“Hər şeyi dayandıraq” hərəkatının keçirdiyi etiraz aksiyası; Paris, 10 sentyabr 2025 (foto:”Reuters”)
Fransada 2027-ci il prezident seçkilərinə hazırlıq prosesi getdikcə sürətlənməkdədir. Ancaq ölkədə gələcəyə ümiddən daha çox, narazılıq və bədbinlik hökm sürür. Dövlət xidmətlərinin zəifləməsi, yaşayış xərclərinin artması, milli kimliklə bağlı narahatlıq və siyasətçilərə inamsızlıq ifrat sağçı “Milli Birlik” partiyasının hakimiyyətə gəlmək ehtimalını artırır.
“The Guardian”-da dərc olunmuş məqalənin müəllifi, Avropa Siyasət Mərkəzinin baş elmi əməkdaşı Pol Teylor yazır ki, Fransadakı mövcud ruh düşkünlüyü ötəri siyasi böhran deyil. Onun fikrincə, indiki vəziyyətin kökləri ölkənin tarixində, dövlətçilik ənənəsində və Fransa cəmiyyətinin hakimiyyətlə münasibətlərindədir.
Vaxtilə fransalı səyyah və yazıçı Silven Tesson ölkəsini “özünü cəhənnəmdə sayan insanların yaşadığı cənnət” adlandırmışdı. İndi bu sözlər əvvəlkindən daha aktual görünür.
İfrat sağ üçün əlverişli şərait
Teylor hesab edir ki, seçki indi keçirilsəydi, immiqrasiya əleyhinə mövqeyi ilə tanınan Marin Le Penin qalib gəlmək imkanı kifayət qədər böyük ola bilərdi. Çünki fransalıların böyük bir hissəsi ənənəvi siyasi qüvvələrdən məyus olub, “hamısını sınadıq” düşüncəsi ölkədə geniş yayılıb.
Prezident seçkisinin ilk mərhələsi 2027-ci il aprelin 18-də keçiriləcək və ona qədər siyasi mənzərə tamamilə dəyişə də bilər. Fransada seçkilər əvvəllər də gözlənilməz nəticələrlə yadda qalıb.
2011-ci ildə Beynəlxalq Valyuta Fondunun ozamankı rəhbəri Dominik Stross-Kan prezidentliyə əsas namizədlərdən biri sayılırdı. Lakin bir qalmaqaldan sonra siyasi mübarizədən kənarlaşdı və bir il sonra Fransua Olland prezident seçildi.
2016-cı ildə isə Fransua Fiyon seçkinin favoritlərindən idi. Həyat yoldaşına dövlət hesabına saxta iş yeri təşkil etdiyi barədə məlumat onun kampaniyasını çökdürdü. Nəticədə partiya dayaqları zəif olan gənc mərkəzçi Emmanuel Makron gözlənilmədən hakimiyyətə gəldi.
Bu baxımdan Le Penin qələbəsini indidən qaçılmaz saymaq doğru olmazdı. Amma indiki şərait əvvəlki seçkilərdəki vəziyyətlə müqayisədə onun üçün daha əlverişlidir.
Dövlətdən qeyri-adekvat gözləntilər
Fransadakı böhranın özünəməxsus səbəblərindən biri dövlətin cəmiyyətdə tutduğu yerdir. Fransa Avropada mərkəzləşdirilmiş idarəçilik sistemini ən erkən quran ölkələrdən biridir. XVII əsrdən başlayaraq dövlət iqtisadiyyatın inkişafında aparıcı rol oynayıb.
Bu ənənə İkinci dünya müharibəsindən sonra Şarl de Qollun hakimiyyəti dövründə yenidən gücləndi. Dövlət nüvə energetikasının, aviasiya sənayesinin və böyük infrastruktur layihələrinin inkişafını öz üzərinə götürdü.
Bu, fransalılarda hökumətin iqtisadi və sosial problemləri həll etməli olduğu barədə güclü inam yaradıb. Cəmiyyət yüksək vergiləri və gəlirlərin yenidən bölüşdürülməsini qəbul edir, amma əvəzində keyfiyyətli təhsil, səhiyyə, ədliyyə və sosial müdafiə tələb edir.
Hazırda dövlət xidmətlərinin keyfiyyəti azalmaqdadır. Fransanın dövlət borcu isə ümumi daxili məhsulun 118 faizinə çatıb və Avropada ən sürətlə artan borclardan biridir.
Fransalı sosioloq Mişel Vyevorkanın sözlərinə görə, insanlar dövlət məktəblərinin, səhiyyənin, məhkəmələrin, polisin və vergi sisteminin zəiflədiyini görürlər. Cəmiyyətdə bir vaxtlar müasirliyin önündə gedən ölkənin indi tədricən dağıldığı hissi yaranıb.
Hakimiyyətlə dialoqu çətinləşdirən etiraz ənənəsi
Fransanın siyasi mədəniyyətində üsyan və sərt etiraz xüsusi yer tutur. Kəndli qiyamlarından Paris barrikadalarına, 1789-cu il inqilabından müasir küçə aksiyalarına qədər hakimiyyətə qarşı çıxmaq cəmiyyətin böyük hissəsi üçün qanuni mübarizə yolu sayılıb.
Britaniya və Almaniyadakı həmkarlar ittifaqlarından fərqli olaraq Fransanın həmkarlar ittifaqları da güzəştə və mərhələli islahatlara daha az meyillidirlər. Bu ölkədə pensiya yaşının artırılması və ya sosial xərclərin azaldılması kimi qərarlar adi iqtisadi tədbir yox, sosial hüquqlara hücum kimi qəbul olunur.
