Foto: “primeminister.am”
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin dəmir yolu şəbəkəsinin Rusiya şirkətinin idarəçiliyində olması beynəlxalq sərmayəçilər və yükdaşıma şirkətləri üçün sanksiya riski yaradır. O qeyd edib ki, belə vəziyyət yeni regional nəqliyyat marşrutlarının Ermənistandan yan keçməsi ilə nəticələnə bilər.
Paşinyan bu barədə sentyabrın 19-da BOON TV-nin “Üçüncü müddət” proqramına verdiyi müsahibədə danışıb.
Baş nazir vurğulayıb ki, Ermənistanın dəmir yollarının Rusiyanın konsessiya idarəçiliyində olması Yerevan üçün özlüyündə problem deyil. Əsas çətinlik Rusiya ilə Qərb arasındakı gərginlik və Moskvaya tətbiq olunan sanksiyalarla bağlıdır.
“Ermənistan dəmir yolunun Rusiyanın konsessiya idarəçiliyində olması ilə bağlı heç bir problemimiz yoxdur. Problem odur ki, Rusiya ilə Qərb arasındakı gərginliyə görə öz təşəbbüsümüzdən yenidən kənarda qala bilərik” – Paşinyan belə deyib.
Onun sözlərinə görə, Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olduğu 30 ildən artıq dövrdən sonra beynəlxalq dəmir yolu şəbəkəsinə qoşulmaq üçün tarixi imkan əldə edib. Lakin sərmayəçilər sanksiyaya məruz qalmaq ehtimalını nəzərə alaraq Rusiyanın idarə etdiyi infrastruktura vəsait yatırmaqdan və həmin marşrutla yük daşımaqdan çəkinirlər.
Paşinyan xəbərdarlıq edib ki, indiki halda Ermənistan regional yükdaşımalarında yalnız Azərbaycanla Naxçıvanı birləşdirən qısa keçidə çevrilə bilər. Qatarlar Ermənistan ərazisinə Nrnadzor yaxınlığından daxil olub Mehri bölgəsindən keçərək Ağarak istiqamətində ölkəni tərk edə, əsas yük axını isə Naxçıvandan birbaşa Türkiyəyə yönələ bilər.
Bu halda yüklər Ermənistanın daxilindən şimala, daha sonra Gümrü–Qars xətti ilə Türkiyəyə daşınmayacaq. Ölkə həm tranzit gəlirlərindən, həm sərmayələrdən, həm də yeni iş yerlərindən məhrum olacaq.
Türkiyə 2025-ci ildə Naxçıvanla birbaşa əlaqə yaradacaq 224 kilometrlik Qars–Dilucu dəmir yolunun tikintisinə başlayıb. Ermənistan ərazisindən keçən Qars–Gümrü xəttinin açılması isə hələ müzakirə mərhələsindədir. Paşinyanın fikrincə, Ermənistan Türkiyənin layihəsinə mane ola bilməz, lakin onunla rəqabət aparmaq imkanına malik olmalıdır.
Baş nazir hesab edir ki, Rusiyanın Ermənistan dəmir yollarına əlavə sərmayə yatırması əsas problemi aradan qaldırmayacaq. İnfrastruktur yenə Rusiya şirkətinin idarəçiliyində qalacağı üçün beynəlxalq şirkətlərin sanksiya ilə bağlı narahatlığı davam edəcək.
Paşinyan bu səbəbdən Moskvanın konsessiya hüququnu Ermənistanın razılığı ilə hər iki ölkənin qəbul etdiyi üçüncü tərəfə satmasını təklif edir. O, inkişaf etmiş dəmir yolu infrastrukturu və bu sahədəki təcrübəsi baxımından Qazaxıstanın Ermənistan üçün məqbul namizəd olduğunu bildirib.
Üçüncü ölkə ilə bağlı təklif yeni deyil. Paşinyan bu fikri ilk dəfə fevralda səsləndirib, avqustda parlamentdə yenidən gündəmə gətirib. Son müsahibəsində isə təklifin səbəbini daha geniş izah edərək əsas problemin Rusiyaya qarşı sanksiyalar üzündən sərmayəçilərin və yükdaşıyanların Ermənistan marşrutundan uzaq durması olduğunu bildirib.
Paşinyan Yerevanın konsessiyanı birtərəfli qaydada ləğv etməyə yox, Moskva ilə razılaşdırılmış həllə üstünlük verdiyini vurğulayıb. Dəmir yolları ilə bağlı məsələ Rusiya rəsmiləri ilə qaz təchizatı və ikitərəfli əməkdaşlığın digər sahələri ilə birlikdə müzakirə ediləcək.
Ermənistan dəmir yolu şəbəkəsinin idarəçiliyi 2008-ci ildə 30 illik müqavilə əsasında Rusiyanın dövlət şirkəti “Rusiya Dəmir Yolları”na verilib. Şəbəkəni şirkətin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu” idarə edir. Müqavilə 2038-ci ilədək qüvvədədir və daha 10 il uzadıla bilər. Dəmir yolu infrastrukturu isə Ermənistan dövlətinin mülkiyyətində qalır.
“Politfm”



