ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçisi Ərəbistan dənizindəki “USS George Washington” aviadaşıyıcısında (foto: “Reuters”)

 

Avqustun 1-nə olan məlumata görə, ABŞ-nin İranla müharibəsi  Pentaqona təxminən 38 milyard dollara başa gəlib. ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) hesablamasına görə, münaqişə davam edərsə, hər ay əlavə 2–3 milyard dollar tələb oluna bilər (“Reuters”).

Aylıq xərc döyüşlərin intensivliyindən asılıdır. May və iyun aylarındakı nisbətən aşağı intensivlik davam edərsə, xərc təxminən 2 milyard dollar, iyul səviyyəsinə yüksələrsə, 3 milyard dollar olacaq. Qarşıdurma daha da kəskinləşərsə, məbləğ bundan da çox ola bilər.
CBO-nun hesablaması müdafiə naziri Pit Heqsetin iyulda Senatda açıqladığı 37,5 milyard dollarlıq rəqəmə yaxındır. Lakin Pentaqon qurumun məlumat sorğularına cavab vermədiyi üçün hesabat əsasən dövlət məlumat bazalarına və açıq mənbələrə söykənir. CBO buna görə hesablamalarda xeyli qeyri-müəyyənliyin olduğunu bildirir.

Xərclərin yarıdan çoxu sursatın əvəzlənməsinə sərf edilir

Hesabata əsasən, sərf olunmuş sursatın yerini doldurmaq üçün 21,7 milyard dollar lazımdır. Bunun 13,1 milyard dolları raketdən müdafiə sistemlərində istifadə edilən önləyici raketlərin, 7,3 milyard dolları isə yerüstü hədəfləri vurmaq üçün buraxılan qanadlı raketlərin payına düşür.

Əlavə uçuşlara 10,4 milyard, yanacağın bahalaşmasına 2,7 milyard, döyüşlərdə itirilmiş texnikanın əvəzlənməsinə 1,9 milyard, digər əməliyyatlara isə 1,5 milyard dollar hesablanıb.
CBO bildirir ki, ABŞ 2025-ci ilin iyunundan bəri “Patriot”, THAAD, SM-3 və SM-6 sistemləri üçün aldığı önləyici raketlərin ehtimalən yarısından üçdə ikisinədək hissəsini istifadə edib. Bu rəqəmə həm 2025-ci ilin iyunundakı 12 günlük müharibə, həm də 2026-cı ilin fevralında başlayan əməliyyatlar daxildir.

İstehsal artırılsa belə, həmin ehtiyatların əvvəlki səviyyəyə qaytarılması azı beş il çəkə bilər. CBO hesab edir ki, bu çatışmazlıq Çinlə mümkün qarşıdurma, xüsusilə Tayvan ətrafında müharibə baş verərsə, ABŞ-nin müdafiə imkanlarını məhdudlaşdıra bilər.

Bütün xərclər hesablamaya daxil edilməyib

CBO-nun 38 milyard dollarlıq qiymətləndirməsinə Yaxın Şərqdəki ABŞ bazalarının təmiri və ya yenidən qurulması daxil deyil. Qurum Pentaqondan lazımi məlumatları ala bilmədiyi üçün bu zərərin məbləğini müəyyənləşdirə bilməyib.
Hesabatda həlak olan və yaralanan hərbçilərlə bağlı xərclər, veteranlara gələcək tibbi xidmət və müavinətlər, istifadə edilmiş hərbi texnikanın sonrakı təmiri, diplomatik əməliyyatlar və xarici yardım da nəzərə alınmayıb.

“Reuters”-in məlumatına görə, müharibənin borclanma yolu ilə maliyyələşdirilməsinin faiz xərcləri də 38 milyard dollara daxil deyil və uzun müddətdə yekun məbləği on milyardlarla dollar artıra bilər.
Pentaqonun baş müfəttişinin ayrıca hesabatında isə İranın zərbələri nəticəsində ABŞ-nin regiondakı bazalarında yüzlərlə tikilinin, habelə qırıcıların, yanacaqdoldurma təyyarələrinin və dronların zədələndiyi və ya məhv edildiyi bildirilib. Baş müfəttiş müharibənin iyunun 19-dək xərcini 33,4 milyard dollar qiymətləndirib. Bu məbləğə diplomatik obyektlərə vurulmuş təxminən 184 milyon dollarlıq zərər də daxildir.

İnflyasiya proqnozdan yüksək olacaq

CBO-nun hesablamasına görə, müharibə 2027-ci ilin birinci rübündə ABŞ-də illik inflyasiyanın fevral proqnozundan 0,5 faiz bəndi yüksək olmasına səbəb olacaq. Ərzaq və enerji qiymətlərini nəzərə almayan baza inflyasiyası isə əvvəlki proqnozu 0,3 faiz bəndi üstələyə bilər.

Qiymət artımının əsas səbəbi Hörmüz boğazından neft və qaz daşımalarının azalması, eləcə də Qırmızı dənizdə gəmiçiliyin pozulmasıdır. Enerjinin bahalaşması yanacaq qiymətlərinə birbaşa, daşınma və istehsal xərcləri vasitəsilə isə digər mallara dolayı təsir göstərir.

Ağ Ev və Pentaqon hesabatla razılaşmır

Ağ Evin sözçüsü Anna Kelli ABŞ ordusunun prezidentin qarşıya qoyduğu məqsədləri yerinə yetirmək üçün kifayət qədər sursat və ehtiyata malik olduğunu bildirib.
Pentaqonun baş sözçüsü Şon Parnell də sursat çatışmazlığı barədə nəticələrlə razılaşmayıb:
“Prezidentin seçdiyi vaxtda və yerdə zərbə endirmək üçün lazım olan hər şeyimiz var”.

Hesabat Nümayəndələr Palatasının Büdcə Komitəsində demokratların aparıcı üzvü Brendan Boylun müraciəti əsasında hazırlanıb. Boyl müharibənin amerikalı vergiödəyicilərinə on milyardlarla dollara başa gəldiyini və qiymət artımını sürətləndirdiyini bildirib. Müharibədə indiyədək ABŞ-nin 18 hərbçisi həlak olub.

“Politfm”