Foto: internet
Azərbaycanda 2027–2032-ci illər üzrə qida təhlükəsizliyi Dövlət Proqramı təsdiqlənib. Sənəd rəqəmsal izlənmə, HACCP sistemi, süni intellekt və “Vahid Sağlamlıq” yanaşması kimi yeni istiqamətlər müəyyənləşdirsə də, tədbirlərin bir hissəsi əvvəlki proqram dövründə tamamlanmayan öhdəliklərin davamıdır.
2026-cı ilin mayında ərzaq istehsalının və özünütəminetmənin artırılması üçün ayrıca bir proqram da qəbul edilmişdi – 2026–2030-cu illəri əhatə edən kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafı proqramı. Buğda, kərə yağı, diri heyvan və mal ətinin əsas idxal məhsulları olaraq qaldığı yeni sənəddə də qeyd olunur.
Əvvəlki proqramla oxşarlıqlar
Yeni proqramın baza məqsədləri 2019–2025-ci illər proqramındakı hədəflərlə böyük ölçüdə üst-üstə düşür: təhlükəsiz və keyfiyyətli qida təminatı, beynəlxalq standartlara uyğunlaşma, laboratoriya infrastrukturunun inkişafı, risk əsaslı nəzarət, heyvan və bitki sağlamlığı, ixrac imkanlarının genişləndirilməsi və istehlakçıların maarifləndirilməsi.
İdarəetmə modeli də, demək olar ki, dəyişməyib. Həm əvvəlki, həm də yeni proqramda icranın əlaqələndirilməsi AQTA-ya, monitorinq və qiymətləndirmə isə Agentliyin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunur. AQTA ildə bir dəfə Prezidentə hesabat verməlidir. Sərəncamda həmin hesabatların ictimaiyyətə açıqlanması barədə ayrıca tələb yoxdur.
Yeni sənədin əsas fərqi mövzuların genişlənməsidir. Antimikrob preparatlara davamlılıq, zoonoz xəstəliklər, iqlim və bioloji risklər, “Vahid Sağlamlıq” konsepsiyası, qida israfı, elektron izlənmə və süni intellekt əvvəlki proqramla müqayisədə daha qabarıq yer tutur.
Tamamlanmayan hədəflər yenidən proqramlaşdırılır
Ən diqqətçəkən məsələ qida məhsullarının izlənməsi sistemidir. Əvvəlki proqramda qida zəncirinin bütün mərhələlərində məhsulların izlənməsi sisteminin 2019–2022-ci illərdə yaradılması nəzərdə tutulmuşdu. Lakin müvafiq qaydalar yalnız 2023-cü ilin aprelində qəbul edilib və müəssisələrdə mərhələli tətbiqə başlanıb. Yeni proqram artıq sistemin qurulmasının başa çatdırılmasını hədəfləyir, amma ilkin pilot mərhələdə cəmi 50 qida subyektinin proqram təminatına qoşulması nəzərdə tutulur.
Heyvanların identifikasiyası da 2019–2025-ci illərdə həyata keçirilməli idi. Bununla bağlı proqram təminatı hazırlanıb, amma sistemin ölkə üzrə tətbiqi tamamlanmayıb. Yeni sənəd bunu prosesin “daha uzun vaxt tələb etməsi” ilə izah edir və işi növbəti dövrə keçirir.
Oxşar vəziyyət HACCP sistemində də müşahidə olunur. 2019–2025-ci illərə aid proqramda qabaqcıl idarəetmə sistemlərinin iri müəssisələrin 90 faizində, orta müəssisələrin isə 50 faizində tətbiqi nəzərdə tutulurdu. Yeni proqramda isə qida müəssisələrinin 80 faizində HACCP-ın tətbiqi hədəflənir. Amma əvvəlki planın faktiki icra səviyyəsinin və yeni 80 faizlik göstəricinin hansı başlanğıc bazadan hesablanacağı göstərilmir.
92 faizlik icra necə hesablanıb?
