indi qarşıda Ermənistan deyil, ondan qat-qat güclü İran var, cəmiyyətin gücünü özünə qaytarmaq üçün düşünməyə dəyər. Çünki istənilən halda, bütün kənar dəstəklərə baxmayaraq, burada biz yaşayırıq və riskləri biz bölüşürük.
Seymur Həzi



