Foto: İran Prezident Administrasiyası /AFP/ “Getty Images”

 

 

ABŞ Prezidenti Donald Trampın administrasiyası İran rəhbərliyindəki daxili mübahisələri hakimiyyət komandasında parçalanma əlaməti saymaqla ciddi strateji səhvə yol verə bilər.

“Politico” nəşrinin beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Nahal Toosi sentyabrın 2-də dərc olunan təhlilində belə yazır. Müəllifin fikrincə, İranın siyasi sistemindəki çəkişmələr yeni deyil və hələlik hakimiyyətin dağılmağa başladığını göstərən açıq əlamətlər yoxdur.

Tramp aprel ayında İran hökumətində ciddi parçalanmanın olduğunu bildirmişdi. Daha sonra o, Tehranla danışıqlarda qarşı tərəfdə qərar vermək səlahiyyətinin kimə məxsus olduğunu müəyyənləşdirməyin çətin olduğunu demişdi. Administrasiya rəsmilərindən biri isə İran hakimiyyətindəki müxtəlif qrupların bəzən bir-birindən kəskin fərqlənən məqsədlər güddüyünü açıqlamışdı.

Fikir ayrılıqları var, amma parçalanma əlamətləri görünmür

“Politico” yazır ki, İranın hakimiyyət sistemi heç vaxt vahid mövqedən çıxış edən bütöv qurum olmayıb. Müxtəlif siyasi və hərbi qruplar qərarlara təsir göstərmək uğrunda mübarizə aparır, son söz isə ali rəhbərə məxsus olur.
Bununla belə, təxminən yarım əsrlik daxili qarşıdurmalara, siyasi böhranlara və uzunmüddətli müharibələrə baxmayaraq sistem dağılmayıb.

Tramp administrasiyasının Yaxın Şərq siyasəti ilə tanış olan ABŞ rəsmilərindən biri “Politico”-ya deyib ki, İran rəhbərliyində ciddi mübahisələrin olduğu şübhə doğurmur. Amma həmin fikir ayrılıqlarının əvvəlkilərdən fərqləndiyini və hakimiyyət üçün dağıdıcı həddə çatdığını göstərən açıq dəlil yoxdur.

Ağ Ev bu qiymətləndirmə ilə razılaşmır. Administrasiyanın üzvü Anna Kelli bildirib ki, İranla birbaşa danışıqlar aparan ABŞ rəsmiləri Tehrandakı vəziyyət barədə kənar müşahidəçilərdən daha dolğun məlumata malikdirlər.

İran hakimiyyəti əvvəlkindən daha zəifdir

Məqalədə İranın hazırda son onilliklərin ən ağır vəziyyətlərindən biri ilə üzləşdiyi vurğulanır. Ölkənin hərbi qurumlarına və silah ehtiyatlarına böyük zərbə vurulub, müharibənin ilk günlərində onlarla yüksək vəzifəli şəxs, o cümlədən əvvəlki ali rəhbər öldürülüb.

İran ABŞ donanmasının yaratdığı blokada, yeni sanksiyalar və hava hücumları ilə qarşı-qarşıyadır. Ölkə iqtisadiyyatının vəziyyəti hakimiyyət daxilindəki mübahisələri daha görünən edib.

Prezident Məsud Pezeşkian başda olmaqla, bəzi rəsmilər iqtisadi böhranın dərinləşməməsi üçün Vaşinqtonla danışıqların bərpasını istəyirlər. Sərt xətt tərəfdarları isə ABŞ və İran arasında əldə olunmuş və artıq qüvvədən düşmüş anlaşmaya qarşı çıxır, müqavimətin davam etdirilməsini tələb edirlər.

Yeni ali rəhbər Ayətullah Müctəba Xameneinin mövqeyi də birmənalı deyil. Müharibənin əvvəlində ağır yaralandığı bildirilən Xamenei uzun müddətdir ictimaiyyət qarşısına çıxmır. Bununla yanaşı, o, milli təhlükəsizlik rəhbərliyində dəyişikliklər apararaq sərt mövqeli şəxslərin təsirini artırıb.

Əsas mübahisə mövzusu məqsəd yox, üsullardır

Nahal Toosinin danışdığı ekspertlərin əksəriyyəti hesab edir ki, İran rəhbərliyindəki fikir ayrılıqları əsas məqsədlərlə deyil, həmin məqsədlərə çatmağın yolları ilə bağlıdır.
İslam İnqilabı Keşikçiləri Korpusu ali rəhbərə birbaşa tabe olan ən güclü qurumlardan biri olaraq mövqeyini qoruyur. Hakimiyyət daxilindəki müxtəlif qrupları birləşdirən əsas amil isə mövcud sistemi qorumaq istəyidir.

Kral Beynəlxalq Münasibətlər İnstitutunun (“Chatham House”) Yaxın Şərq üzrə eksperti Sanam Vakilin fikrincə, İranın siyasi sistemi həmişə daxili razılaşma əsasında fəaliyyət göstərib. Ona görə də ölkə rəsmiləri digər rəhbər şəxslərin razılığını almadan danışıqlarda qəti öhdəlik götürməkdən çəkinirlər. Vaşinqton bunu hakimiyyətin idarəolunmaz vəziyyətə düşməsi kimi yox, sistemin adi iş qaydası kimi qiymətləndirməlidir.

Beynəlxalq Böhran Qrupunun İran üzrə direktoru Əli Vaez də xarici təzyiqin İran rəhbərliyini parçalamaq ehtimalını zəif sayır. Onun fikrincə, sistem daxilindəki qüvvələr yaranmış böhrandan yalnız birlikdə çıxa biləcəklərini anlayırlar.

Demokratiyaların Müdafiəsi Fondunun əməkdaşı Behnam Ben Taleblu isə uzunmüddətli təzyiqin sonradan hakimiyyət daxilində itaətsizliyə, idarəetmə pozuntularına və ciddi səhvlərə səbəb ola biləcəyini düşünür. Lakin bu, hələlik baş verməyib.

Vaşinqton üçün yanlış analiz riski

“Politico” yazır ki, Tramp administrasiyası Tehran rəhbərliyindəki fikir ayrılıqlarını olduğundan böyük göstərməklə həm hərbi, həm də diplomatik hesablamalarında yanılda bilər.
ABŞ yenidən danışıqlara qayıtmaq qərarına gələrsə, təklif olunan razılaşma İran rəhbərliyindəki mötədil qüvvələrin, sərt xətt tərəfdarlarının və digər təsirli qrupların qəbul edə biləcəyi şəkildə hazırlanmalıdır.

Barak Obama administrasiyasında, daha sonra isə Pentaqonda çalışmış Ariane Tabatabai xatırladır ki, 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində İranda keçirilən kütləvi etirazlar da ABŞ-də hakimiyyətin asanlıqla devrilə biləcəyi təsəvvürünü yaratmışdı. Onun fikrincə, xaricdən göstərilən təzyiq vasitəsilə İran hakimiyyətinin süqutunu sürətləndirmək cəhdi yanlış hesablamaya əsaslanıb.

Nəşrin vurğulayır ki, İran hakimiyyəti zəifləyib və ciddi təzyiq altındadır, ancaq parçalanmayıb. Vaşinqton bu iki vəziyyət arasındakı fərqi nəzərə almasa, Tehranın davranışını və mümkün cavab addımlarını düzgün qiymətləndirə bilməz.

“Politfm”