İllüstrasiya: Sİ

 

 

ABŞ İrana qarşı indiyədək görünməmiş iqtisadi təcrid kampaniyasına başladığını bildirir. Ancaq Tehranı iqtisadi baxımdan ayaqda saxlayan əsas ölkə – Çin hələ də bu kampaniyanın birbaşa hədəfinə çevrilməyib.

“Foreign Policy” jurnalında dərc olunan təhlilin müəllifləri Henri Tugendhat və Qrant Rumlinin fikrincə, bunun əsas səbəbi Pekinin Vaşinqtona cavab vermək üçün kifayət qədər güclü iqtisadi vasitələrə malik olmasıdır. ABŞ Çini açıq şəkildə hədəfə alarsa, İranla bağlı sanksiya kampaniyası bu iki böyük dövlət arasında yeni ticarət qarşıdurmasına çevrilə bilər.

İran neftinin əsas alıcısı

Çin uzun illərdir İran neftinin ən böyük alıcısıdır. Bəzi hesablamalara görə, İranın ixrac etdiyi neftin təxminən 90 faizi mülkiyyət əlaqələri və marşrutları gizlədilən tanker şəbəkəsi vasitəsilə Çinə göndərilir.
Bu ölkə İran üçün yalnız neft alıcısı deyil. Pekinin yaratdığı Sərhədlərarası Banklararası Ödəniş Sistemi (CIPS) dollarla işləyən maliyyə sistemindən kənarda pul köçürmələrinə imkan verir. İran müharibəsi başlayandan sonra bu sistemdə həyata keçirilən əməliyyatların ümumi gündəlik həcmi 680 milyard yuandan 790 milyard yuana yüksəlib.

Bu səbəbdən ABŞ İran iqtisadiyyatına həqiqətən sarsıdıcı zərbə vurmaq istəyirsə, Çinin neft emalı müəssisələrini və banklarını da hədəfə almalıdır. Vaşinqton indiyə qədər bu addımı atmaqdan çəkinib (“Foreign Policy”).

Vaşinqton Çinin böyük banklarına niyə sanksiya tətbiq etmir?

ABŞ maliyyə naziri Skott Bessentdən yeni sanksiyaların Çinə də şamil olunub-olunmayacağı dəfələrlə soruşulsa da, o, “heç kimin ABŞ sanksiyalarının əli çatmayan yerdə olmadığını” deməklə kifayətlənib.

Bessentdən sanksiyaların niyə dərhal tətbiq edilmədiyi də soruşulub. Nazir buna “Mən qlobal maliyyə sistemini niyə alt-üst etmək istəyim ki?” deyə cavab verib.
Bu cavab Vaşinqtonun qarşısındakı əsas çətinliyi göstərir. Böyük Çin banklarının dollarla əməliyyat aparmaq imkanının məhdudlaşdırılması təkcə Pekinə və Tehrana yox, qlobal ticarətə də ağır zərbə vura bilər.

ABŞ indiyədək Çinin iri müstəqil neft emalı müəssisələrindən birinə, 40 gəmiçilik şirkətinə və daha 60 kiçik vasitəçiyə sanksiya tətbiq edib. Ancaq İrandan neft idxalını maliyyələşdirən böyük Çin bankları hələ hədəfə alınmayıb. İran neftindən əldə olunan gəlirin Çinə və oradan Tehrana çatdırılmasını təmin edən mürəkkəb maliyyə şəbəkəsi də dağıdılmayıb.

“Foreign Policy”-nin müəllifləri qeyd edirlər ki, Pekin məhz buna görə Vaşinqtonun hədələrini hələlik ciddi təhlükə saymır.

Çinin əks tədbir imkanları

Pekin daha əvvəl bəyan edib ki, ABŞ sanksiyaları Çin şirkətlərinə tətbiq edilərsə, cavab tədbirləri tətbiq edəcək.

Çin may ayında xarici sanksiyaların ölkə daxilində icrasının qarşısını alan qaydalardan istifadə edib. Bu qaydalar Çinlə hüquqi və iqtisadi əlaqəsi olan yerli və xarici şirkətlərin ABŞ-nin İranla bağlı sanksiyalarına əməl etməsini qadağan edə bilər.
Pekin həmin qaydaları hələ tam tətbiq etməyib. Lakin bunun özü də Vaşinqtona ünvanlanan xəbərdarlıqdır.

Çinin əlində daha güclü vasitə də var – nadir torpaq elementlərinin ABŞ-yə ixracını məhdudlaşdırmaq. Bu elementlər elektronika, avtomobil, enerji və müdafiə sənayesi üçün həyati əhəmiyyət daşıyır. Çin ötən il onların ixracını dayandıranda ABŞ-də istehsalın bəzi sahələri, xüsusən müdafiə sənayesi ciddi çətinliklərlə üzləşmişdi. Bundan sonra Tramp Çin mallarına tətbiq etdiyi bəzi tarifləri yumşaltmağa məcbur olmuşdu.

ABŞ alternativ təchizat yolları yaratmaq istəsə də, nadir torpaq elementlərinin emalında Çindən asılılığı hələ də yüksək olaraq qalmaqdadır.

