İllüstrasiya: Sİ

 

 

2026-cı ilin yanvar–avqust aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 224 milyon 195,4 min manat qaytarılıb (APA). Ötən ilin eyni dövründə bu göstərici 202 milyon 30,6 min manat idi. Beləliklə, geri qaytarılan vəsait bir ildə 22 milyon 164,8 min manat və ya 11 faiz artıb.

Ancaq aylıq göstəricilər artımın hesbat dövründə bərabər bölünmədiyini göstərir. Bu ilin ilk yeddi ayında büdcədən 191 milyon 596,3 min manat qaytarılmışdı. Bu, əvvəlki ilin eyni dövründəkindən cəmi 5,4 faiz çoxdur.

Avqust ayında isə büdcədən 32 milyon 599,1 min manat qaytarılıb. 2025-ci ilin avqustunda isə bu məbləğ 20 milyon 266,4 min manat olmuşdu. Deməli, avqust üzrə geriödənişlər bir ildə 60,9 faiz artıb. Səkkiz ay üzrə yaranan 22,2 milyon manatlıq fərqin 12,3 milyon manatı, başqa sözlə, təxminən 56 faizi yalnız avqustun payına düşür.
Maliyyə Nazirliyi avqustdakı artımın hansı ödənişlər hesabına yarandığını açıqlamayıb.

Ona görə də əsas sıçrayışın istehlakçılara qaytarılan ƏDV, daşınmaz əmlak alışı üzrə geriödənişlər, yoxsa artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil.

İlk yeddi ayın göstəriciləri isə artımın daha çox ölkə daxilində aparılan əməliyyatlarla bağlı ola biləcəyini göstərir. Pərakəndə ticarət, ictimai iaşə, mədəniyyət, tibb və mehmanxana xidmətləri üzrə istehlakçılara qaytarılan ƏDV 108,6 milyon manatdan 122,1 milyon manata yüksəlib. Artım 12,4 faiz təşkil edib.

Nağdsız ödənişlə alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə qaytarılan ƏDV də 17,7 milyon manatdan 20 milyon manata çatıb və 13,1 faiz artıb. Əcnəbilərə “Tax Free” sistemi ilə qaytarılan ƏDV isə əksinə, 5,9 milyon manatdan 5,2 milyon manata düşüb. Bu göstərici xarici alıcıların geriödənişlərdəki artımın əsas mənbəyi olmadığını göstərir.

Geriödənişlərin çoxalması rəsmiləşdirilən ticarət dövriyyəsinin artması ilə də əlaqəli ola bilər. Yeni nəsil kassa aparatlarında qeydə alınan dövriyyə 2026-cı ilin ilk yeddi ayında 14,7 faiz artaraq 17,6 milyard manata çatıb. Eyni dövrdə istehlak qiymətlərinin 5,7 faiz yüksəldiyini nəzərə alsaq, geri qaytarılan vəsaitin artımını yalnız bahalaşma ilə izah etmək olmaz. Dövriyyənin böyüməsi, daha çox əməliyyatın rəsmiləşdirilməsi və alıcıların fiskal çeklərdən daha fəal istifadə etməsi də bu prosesə təsir göstərə bilər.

2026-cı ildən “ƏDV geri al” mexanizmi ƏDV ödəyicisi kimi qeydiyyatda olan bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərin xidmətlərinə də şamil edilir. Lakin bu sahələr üzrə qaytarılan məbləğ ayrıca açıqlanmadığından yeniliyin ümumi artımdakı payını hesablamaq mümkün deyil.

Digər mühüm məqam isə budur: 224,2 milyon manatın hamısı istehlakçılara verilən “ƏDV geri al” vəsaiti deyil. Məsələn, 2025-ci ilin ilk səkkiz ayında ümumi məbləğin 51,6 milyon manatı, yəni təxminən dörddə biri artıq ödənilmiş vergilərin, dövlət rüsumlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasına aid idi. Buna görə də göstəricini sosial ödəniş və ya büdcədən əhaliyə verilən əlavə dəstək kimi qiymətləndirmək doğru olmaz. Söhbət əvvəlcə büdcəyə ödənilmiş və qanunvericiliyə uyğun olaraq geri qaytarılan müxtəlif vəsaitlərin cəmindən gedir.

Geriödənişlərin artması həm də vətəndaşların və sahibkarların qanunla onlara çatmalı olan vəsaiti daha fəal şəkildə geri almasınını əlaməti ola bilər. ƏDV qaytarılmalarının genişlənməsi alıcıları fiskal çek tələb etməyə və nağdsız ödənişə həvəsləndirərsə, bu, ticarət dövriyyəsinin gizlədilməsini çətinləşdirər, vergi sistemində şəffaflığı artırar.

“Politfm”