Foto: “Zelenskiy/Official”
Ukrayna ordusu Rusiyanın Qara dəniz sahilindəki strateji Novorossiysk limanına genişmiqyaslı hava zərbələri endirib. Ukrayna Baş Qərargahı “Admiral Makarov” və “Admiral Essen” freqatlarının, “Buyan-M” kiçik raket gəmisinin və “Vasili Bıkov” patrul gəmisinin zədələndiyi bildirib.
“Reuters” yazır ki, hücum nəticəsində iki əsas taxıl terminalı da fəaliyyətini dayandırıb.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməliyyatın “strateji əhəmiyyət” daşıdığını bildirib.
Bölgə qubernatoru Venyamin Kondratyev biri 8 yaşlı uşaq olamqala, hücumda ən azı iki nəfərin həlak olduğunu bildirib. Şəhərdə fövqəladə vəziyyət elan edilib. 20-dən çox yaşayış binası və 4 müəssisə zərər görüb.
Hələ ki müstəqil mənbələr bu xəbəri təsdiqləməyiblər. Amma ötən gecə Novorossiysk limanındakı neft terminalında və Rusiya hərbi gəmiləri və sualtı qayıqlarının dayandığı hərbi limanda yanğınlar baş verib. Monitorinq kanallarının yazdığına görə, Qərb körpüsü və 6 nömrəli körpü də vurulub.
Bundan başqa, Novorossiyskdə su kəməri infrastrukturu zədələnib. Kommunal xidmətlər şəhərə soyuq və isti su verilməsinin müvəqqəti dayandırıldığını bildiriblər. Limandakı taxıl terminalı da fəaliyyətini dayandırıb.
Rusiya dünyanın ən böyük buğda ixracatçısı olduğu üçün Novorossiyskə hava hücumu dünya bazarlarına təsir edib. Çikaqo birjasında buğda fyuçersləri dərhal 3% bahalaşıb. Rusiyanın Taxıl İttifaqı xəbərdarlıq edib ki, Qara dəniz eksportunun dayanması Afrika və Yaxın Şərqdə aclıq riskini artıra bilər.
Rusiyanın zərbələri isə Ukraynanın taxıl ixracını 76% azaldıb. Kiyev alternativ olaraq taxılı Moldova dəmir yolları ilə daşımaq üçün yeni razılaşma əldə edib.
ABŞ-nin xahişi
“Financial Times” qəzetinin xəbərinə görə, ABŞ vitse-prezidenti C.D. Vensin xahişi ilə Ukrayna Novorossiyskdəki Xəzər Boru Kəməri Konsorsiumunu (Qazaxıstan neftini daşıyan və ABŞ şirkətlərinə məxsus qovşaq) vurmamağa razılıq verib.
Ukrayna Prezidenti Volodimir Zelenski münaqişəni bitirmək üçün ABŞ nümayəndələrinə yeni təkliflər verdiyini bildirib. Rusiya isə atəşkəs üçün Ukraynanın 4 bölgədən imtina etməsini şərt qoyur.
Zelenski bugünkü paylaşımında qeyd edib ki, Ukrayna hərbçiləri yanvar-avqust aylarında Rusiyanın daha əvvəl ələ keçirdiyi 26 yaşayış məntəqəsini geri qaytarıb.
O, sosial şəbəkədə yazıb ki, həmin məntəqələr Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin kəsişməsindəki Aleksandrovsk istiqamətində yerləşir.
Prezident 745 kvadratkilometr ərazinin azad edildiyini bildirib.
Zelenski həmçinin qeyd edib ki, bu əməliyyatlarda azı 9550 Rusiya hərbçisi öldürülüb, 6600-dən çoxu yaralanıb.
Son aylar Pokrovskdan cənub-qərbdə, üç vilayətin kəsişməsində Ukrayna qoşunlarının hücumu barədə məlumatlar yayılırdı. Rusiyanın hərbi kanalları Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə irəlilədiyini etiraf edir, ancaq bunun taktiki xarakterli olduğunu deyirdilər.
Cəbhənin digər hissələrində isə mövqelər ya heç dəyişməyib, ya da Rusiya qoşunlarının irəlilədiyi bildirilir. Rusiya qüvvələri son aylar Konstantinovkanın bir hissəsini nəzarətə götürüb, Slavyansk tərəfdə müəyyən qədər irəliləyib, Sumı və Xarkov vilayətlərinin sərhədyanı ərazilərində bir sıra yaşayış məntəqələrini ələ keçirib.
Qərb analitikləri bildirilər ki, 2026-cı ildə Rusiya qoşunlarının irəliləyiş tempi zəifləyib.
“Politfm”



