Foto: açıq mənbə
ABŞ Müdafiə Nazirliyində Rusiya və ya Çinlə müharibə baş verəcəyi təqdirdə daha qısa mənzilli taktiki nüvə silahından istifadəyə önəm verən yeni nüvə strategiyası hazırlanır.
Bu barədə beş məlumatlı mənbəyə istinadən NBC telekanalı məlumat yayıb.
Bu işə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi rəhbərlik edir. O, ABŞ-nin Ukraynaya hərbi yardımının dayandırılması və Amerikanın Avropadakı hərbi mövcudluğunun yenidən nəzərdən keçirilməsi qərarlarında mühüm rol oynayıb.
Yeni plan böhran anında ABŞ prezidentinə mümkün cavab variantları olaraq təqdim ediləcək nüvə zərbəsi növlərinin yenilənməsini nəzərdə tutur.
NBC-yə danışan mənbələrin sözlərinə görə, yeni strategiyanın məqsədi adi müharibənin nüvə müharibəsinə çevrilməsinin qarşısını almaq, eyni zamanda rəqibin münaqişədən öz maraqları naminə istifadə etməsinə imkan verməməkdir və bu, ilk növbədə nüvə qarşıdurmasında Vaşinqtonun özünə əsas rəqib hesab etdiyi Rusiya və Çinlə mümkün regional münaqişələrə aiddir.
NBS yazır ki, Kolbi taktiki nüvə silahının rolunun artırılmasını istəyir və onun yanaşması rəqibin nüvə qüvvələrini məhv etmək üçün uzaqmənzilli strateji zərbə vasitələrindən istifadə barədə hazırkı strategiyaya ziddir. Kolbi isə bildirir ki, ABŞ-nin rəqibləri Vaşinqtonun belə silahdan istifadə etməyə hazır olduğunu onsuz da bilirlər.
Belə yanaşma bir sıra mütəxəssislərdə narahatlıq doğurur. Onların fikrincə, o, çəkindirmə siyasətini zəiflədə bilər, çünki genişmiqyaslı nüvə zərbəsi təhlükəsi arxa plana keçəcək və daha az inandırıcı görünəcək. Bundan əlavə, Kolbinin yanaşması bəzi ssenarilərdə ABŞ ordusunun döyüş hazırlığı səviyyəsini də azalda bilər – hərbçilər nüvə fəlakəti anında tələb edilən tədbirləri həyata keçirmək üçün kifayət qədər hazırlıqlı olmaya bilərlər.
ABŞ Konqresindəki mənbələrdən biri NBC ilə söhbətində Prezident Donald Trampın “Biz nüvə silahından çəkindirmə sistemimizi yenidən güclü etməliyik” sözlərini xatırladıb və deyib ki, Trampın mövqeyinə bundan daha zidd yanaşma təsəvvür etmək çətindir. Onun sözlərinə görə, Amerika prezidenti çəkindirmə sahəsində imkanların azalmasını yox, əksinə, daha çox seçim və imkan olmasını istəyir.
Həm Tramp, həm də Pentaqon daha əvvəl bəyan ediblər ki, ABŞ eyni vaxtda iki nüvə rəqibinə – Çin və Rusiyaya qarşı durmağa məcburdur. ABŞ Müdafiə Nazirliyinin siyahısına Çin, Rusiya və İranda fəaliyyət göstərən, fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradan 130 təşkilat və müəssisə daxil edilib.
2026-cı ilin fevralında ABŞ ilə Rusiya arasında strateji hücum silahlarının məhdudlaşdırılmasına dair son müqavilənin (START III) müddəti başa çatdıqdan sonra Tramp və komandası bildirmişdilər ki, əlavə nüvə silahlarının yerləşdirilməsi, eləcə də bu və ya digər formada nüvə sınaqlarının keçirilməsi imkanını nəzərdən keçirirlər.
NBC-yə danışan mənbələrin sözlərinə görə, Elbric Kolbi hazırladığı konsepsiyanı çərşənbə günü Nebraska ştatında keçiriləcək qapalı hərbi tədbirdə, ABŞ-nin nüvə qüvvələrinə cavabdeh olan Strateji Komandanlığa səfəri zamanı təqdim etməyi planlaşdırır.
“Financial Times” 2024-cü ilin əvvəlində Rusiya Silahlı Qüvvələrinin məxfi sənədlərinə istinadən yazmışdı ki, bu ölkə taktiki nüvə silahından yalnız adi hərbi əməliyyatlarda zəruri olacaq cavab tədbiri kimi yox, həm də rəqibi “ayıltmaq” məqsədilə istifadə etməyə hazırdır. Nəşrin əldə etdiyi sənədlərə görə, nüvə silahının tətbiqinə imkan verən şərtlər Moskvanın indiyədək açıq şəkildə etiraf etdiyindən xeyli yumşaqdır.
Rusiyanın strateji nüvə silahları əsasən ABŞ-ni hədəf alıb, taktiki nüvə sursatları isə Avropa və Asiyada istifadə üçün nəzərdə tutulub. Bu sursatlar quru bazalı sistemlər, döyüş təyyarələri və dəniz bazalı raketlər vasitəsilə çatdırıla bilir.
“Politfm”