Belə şəraitdə hökumətlər uzunmüddətli islahatların səbəbini izah etməkdə çətinlik çəkirlər. Siyasi kompromis zəiflik, güzəşt isə geri çəkilmək təsiri bağışlayır.
Siyasi alətə çevrilən milli və dini kimlik qorxusu
Fransadakı digər həssas məsələ milli və dini kimlikdir. Ölkədə dövlətlə dinin sərt şəkildə ayrılması uzun tarixi mübarizənin nəticəsidir və dünyəvilik prinsipi cəmiyyətin böyük hissəsi tərəfindən müdafiə olunur.
Amma ictimai həyatda xristianlığın təsirinin azalması ilə yanaşı, əsasən immiqrant mənşəli əhali arasında dinin (islamın) qabarıq görünməsi bəzi təbəqələrdə narahatlıq yaradıb. Mühafizəkar siyasətçilər, ifrat sağ və milyarder Vensan Bollorenin yaratdığı media şəbəkəsi bu qorxuları daha da gücləndirir.
Jan-Mari Le Penin 1972-ci ildə yaratdığı “Milli Cəbhə” Avropada immiqrasiya əleyhinə siyasəti proqramının mərkəzinə gətirən ilk böyük millətçi-populist partiyalardan biri idi. Marin Le Pen 2018-ci ildə partiyanın adını “Milli Birlik” qoyaraq onu cəmiyyətdə daha çox qəbulolunan siyasi qüvvə kimi göstərməyə çalışdı.
Partiya antisemitizmlə bağlı keçmişindən uzaqlaşdığını bildirsə də, əsas siyasi xəttini islam və immiqrasiya əleyhinə çıxışlar təşkil edir. “Milli Birlik” sosial yardımların, mənzillərin və səhiyyə xidmətlərinin bölüşdürülməsində Fransa vətəndaşlarına üstünlük verilməsini istəyir.
Xalqdan uzaqlaşan elita
Fransanın siyasi və inzibati elitası İkinci dünya müharibəsindən sonra yenidən qurulub. Yüksək vəzifəli dövlət qulluqçularını və böyük dövlət müəssisələrinin rəhbərlərini hazırlamaq üçün Milli İdarəçilik Məktəbi (ENA) təsis edilib.
Başlanğıcda məqsəd vəzifələrin şəxsi əlaqələrə yox, bilik və bacarığa əsasən bölüşdürülməsini təmin etmək idi. Lakin zaman keçdikcə bu sistem qapalı çevrə halına gəldi. Eyni məktəblərdə təhsil almış, oxşar düşüncə tərzinə malik məmurlar və siyasətçilər bir-birini əvəz etməyə başladılar.
İndi ENA məzunları sadə insanların gündəlik qayğılarından uzaq düşmüş imtiyazlı təbəqə kimi qəbul olunur. Bu inamsızlıq yalnız Makron hökumətinə deyil, bütövlükdə siyasi quruluşa yönəlib.
Asan həll vədlərinin cazibəsi
Teylor yazır ki, Fransadakı böhranın səbəbləri arasında cəmiyyətin iqtisadi gerçəkliklərə qeyri-adekvat yanaşması da var. Cəmiyyətin bir hissəsi dövlət büdcəsini tükənməz mənbə kimi görür və sosial xərclərin azaldılmasını qəbul etmək istəmir.
Bu vəziyyət asan həllər vəd edən siyasi qüvvələrə üstünlük qazandırır. “Milli Birlik” iddia edir ki, immiqrantlara verilən sosial yardımlar dayandırılsa və Fransanın Avropa İttifaqına ödədiyi vəsait azaldılsa, dövlət borcu və büdcə kəsiri aradan qalxacaq.
Radikal solçu Jan-Lük Melenşon isə Fransa Bankının balansında olan dövlət istiqrazlarının ləğvini təklif edir. Bu istiqrazlar ölkənin ümumi dövlət borcunun təxminən 18 faizini təşkil edir. O deyir ki, hər bir şəxsin ala biləcəyi mirasa 12 milyon avroluq hədd qoyulmalı, bu məbləği aşan hissə isə vergiyə cəlb olunaraq gənclərin sosial təminatına yönəldilməlidir.
Həm Le Pen, həm də Melenşon ağrılı islahatlar aparmadan, vergiləri artırmadan və sosial təminatı azaltmadan maliyyə problemlərini həll etməyin mümkün olduğu təsəvvürünü yaradırlar. Pensiya yaşının artırılmasını və ya bəzi sosial ödənişlərin məhdudlaşdırılmasını təklif edən siyasətçilərin belələriylə rəqabət aparması çətindir.
Qəzəbin səsə çevrilməsi təhlükəsi
Fransadakı təhlükə yalnız Marin Le Penin populyarlığının artması deyil. Daha böyük problem cəmiyyətin gələcəyə inamını itirməsi və ifrat siyasi seçimləri son çıxış yolu kimi görməsidir.
Dövlət xidmətlərinin zəifləməsi, yaşayış bahalığı, milli kimliklə bağlı qorxular, siyasi elitaya inamsızlıq və borcun artması bir-birini gücləndirir. Bu şəraitdə seçici proqramları müqayisə etməkdən daha çox, onun qəzəbini və məyusluğunu bölüşən uyğun namizədə səs verə bilər.
Teylorun fikrincə, Fransa üçün əsas təhlükə məhz budur: 2027-ci ildə veriləcək səslərin ölçülüb-biçilmiş siyasi seçimə yox, illər ərzində yığılmış ümidsizliyə əsaslanması. Belə bir nəticə təkcə Fransanın yox, bütün Avropanın və Qərb ittifaqının gələcəyinə təsir göstərə bilər.
“Politfm”



