Foto: “RİA Novosti”

 

 

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını və qəti etirazını Rusiya tərəfinin diqqətinə çatdırılıb (APA).

Xüsusilə də 13 avqust 2026-cı il tarixində “Çistota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib.

Bununla yanaşı, avqustun 7-də “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi barədə səsləndirilmiş fikirlər; Azərbaycanın rəhbərliyinə qarşı avqustun 9-da “YouTube” platformasında, avqustun 16-da isə “Spas” telekanalında yayımlanmış təhqir məzmunlu materiallar, həmin verilişlərdə səsləndirilmiş təxribatçı fikirlər də xatırladılıb.

XİN vurğulayıb ki, Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsi qəbuledilməzdir.

Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsimə baxmayaraq analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

“Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb” – Xarici İşlər Nazirliyinin məlumatında belə deyilir.

“Politfm”