AQTA-da 2026-cı ilin fevralında keçirilən müzakirədə əvvəlki proqramın ümumi icra göstəricisinin 92 faiz olduğu açıqlanıb. Ancaq həmin məlumatda bu nəticənin tədbirlər, konkret indikatorlar və proqramın tamamlanmayan 8 faizi üzrə bölgüsü təqdim edilməyib. Ona görə də açıqlanan faiz göstəricisini avtomatik olaraq bütün nəticə hədəflərinin 92 faiz yerinə yetirilməsi kimi şərh etmək mümkün deyil.
Proqramın 2020-ci il üzrə qiymətləndirilməsi də bunu göstərir. Həmin il gözlənilən təsir indikatorları üzrə icra 90,4 faiz qiymətləndirilsə də, tədbirlərin ilkin nəticələri üzrə göstərici cəmi 53,95 faiz olub. AQTA-nın əsas icraçı olduğu tədbirlər üzrə nəticə 58,47 faiz, Kənd Təsərrüfatı Nazirliyində 53,7 faiz, Təhsil Nazirliyində 35 faiz, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində isə sıfır faiz göstərilib. Yəni yekun nəticə əhəmiyyətli dərəcədə qiymətləndirmə səviyyəsindən asılıdır.
Rəsmi sənədlərə əsasən, əvvəlki proqramın real nəticələri də az deyil. Təsdiqlənmiş qida zəhərlənməsi hallarının sayı 2025-ci ildə 2019-cu illə müqayisədə 75 faiz azalıb. Qida təhlükəsizliyi reyestrinə 90 min obyekt və subyekt daxil edilib, 23,5 min yoxlama aparılıb. Minimum tələblərə cavab verən heyvan kəsimi müəssisələrinin sayı 16-dan 101-ə, Avropa İttifaqına məhsul ixracına icazəsi olan istehsal obyektlərinin sayı isə 2-dən 12-yə yüksəlib. On beş laboratoriya modernləşdirilib, onlardan üçü beynəlxalq akkreditasiyadan keçib.
Əvvəlki proqramlarda da hədəflərə çatılmayıb
İndiki sənəddən fərqli olaraq 2001–2010 və 2008–2015-ci illər üzrə proqramlar əsasən istehsalın artırılmasına, fermerlərə dəstəyə, anbar və logistika infrastrukturuna, idxaldan asılılığın azaldılmasına yönəlmişdi. 2008–2015-ci illər üzrə proqrama ümumilikdə 914 milyon manat ayrıldığı açıqlanmışdı.
Bu proqram üzrə nəticələr də birmənalı deyil. 2015-ci ildə taxıl istehsalı 2,8 milyon tonluq hədəfi keçərək təxminən 3 milyon tona çatıb. Tərəvəz və bostan məhsulları üzrə ümumi hədəf də yerinə yetirilib. Ancaq 340 min tonluq ət hədəfinə qarşı 298,6 min ton, 2,4 milyon tonluq süd hədəfinə qarşı 1,92 milyon ton, 1,2 milyon tonluq kartof hədəfinə qarşı isə 839,8 min ton istehsal olunub. Başqa sözlə, böyük maliyyə və istehsal artımına baxmayaraq bütün strateji hədəflər əldə edilməyib.
2027–2032-ci illər üzrə proqram əvvəlkilərdən daha müasir və daha əhatəlidir. Xüsusilə rəqəmsal izlənmə, antimikrob davamlılıq, “Vahid Sağlamlıq”, süni intellekt və qida israfının proqram səviyyəsinə çıxarılması müsbət yenilikdir. Tədbirlər planında ilkin, aralıq və yekun nəticələrin ayrılması da əvvəlki proqramla müqayisədə daha sistemli yanaşmadır.
Amma yeni sənədin icrası proseində əsas sınaq əvvəlki dövrdən qalan izlənmə, heyvanların identifikasiyası və HACCP kimi hədəflərin həqiqətən tamamlanması olacaq. Bunun üçün icra faizindən əlavə, hər il müəssisələrin neçə faizinin real vaxt rejimində izlənməsi, heyvanların neçə faizinin identifikasiya edilməsi, HACCP sisteminin auditdən keçmiş tətbiq səviyyəsi və qida mənşəli xəstəliklərin əhali sayına nisbəti kimi göstəricilər ictimaiyyətə açıqlanmalıdır. Əks halda 6 il sonra köhnə hədəfləri yenidən proqramlaşdırmaq lazım gələcək.
“Politfm”



