Rusiya qüvvələrinin FPV-dronla vurduğu sərnişin mikroavtobusu; Nikopol, Ukrayna; 16 sentyabr 2026 (foto: Ukrayna Milli Polisi / “Ukrainska Pravda) 

 

 

Sentyabrın 15-dən 16-na keçən gecə Rusiya və Ukrayna qarşılıqlı hava hücumlarını davam etdiriblər. Ukraynada sərnişin avtobusu, anbarlar, sənaye və enerji obyektləri, eləcə də sərnişin qatarı zərbələrə məruz qalıb. Rusiya tərəfi isə ölkənin bir neçə regionu və işğal olunmuş Krım üzərində Ukrayna dronlarının vurulduğunu açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində ölkəyə 113 zərbə PUA-sı göndərib. Onların təxminən 70-nin “Şahed” olduğu bildirilib. Saat 09:00-a olan məlumata əsasən, 89 dron vurulub və ya radioelektron vasitələrlə zərərsizləşdirilib. Altı məkanda 22 PUA-nın birbaşa zərbəsi, iki məkanda isə qalıqların düşməsi qeydə alınıb.
Gecənin ən ağır nəticəsi Dnepropetrovsk vilayətinin Nikopol rayonunda qeydə alınıb. Səhər saat 08:00 radələrində Rusiya FPV dronu Dnipro istiqamətində hərəkət edən marşrut avtobusunun damına çırpılıb. Dörd kişi və bir qadın hadisə yerində həlak olub, yeddi nəfər ağır yaralanıb. (“Ukrainska Pravda”).

Kiyevin Svyatoşın rayonunda dron qalıqlarının anbar ərazisinə düşməsi nəticəsində yanğın başlayıb. Bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib (“Ukrinform”).
Rusiya qüvvələri 122 nömrəli “Kiyev–Mikolayiv” sərnişin qatarına da zərbə endirib. “Ukrzaliznıtsya”nın məlumatına görə, əvvəlcədən alınmış xəbərdarlıq sayəsində sərnişinlər, maşinistlər və qatar heyəti təxliyə edilib, xəsarət alan olmayıb. Sərnişinlərin daşınması üçün avtobuslar ayrılıb.

Poltava vilayətində dron sənaye obyektinə düşüb, enerji infrastrukturu da hücuma məruz qalıb. Yerli administrasiya bu hücumda xəsarət alan olmadığını bildirib.
Ukrayna Hərbi Hava Qüvvələri Zaporojye şəhərinin “Tornado-S” sistemindən buraxılmış 10 reaktiv mərmi ilə vurulduğunu da açıqlayıb. Ölən və yaralananların olduğu bildirilsə də, ilkin məlumatda onların sayı göstərilməyib.

Eyni gecə Ukrayna dronlarının Rusiya ərazisinə hücumu barədə də məlumatlar yayılıb. Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Bryansk, Kaluqa, Oryol, Rostov və Həştərxan vilayətləri, Krasnodar diyarı, işğal olunmuş Krım və Qara dəniz üzərində ümumilikdə 71 təyyarə tipli PUA vurulub. Bu rəqəmlər Ukrayna tərəfindən təsdiqlənməyib. Hücumla əlaqədar Soçi və Gelencik hava limanlarında uçuşlar müvəqqəti məhdudlaşdırılıb (“Vedomosti”).

Rostov vilayətinin rəhbəri Yuri Slyusar dronların Millerovo və Kamensk rayonları üzərində vurulduğunu, ilkin məlumata görə, insan tələfatı və yerüstü dağıntının olmadığını bildirib.
Belqorod vilayətinin operativ qərargahı isə Krasnaya Yaruqa qəsəbəsində dronun avtomobilə zərbə endirməsi nəticəsində iki kişinin yaralandığını açıqlayıb. Onlardan birinin çoxsaylı qəlpə yaraları aldığı, ayağının travmatik amputasiya edildiyi və vəziyyətinin son dərəcə ağır olduğu bildirilib. İkinci şəxsdə akustik travma müəyyənləşdirilib. Ukrayna tərəfi hadisə ilə bağlı açıqlama verməyib.

“Politfm”