Çin qarşıdurma yox, üstün mövqe istəyir

Pekinin sanksiyalardan çəkinməməsi onun ABŞ ilə yeni iqtisadi qarşıdurma istəməsi demək deyil.
Si Tszinpin Çin iqtisadiyyatını ixracdan asılı vəziyyətdən çıxarmağa və daxili tələbatı artırmağa çalışır. Daşınmaz əmlak bazarındakı böhran və pandemiyadan qalan problemlər bu islahatları çətinləşdirir. Ona görə də Çin rəhbərliyinə ABŞ ilə münasibətlərdə müəyyən sabitlik lazımdır.

Pekin sentyabrda ABŞ-də keçirilməsi nəzərdə tutulan Tramp–Si görüşünün də baş tutmasını istəyir. Çin İran məsələsini Vaşinqtonla münasibətlərin əsas mövzusu yox, iki ölkə arasındakı daha böyük rəqabətin bir hissəsi hesab edir.

Beləliklə, Pekin bir tərəfdən İranla əməkdaşlığı davam etdirir, digər tərəfdən bu məsələnin ABŞ ilə genişmiqyaslı ticarət qarşıdurmasına çevrilməməsinə çalışır.

Vaşinqton Çin–İran maliyyə sərhədinə yaxınlaşır

Bugünlərdə ABŞ İranın neft gəlirlərinin Çindən çıxarılmasına vasitəçilik etdiyi iddia olunan maliyyə qurumlarından birinə sanksiya tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin iddiasına görə, İstanbulda yerləşən “Golden Global Yatırım Bankası” Çində İran neftindən əldə olunan gəlirin Türkiyəyə köçürülməsinə yardım edib. Vəsaitin Türkiyədə nağd pula və qızıla çevrildiyi bildirilir. Bankın iki törəmə şirkəti də sanksiya siyahısına salınıb (“Reuters”).

Bu, ABŞ-nin hazırkı kampaniya çərçivəsində NATO ölkəsində yerləşən banka qarşı ilk belə sanksiyasıdır. Bank ittihamları rədd edir, yerli və beynəlxalq qaydalara əməl etdiyini bildirir.
Ancaq burda söhbət nisbətən kiçik maliyyə qurumundan gedir. Vaşinqton hələ də İranla ticarətin əsas maliyyə yükünü daşıyan böyük Çin banklarını birbaşa hədəfə almır. Türkiyədəki banka sanksiya tətbiqi “Foreign Policy” müəlliflərinin əsas fikrini gücləndirir: ABŞ köməkçi kanalları bağlamağa çalışır, lakin Çinlə açıq iqtisadi qarşıdurmadan yayınır.

Tankerlərə zərbələr vəziyyəti dəyişə bilər

Sentyabrın 5-də ABŞ qüvvələri İranın üç neft tankerinə zərbə endirib. ABŞ tərəfi bildirib ki, zərbələr SEPAH-ın iki Amerika hərbi gəmisinə ballistik raketlər atmasından sonra endirilib. Tankerlərdən ikisinin tamamilə sıradan çıxarıldığı, boş olan üçüncü gəminin isə məhv edildiyi açıqlanıb (“Associated Press”).

Ertəsi gün Tehran Hörmüz boğazı yaxınlığında gəmilərin girişinin məhdudlaşdırılacağı yeni zona yaratmağa hazırlaşdığını bildirib. İran rəsmilərinin sözlərinə görə, həmin əraziyə daxil olan gəmilər sanksiya siyahısına salınacaq (“Associated Press”).

Bu hadisələr “Foreign Policy” nəşrində irəli sürülən fikrə mühüm əlavədir. Çin ABŞ sanksiyalarından çəkinməyə və İran neftini almağa davam edə bilər. Lakin İran tankerləri Hörmüzdən çıxa bilməsə, Pekinin yaratdığı hüquqi və maliyyə mexanizmləri problemi həll etməyəcək.

Başqa sözlə, Vaşinqtonun əsas üstünlüyü Çini sanksiyalarla qorxutmaq yox, İran neftinin fiziki daşınmasını çətinləşdirmək ola bilər.

İran neftinə açıq olan əsas yol

ABŞ-nin İrana qarşı iqtisadi kampaniyasının uğuru böyük ölçüdə Çindən asılıdır. Vaşinqton Pekinə ciddi təzyiq göstərmədən Tehranı tam iqtisadi təcrid vəziyyətinə sala bilməz. Çinə qarşı geniş sanksiyalar isə yeni ticarət müharibəsinə, nadir torpaq elementlərinin ixracının dayanmasına və qlobal maliyyə sistemində sarsıntıya səbəb ola bilər.

Pekin bunu anlayır və Vaşinqtonun nə qədər irəli gedə biləcəyini hesablayır, öz təzyiq imkanların qarşı tərəfi geri çəkilməyə məcbur edə biləcəyinə inanır.
İran isə bu iki ölkənin bir-birilə birbaşa iqtisadi qarşıdurmaya girmək istəməməsindən faydalanır. ABŞ böyük Çin banklarını və şirkətlərini hədəfə almaqdan çəkindiyi müddətdə Tehran üçün ən mühüm iqtisadi dəstək “marşrutu” tam bağlanmayacaq.

“Politfm”