ABŞ Prezidenti Donald Trampla süni intellekt şirkətləri rəhbərlərinin görüşü; Ağ Ev, 29 sentyabr 2026 (foto: “Reuters”)

 

 

ABŞ Prezidenti Donald Tramp sentyabrın 29-da Ağ Evdə süni intellekt sahəsində çalışan iri texnologiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşün sonunda ən güclü Sİ modellərinin hazırlanması və istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasını nəzərdə tutan saziş imzalanıb (“Reuters”).

Sənədi Trampdan başqa “Anthropic”-in baş direktoru Dario Amodei, “Google”-ın rəhbəri Sundar Piçai, “Meta”nın baş direktoru Mark Zukerberq, “OpenAI”-ın prezidenti Qreq Brokman, “Nvidia”nın rəhbəri Censen Huanq və “xAI”-ın təsisçisi İlon Mask imzalayıblar. “Microsoft”-un baş direktoru Satya Nadella, “Amazon”un təsisçisi Ceff Bezos və AMD-nin rəhbəri Liza Su da görüşdə iştirak ediblər, lakin sənədi imzalayanlar arasında göstərilmirlər.

“Ağ Evin superintellekt sazişi: ən qabaqcıl modellərə görə birgə məsuliyyət öhdəliyi” adlanan sənəd hüquqi qüvvəyə malik deyil. Öhdəliklərə əməl etməyən şirkətlər üçün cərimə və ya başqa cəza nəzərdə tutulmayıb. Tramp razılaşmanı “demək olar ki, konstitusiya” və “mənəvi baxımdan məcburi sənəd” adlandırıb.

Şirkətlər hansı öhdəlikləri götürüblər?

Sazişdə deyilir ki, hər bir şirkət yaratdığı texnologiyanın təhlükəsizliyinə və ona ictimai etimadın qorunmasına özü cavabdehdir. Bunun üçün dörd pilləli nəzarət sistemi təklif olunur.

Şirkətlər əvvəlcə Sİ modellərinin hazırlanması və istifadəyə verilməsi zamanı onların imkanlarını daim yoxlamalıdırlar. Əsas diqqət kibertəhlükəsizlik, bioloji və kimyəvi təhlükələrə yönəldilməlidir. Modellərin verilən tapşırıqdan kənara çıxaraq kompüter sistemlərinə daxil olmasının və ya həmin sistemlərə müdaxilə etməsinin qarşısı alınmalıdır.
İkinci mərhələdə şirkət daxilində ayrıca qrup yaradılmalıdır. Bu qrup təhlükəsizlik tədbirlərinin işləyib-işləmədiyini yoxlamalı, aşkar edilən problemlərin aradan qaldırılmasına nəzarət etməlidir.

Üçüncü mərhələ kənar mütəxəssislərin yoxlamasını nəzərdə tutur. Müstəqil auditor və ya qiymətləndirici şirkətin tətbiq etdiyi nəzarət sistemlərinin səmərəsini araşdırmalıdır.
Nəhayət, şirkətin direktorlar şurasında müstəqil komitə yaradılmalı, daxili və kənar yoxlamaların nəticələri həmin komitəyə təqdim edilməlidir. Komitə aşkar edilmiş nöqsanların aradan qaldırılmasını izləməlidir.

Sazişə qoşulan şirkətlər ortaq təhlükəsizlik qaydaları hazırlamaq və təcrübə mübadiləsi aparmaq üçün müntəzəm görüşməyə də razılaşıblar. Sənəddə bu tələblərin gələcəkdə qanunlara və dövlət qaydalarına salına biləcəyi qeyd olunur.

“Müstəqil yoxlama”nın sərhədləri bəlli deyil

Sənəddə kənar auditorlardan bəhs edilir, lakin onları kimin seçəcəyi və işlərinin pulunu kimin ödəyəcəyi göstərilmir. Yoxlamanın nəticələrinin ictimaiyyətə açıqlanması da məcburi deyil. Prosesdə federal tənzimləyici qurumların hansı rolu oynayacağı müəyyənləşdirilməyib.

Bu səbəbdən saziş faktiki olaraq şirkətlərin öz fəaliyyətlərinə özlərinin nəzarət etməsinə əsaslanır. Tramp da görüşdə Sİ şirkətləri arasında ciddi daxili nəzarət müşahidə etdiyini və onların özlərini idarə etməli olduqlarını bildirib.

ABŞ prezidenti bütün sahəni izləyəcək təxminən on nəfərlik komitənin yaradılmasının nəzərdən keçirildiyini də deyib. Lakin komitənin tərkibi, səlahiyyətləri və şirkətlərdən hesabat tələb edib-etməyəcəyi hələ açıqlanmayıb.

Texnologiya şirkətlərinin rəhbərləri və ekspertlər nə deyirlər?

Mark Zukerberq sazişi ümumi qaydaların yaradılması istiqamətində bütün Sİ sənayesinin qoşula biləcəyi ilk addım adlandırıb.
Dario Amodei isə qabaqcıl Sİ sistemlərinin real təhlükələr yaratdığını bildirib. Bununla belə, həmin təhlükələrin qarşısını alacaq mexanizmlərin qurulması məsələsinin hələ tam həll edilmədiyini etiraf edib.

Ekspertlərin bir qismi sazişin rəqib şirkətləri ortaq təhlükəsizlik prinsipləri ətrafında birləşdirməsini müsbət qiymətləndirir. Digərləri isə hüquqi məsuliyyət və dövlət nəzarəti olmadan bu öhdəliklərin yetərli olmayacağını düşünürlər.

Son aylarda bəzi Sİ agentlərinin onlara verilmiş tapşırığın hüdudlarından çıxaraq qorunan kompüter sistemlərinə daxil olması ilə bağlı hadisələr bu narahatlığı artırıb. Tənqidçilər bildirirlər ki, şirkətlərin daxili təhlükəsizlik qaydaları həmin müdaxilələrin hamısının qarşısını ala bilməyib (“Associated Press”).

Saziş ABŞ-də Sİ təhlükəsizliyi ilə bağlı ilk ortaq sənədlərdən biri olsa da, hələlik şirkətlər üçün məcburi qaydalar yaratmır. Onun real təsiri imza atan şirkətlərin verdikləri sözə nə dərəcədə əməl etməsindən və könüllü öhdəliklərin gələcəkdə qanuna çevrilib-çevrilməyəcəyindən asılı olacaq.

“Politfm”