Rusiya Prezidenti Vladimir Putin, Hindistanın Baş naziri Narendra Modi, Çinin sədri Si Tszinpin, İran Prezidenti Məsud Pezeşkian və digər BRICS liderləri XVIII BRICS Sammitində; Nyu-Dehli, 12 sentyabr 2026 (foto: Hindistan Baş nazirinin Ofisi/PIB)

 

 

ABŞ İranla müharibəni başladıb, amma Vaşinqtonun onu öz şərtlərilə başa çatdırmaq üçün etibarlı çıxış yolu yoxdur. “Foreign Policy” jurnalında dərc olunan məqalənin müəllifi Əmir Həndcani hesab edir ki, mümkün razılaşmanın əldə edilməsi üçün ABŞ rəqiblərinin – Çin, Hindistan və Rusiyanın köməyinə ehtiyac duyacaq.

Məsuliyyətli Dövlətçilik üzrə Kuinsi İnstitutunun idarə heyətinin üzvü olan Həndcaninin fikrincə, Rusiya İrana təhlükəsizlik təminatı, Çin sanksiyalardan asılı olmayan iqtisadi dayaq, Hindistan isə Vaşinqtonla Tehran arasında vasitəçilik kanalı verə bilər.
Müəllif bu qənaətə Yeni Dehlidə keçirilmiş BRICS sammitinin nəticələrini və İran müharibəsinin altı aydan sonra gəlib çatdığı vəziyyəti təhlil edərək gəlir.

Vaşinqtonun qarşısında iki əlverişsiz seçim var

Həndcani yazır ki, müharibə Tramp administrasiyasının gözlədiyi istiqamətdə getməyib. ABŞ və İsrailin zərbələri İranın nüvə proqramına ziyan vursa da, onu tam dayandırmayıb və Tehranda hakimiyyət dəyişikliyinə səbəb olmayıb.

Donald Tramp müharibəni elə yekunlaşdırmaq istəyir ki, İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını və Tehranı geri çəkilməyə məcbur etdiyini deyə bilsin. Lakin müəllifin fikrincə, ABŞ prezidentinin qarşısında siyasi baxımdan əlverişsiz olan iki seçim var: uzunmüddətli və getdikcə daha çox narazılıq doğuran hərbi əməliyyatları davam etdirmək, yaxud öz tərəfdarlarının və İsrailin güzəşt kimi qiymətləndirəcəyi razılaşmaya getmək.
İran isə ABŞ-nin təklif edə bilmədiyi iki təminat tələb edir. Tehran gələcək hücumların qarşısını ala biləcək etibarlı təhlükəsizlik zəmanəti və Vaşinqtonun istənilən vaxt dayandıra bilməyəcəyi iqtisadi çıxış yolu axtarır.

İran rəsmilərinin mövqeyinə görə, ABŞ administrasiyasının verdiyi siyasi təminat sonradan başqa prezident, hətta həmin administrasiyanın özü tərəfindən ləğv edilə bilər. Dollar əsaslı maliyyə sistemindən asılı sanksiya güzəştləri də Vaşinqtonun qərarı ilə yenidən dayandırıla bilər.

Müəllif hesab edir ki, Tehran üçün bu boşluğu müəyyən dərəcədə Rusiya, Çin və Hindistan doldura bilər.

Rusiyanın rolu: təhlükəsizlik təminatı və danışıqlarda zəmanət

Rusiya ilə İran arasında uzun illər ərzində formalaşmış müdafiə əməkdaşlığı mövcuddur. Bu əlaqələrə hava hücumundan müdafiə sistemlərinin tədarükü, hərbi təlimlər və iki ölkə arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sazişi daxildir.
Həndcani etiraf edir ki, Ukraynadakı müharibə Rusiyanın hərbi imkanlarının böyük hissəsini cəlb etdiyi üçün Moskva İranı ABŞ-nin və ya İsrailin yeni zərbələrindən fiziki baxımdan tam qoruya bilməz. Bununla belə, Rusiya mümkün razılaşmanın siyasi təminatçılarından biri ola bilər.

Müəllifin təklif etdiyi ssenariyə əsasən, Moskva İranın nüvə proqramına nəzarət mexanizmində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birlikdə iştirak edə və Tehranla Qərb arasında əlaqə kanalı rolunu oynaya bilər.
Rusiyanın prosesə qoşulması İran rəhbərliyinə əldə olunan razılaşmanı ölkə daxilində ABŞ qarşısında təslimiyyət deyil, bərabər tərəflər arasında bağlanmış saziş kimi təqdim etməyə imkan verər.

Çin İrana iqtisadi çıxış yolu verə bilər

Çinin mümkün rolu isə əsasən iqtisadi sahə ilə bağlıdır. Pekin İranın ixrac etdiyi neftin böyük hissəsini alır və illərdir bu ticarəti vasitəçi şirkətlər və dollar sistemindən kənar hesablaşmalar vasitəsilə davam etdirir.
Müəllifə görə, İranla Çin arasında 2021-ci ildə imzalanmış 25 illik əməkdaşlıq sazişi çərçivəsində investisiyaların genişləndirilməsi Tehrana ABŞ sanksiyalarının ləğvindən asılı olmayan iqtisadi perspektiv verə bilər.

