“Bridgerton” və “Barbie” filmlərinin ulduzu Nikola Koflan (foto: “Getty İmages”)
Hyu Bonnevil, Mett Lukas və Nikola Koklan da daxil olmaqla, 80-ə yaxın britaniyalı aktyor və müğənni hökuməti insanların səsinin süni intellekt vasitəsilə istifadəsinə hüquqi məhdudiyyətlər qoymağa çağırıb.
Bu barədə BBC məlumat yayıb.
“Səsimizi qoruyun – indi!” kampaniyasına qoşulan sənətçilər hesab edirlər ki, Böyük Britaniya parlamenti hər kəsə öz səsi üzərində rəsmi mülkiyyət hüququ verən qanun qəbul etməlidir.
Müasir süni intellekt (Sİ) texnologiyaları real insanların səsini klonlamağa imkan verir. Keyfiyyətsiz bir surət yaratmaq üçün bəzən cəmi bir neçə saniyəlik səs yazısı kifayət edir. Bir neçə saatlıq səs materialı əsasında isə orijinaldan seçilməsi çətin olan yüksək keyfiyyətli klon hazırlamaq mümkündür.
Kampaniyanın təşkilatçıları xəbərdarlıq edirlər ki, bu texnologiyalar yalnız aktyorların hüquqlarını pozmur, həm də cinayətkarların işini asanlaşdırır. Klonlaşdırılmış səslə insanları aldatmağa çalışan dələduzlarla Böyük Britaniyada artıq yetkinlərin 28 faizi qarşılaşıb.
Piter Kolfild deyib ki, “Uyğun süni intellekt sistemi vasitəsilə səsinizi cəmi üç saniyədə klonlamaq, oğurlamaq və sizin adınızdan istifadə etmək mümkündür. Üstəlik, bütün bunlardan xəbəriniz belə olmaya bilər” (“The Guardian”).
Kolfild baş verənləri “Qara güzgü” serialının gerçəkləşmiş bölümünə bənzədir:
“Bu, ‘Qara güzgü’nün bir bölümünü xatırladır. Fərq ondadır ki, indi hər şey real həyatda baş verir. Hökumət süni intellekt şirkətlərinə aktyorların səslərini oğurlayıb bundan pul qazanmağa imkan verir. Cinayətkarlar da insanların səsini və kimliyini təqlid edərək hamını təhlükə altına ata bilirlər. Buna son qoymalıyıq – özü də öz həqiqi səsimizlə”.
Səs oğurluğu
“The Guardian” xatırladır ki, Danimarka kimi ölkələrdə vətəndaşlara öz siması, bədəni və səsi üzərində mülkiyyət hüququ verilir. Bu hüquq insanlara icazəsiz hazırlanmış süni intellekt materiallarının silinməsini və vurulan zərərə görə təzminat ödənilməsini tələb etməyə imkan yaradır.
Müraciətə imza atanlardan biri, audiokitabları səsləndirən Elis Soketdir. O, yaranmış vəziyyətin bütün sahənin gələcəyini təhdid etdiyini düşünür:
“Səsim internetdə geniş yayılıb, amma heç bir hüquqi müdafiəsi yoxdur. Səs oğurluğu ilə getdikcə daha çox qarşılaşırıq. Demək olar, hər həftə belə bir hadisə görürük”.
Böyük Britaniya hökumətinin sözçüsü BBC-yə bildirib ki, rəqəmsal surətlər yaradıcılıq sahəsində çalışanlar üçün güclü vasitəyə çevrilə bilər. Bununla yanaşı, texnologiyanın ciddi təhlükələr yaratdığı da etiraf olunub.
“Yaradıcılıqla məşğul olan insanlara dəyər verir və onların hüquqlarını qoruyuruq. Ona görə də bu cür zərərin qarşısını necə ala biləcəyimizlə bağlı ictimai müzakirələrə başlamaq niyyətindəyik. Eyni zamanda, həqiqi yeniliklərin də qarşısını kəsmək istəmirik” – hökumətin açıqlamasında belə deyilir.
Müraciətə qoşulan aktyorlar isə hökumətin məsələyə çox gec reaksiya verdiyini düşünürlər.
“Derri qızları” serialı ilə də tanınan irlandiyalı aktrisa Şivon Maksuini hesab edir ki, süni intellekt insanı əvəz etməməli, sadəcə onun işini asanlaşdırmalıdır:
“Süni intellektlə işləməyin yolları var. Ondan bizi lazımsız edən qüvvə kimi yox, işimizə kömək edən alət kimi istifadə edə bilərik. Tamaşaçılarımızın süni intellektə yox, insanlar arasında yaranan həqiqi bağa ehtiyacı var”.
Şotlandiyalı müğənni Sendi Tom isə müraciətə səsinin yalnız özünə məxsus olduğuna görə imza atdığını deyir:
“Bu səs yalnız mənimdir. Mən onunla doğulmuşam. Bu səsdə bütün hisslərim, həyatım, ağrılarım, göz yaşlarım və sevincim yaşayır. Yaradıcılıq olmasa, biz heç nəyik”.
Bir neçə ay əvvəl bir qrup hüquqşünas da Britaniya parlamentini süni intellektin istifadəsini tənzimləyən yeni qanunlar qəbul etməyə çağırmışdı. Onların fikrincə, mövcud qanunvericilik artıq dövrün tələblərinə tam cavab vermir.
Vəkil Matilda Peyvis iyunda belə demişdi:
“Qanunlarımız ümumən işə yarayır. Ancaq onlar səsimizi, simamızı və şəxsiyyətimizi yetərincə qorumur”.
Süni intellekt insana səsini qaytara da bilər
Səs klonlama texnologiyasının faydalı tərəflərini xatırladanlar da var. Bu imkan xüsusilə xəstəlik səbəbindən danışmaq qabiliyyətini itirən insanlar üçün böyük əhəmiyyət daşıyır.
Motor neyron xəstəliyindən əziyyət çəkən İvon Conson onlardan biridir. Conson fevralda BBC-yə demişdi ki, səsinin süni intellekt vasitəsilə yenidən yaradılmasının onu heyrətə gətirib.
Bu texnologiya sayəsində İvon ailə üzvləri ilə yenidən öz səsi ilə danışa bilir. Onun yaxınları İvonun səsini artıq unutmağa başlamışdılar.
Bəzi insanlar isə daha da irəli gedərək süni intellekt vasitəsilə təkcə səsi yox, insanın görünüşünü də holoqram şəklində canlandırıblar.
ABŞ-nin Vaşinqton ştatında yaşayan Pem Kronat bu texnologiyadan ərinin dəfn mərasimində istifadə edib. Mərhumun rəqəmsal surəti mərasimə toplaşanlara “müraciət edib”.
“Politfm”



