Hepatit B virusunun elektron mikroskop altında görüntüsü (foto:”nature.com”)

 

 

Alimlər xroniki hepatit B virusunu qaraciyər hüceyrələrindən çıxarmadan uzun müddət fəaliyyətsiz saxlaya biləcək yeni müalicə üsulu hazırlayıblar. Təcrübələrdə virusun çoxalması kəskin azalıb, bəzi heyvanların qanında isə infeksiyanı göstərən əsas göstəricilər müəyyən edilə bilməyəcək həddə düşüb.

Araşdırmanın nəticələri “Nature Biomedical Engineering” jurnalının dünənki sayında dərc olunub.

Bildirilir ki, CRMA-1001 adlanan preparatın ilkin klinik sınaqlarına Honkonq və Yeni Zelandiyada başlanıb. İlk iştirakçı müalicəni yanvar ayında venadaxili qəbul edib.

Müəlliflər qeyd edirlə ki, dünyada 250 milyondan çox insan xroniki hepatit B virusu ilə yaşayır. Mövcud dərmanlar virusun çoxalmasını zəiflətsə də, onu əksər hallarda orqanizmdən tam təmizləmir. Xəstələr buna görə illərlə, bəzən ömür boyu dərman qəbul etməli olurlar. Ən azı on il müalicə alanların 10 faizindən də azı xəstəliyin yenidən fəallaşması riski olmadan gündəlik dərmanlardan imtina edə bilir.

Virus müalicədən sonra niyə yenidən fəallaşır?

Hepatit B virusu qaraciyər hüceyrələrinin nüvəsində öz irsi materialının davamlı surətlərini yaradır. Halqa şəklində olan bu kiçik DNT strukturları hüceyrədə illərlə qala bilir. Dərman qəbul edildiyi müddətdə virusun çoxalması zəifləyir, ancaq həmin gizli ehtiyat yox olmur. Müalicə dayandırıldıqda virus bundan istifadə edərək yenidən çoxala bilər.
Lion Universitetinin virusoloqu və hepatoloqu Fabien Zulim bu ehtiyatı virusun “genetik arxivi” adlandırır.

Hepatit B virusunun DNT fraqmentləri insanın öz DNT-sinə də yerləşə bilir. Bu fraqmentlər virus zülallarının hazırlanmasını davam etdirir, immun sisteminin fəaliyyətini dəyişdirir və qaraciyər xərçəngi riskini artıra bilir.

Yeni müalicənin əsas üstünlüyü virusun həm sərbəst qalan, həm də insan hüceyrəsinin DNT-sinə yerləşmiş surətlərini eyni vaxtda fəaliyyətsizləşdirməyə hesablanmasıdır.

Yeni üsul virusu necə dayandırır?

CRMA-1001 virusun DNT-sini parçalamır və onun üzərindəki genetik məlumatı dəyişmir. Preparat virusun çoxalmasını təmin edən genlərin üzərinə xüsusi kimyəvi işarələr yerləşdirir. Bu işarələr hüceyrəyə həmin genlərdən istifadə etməmək siqnalı verir. Nəticədə hüceyrə virus zülallarını hazırlaya bilmir və yeni virus hissəciklərinin yaranması dayanır.
Bu üsul epigenetik müdaxilə adlanır. Sadə dillə desək, virusun DNT-si hüceyrədə qalır, ancaq üzərindəki genlərin fəaliyyəti söndürülür.

Müalicədə CRISPR texnologiyasının dəyişdirilmiş variantından istifadə olunur. Onun tərkibindəki Cas9 zülalı adi CRISPR üsulunda olduğu kimi DNT-ni kəsə bilmir. Bələdçi rolunu oynayan RNT molekulu onu yalnız hepatit B virusunun DNT-sindəki lazımi nöqtəyə aparır. Bundan sonra həmin sahəyə metil adlanan kimyəvi qruplar əlavə olunur və virusun genləri hüceyrə üçün oxunmaz hala gətirilir.

Preparatın bu hissələri yağabənzər maddələrdən hazırlanmış çox kiçik qabıqda qaraciyər hüceyrələrinə çatdırılır.
DNT-də qırılma yaradılmaması təhlükəsizlik baxımından mühüm hesab olunur. DNT-ni kəsən üsullar arzuolunmaz xromosom dəyişikliklərinə səbəb ola, virusun yeni fraqmentlərinin insanın irsi materialına yerləşməsi və xərçəng riskinin artması ehtimalını yarada bilər.

Heyvanlar üzərində sınaqlar nə göstərib?

Preparat əvvəlcə laboratoriyada insanın hepatit B-yə yoluxdurulmuş  qaraciyər hüceyrələrində sınaqdan keçirilib. Müalicədən sonra virusun səth və “e” antigenlərinin miqdarı nəzarət nümunələri ilə müqayisədə 98 faiz azalıb.
Siçanlarda preparatın bir dozası virus göstəricilərini altı ay ərzində aşağı səviyyədə saxlayıb. Üç ay ərzində ayda bir dəfə verilən dozalardan sonra heyvanların 90 faizində həm hepatit B-nin səth antigeni, həm də virus DNT-si laboratoriya cihazlarının müəyyən edə bilməyəcəyi həddə düşüb.

Meymunlar üzərində aparılan təhlükəsizlik sınaqlarında yalnız ən yüksək dozanı qəbul edən heyvanlarda qaraciyər fermentlərinin müvəqqəti artması müşahidə olunub. Tədqiqatçılar doqquz insandan götürülmüş hüceyrələrdə də preparatın insan genlərinin fəaliyyətinə arzuolunmaz təsir göstərdiyinə dair əlamət aşkarlamayıblar.

Bununla belə, heyvanlarda alınan nəticələrin insanlarda da təkrarlanacağına zəmanət yoxdur. Tədqiqat müəllifləri etiraf edirlər ki, istifadə olunan heyvan modelləri insanlarda xroniki hepatit B infeksiyasının bütün xüsusiyyətlərini əks etdirmir.

“Tam sağalma” nə deməkdir?

Tədqiqatçılar yeni üsulun gələcəkdə hepatit B-nin “funksional müalicəsinə” imkan verə biləcəyini düşünürlər. Bu, virusun bütün izlərinin orqanizmdən fiziki olaraq silinməsi demək deyil. Məqsəd virusu o qədər uzun müddət fəaliyyətsiz saxlamaqdır ki, insan gündəlik dərman qəbul etmədən yaşaya bilsin, qanında virusun DNT-si və səth antigeni aşkarlanmasın.

Preparatın insanlar üzərində sınağı hələ ilkin mərhələdədir. Hazırda ilk növbədə onun təhlükəsizliyi, münasib dozası və orqanizmdə yaratdığı dəyişikliklər qiymətləndirilir. Müalicənin xəstəliyi neçə il nəzarətdə saxlaya biləcəyini və gündəlik dərmanları əvəz edib-etməyəcəyini müəyyənləşdirmək üçün daha geniş və uzunmüddətli sınaqlar tələb olunur.

“Politfm”