Müharibənin bitməsində Çinin də marağı var. İranla qarşıdurmanın uzanması Pekinin ehtiyac duyduğu neft axınını və beynəlxalq gəmiçilik marşrutlarını pozur. Buna görə də Çin Tehranı razılaşmaya sövq etmək üçün həm iqtisadi təsir imkanına, həm də siyasi səbəblərə malikdir.
Lakin Pekinin rolu ABŞ sanksiyalarını əvəzləməkdən ibarət olmayacaq. Həndcaninin fikrincə, Çin İrana sanksiyaların təsirini zəiflədəcək və ölkənin iqtisadi gələcəyini yalnız Vaşinqtonun qərarlarından asılı vəziyyətdən çıxaracaq alternativ təmin edə bilər.

Hindistan hər iki tərəflə danışa bilən azsaylı ölkələrdəndir

Hindistanın mövqeyi Çin və Rusiyanın mövqeyindən fərqlənir. Yeni Dehli “Quad” formatında ABŞ ilə təhlükəsizlik istiqamətində əməkdaşlıq edir, eyni zamanda İranla siyasi və iqtisadi əlaqələrini də qoruyur.
Bu münasibətlərdə Çabahar limanı xüsusi yer tutur. Hindistan həmin limanı Mərkəzi Asiyaya çıxış və regional ticarət üçün mühüm layihə hesab edir.

Həndcani yazır ki, Hindistan həm Vaşinqton, həm də Tehranla danışa bilən və tərəflərdən heç birində avtomatik etimadsızlıq yaratmayan azsaylı ölkələrdəndir. Yeni Dehli İranın nüvə silahı əldə etməsini istəmir, eyni zamanda Körfəzdə uzunmüddətli qeyri-sabitlikdən də ciddi zərər görə bilər.

Hindistanın enerji idxalı, regional ticarəti və Körfəz ölkələrində yaşayan milyonlarla hindistanlının göndərdiyi pul vəsaitləri bu regiondakı sabitlikdən asılıdır. Buna görə ölkə gizli danışıqlar üçün əlaqələndirici və ya mümkün danışıqlara ev sahibliyi edən tərəf ola bilər.

Mümkün razılaşma necə ola bilər?

Məqalədə danışıqlar barədə konkret fikirlər səsləndirilmir. Müəllif mümkün razılaşmanın nəzəri modelini təqdim edir.

Bu ssenariyə görə, İran nüvə proqramına beynəlxalq nəzarəti qəbul edir və Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birlikdə həmin mexanizmin təminatçılarından birinə çevrilir. Çin İran iqtisadiyyatına sərmayələri və neft ticarətini genişləndirir. Hindistan isə tərəflər arasında diplomatik əlaqəni təmin edir və sonrakı danışıqlara ev sahibliyi edə bilər.

Belə razılaşma Trampa İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını deməyə, Tehrana isə ABŞ qarşısında təslim olmadığı iddiasını qorumağa imkan verər. Eyni zamanda ABŞ qüvvələrinin regionda uzun müddət qalmasına və İsrailin yeni hücumlarına ehtiyac azala bilər.

Körfəz ölkələri də əlaqələrini təkcə ABŞ ilə məhdudlaşdırmırlar

Həndcani hesab edir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər bu dəyişiklikləri Vaşinqtondakı müzakirələrdən daha aydın görür.

Körfəz dövlətləri ABŞ ilə əsas təhlükəsizlik əlaqələrini saxlasalar da, son illərdə Çinlə iqtisadi, Rusiya ilə isə siyasi və müdafiə əlaqələrini genişləndiriblər. Müəllif bunu ABŞ-dən imtina yox, müxtəlif güc mərkəzləri arasında tarazlıq yaratmaq cəhdi kimi qiymətləndirir.

İran müharibəsinin Çin, Rusiya və Hindistanın iştirakı ilə başa çatması bu ölkələrə göstərə bilər ki, BRICS çərçivəsində qurulan münasibətlər yalnız siyasi rəmz deyil, regional böhranların həllində istifadə oluna biləcək vasitədir. Belə nəticə ABŞ-nin Yaxın Şərqin təhlükəsizlik qaydalarını təkbaşına müəyyənləşdirdiyi dövrün zəiflədiyini də göstərə bilər.

Müəllifin qənaətinə görə, Vaşinqton rəqiblərinin prosesdə iştirakını məğlubiyyət kimi yox, müharibəni bitirmək üçün mövcud reallıq kimi qəbul etməlidir:
“ABŞ-nin asanlıqla qalib gələ bilmədiyi müharibədən çıxış yolu birbaşa Tehrandan yox, Yeni Dehli, Moskva və Pekindən keçə bilər”.

“Politfm”