Foto: internet
2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin proqnozuna görə, 2027-ci ildə büdcə gəlirləri bu illə müqayisədə 1.6 faiz, xərcləri isə 1.7 faiz artacaq.
Dövlət büdcəsi gəlirlərinin 39.5 faizinin neft-qaz, 60.5 faizinin isə qeyri-neft-qaz sektoru hesabına formalaşacağı gözlənilir.
Vergi daxilolmaları artacaq
Gələn ilin büdcə layihələrində də, bu il olduğu kimi, vergi yığımlarının artacağı görünür: “2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430 milyon manat təşkil edəcək. Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520 milyon manat (9 faiz), 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74.8 milyon manat (12.7 faiz) çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80.6 faizi (14 milyard 850 milyon manat) qeyri-neft-qaz sektorunun, 19.4 faizi (3 milyard 580 milyon manat) neft-qaz sektorunun payına düşür”.
Bu ildən Azərbaycanda özəl sektorda 7 illik güzəşt müddəti başa çatıb və bu sahədə çalışanların əməkhaqları yenidən gəlir vergisinə cəlb olunub. Üstəlik, bu vergi 2027–2028-ci illərdə mərhələli şəkildə artacaq.
Neftin büdcə qiyməti dəyişməz qaldı
Gələn ilin icmal və dövlət büdcəsi layihələrində “Azeri Light” markalı neftin bir barelinin qiyməti, ötən il olduğu kimi, 65 ABŞ dolları səviyyəsində saxlanılıb. Müqayisə üçün, bu ilin birinci yarısında ölkənin ixrac etdiyi neftin real orta qiyməti proqnozlaşdırılandan xeyli yüksək – 94.5 ABŞ dolları olub.
Bu il qlobal bazarda neftin bahalaşması bir sıra münaqişələrin gərginləşməsi və Hörmüz boğazının bağlanması ilə izah olunur. Qiymətlərin yüksəlməsinin əksinə olaraq son illərdə Azərbaycanda neft hasilatı davamlı şəkildə aşağı düşür. 2009-cu ildə ölkədə 50 milyon ton neft hasil edildiyi halda, ötən il bu göstərici 28 milyon tona qədər geriləyib.
“Politfm”



