“Başneft-UNPZ” neft emalı zavodunun dron zərbələrindən sonrakı gürüntüsü, Ufa, Başqırdıstan Respublikası, Rusiya (foto: “Exilenova+”)

 

 

 

Rusiya ordusu Kiyev şəhəri və Kiyev vilayətinə ballistik raketlər və zərbə tipli pilotsuz uçuş aparatları (PUA) ilə kombinə edilmiş kütləvi hücum həyata keçirib. Hücum nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb, genişmiqyaslı dağıntılar və yanğınlar baş verib.

İlkin məlumatlarda Ukrayna Milli Polisi Kiyevdə 60 yaşlı bir qadının həlak olduğunu, daha 16 nəfərin yaralandığını bildirmişdi. Kiyev meri Vitali Kliçko isə bir nəfərin öldüyünü, 26 nəfərin xəsarət aldığını açıqlamışdı.

Prezident Volodimir Zelenskinin son açıqlamasına görəsə, Kiyev şəhəri və Kiyev vilayətində həlak olanların sayı 17-yə, yaralıların sayı isə 44-ə çatıb.

Brovar rayonunda yerləşən “Kvitneva” stansiyası yaxınlığınaa raket düşməsi nəticəsində səkkiz nəfər həyatını itirib.

“Epicentr Ceramic Corporation” zavodunun Kalinovkadakı obyektinə zərbə endirilməsi nəticəsində bir əməkdaş həlak olub, daha üç nəfər yaralanıb. Təkrar partlayışlar zamanı Təcili Tibbi Yardım avtomobili zədələnib, sürücüsü xəsarət alıb. Zavodunun istehsal sobaları məhv olduğundan müəssisənin fəaliyyəti dayandırılıb. Bildirilir ki, bərpa işləri 1,5–2 il davam edə bilər. Bundan başqa, işçilərə məxsus 20 avtomobil yanaraq yararsız hala düşüb.

Zelenski bildirib ki, hücumun əsas hədəfləri mülki müəssisələrin anbarları, logistika mərkəzləri və infrastruktur obyektləri olub.

Paytaxtın ən azı dörd rayonunda – Obolon, Desnyan, Svyatoşin və Qoloseyev rayonlarında minlərlə kvadratmetr anbar sahəsi yanıb. Qoloseyev rayonunda yaşayış evlərindən biri tamamilə dağılıb, bir neçə ünvanda dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Kiyevin Viskoznaya küçəsində yerləşən əsas logistika mərkəzi tamamilə yanıb.
Hücum nəticəsində pivə istehsalı müəssisəsi və tikinti materiallarının saxlanıldığı anbarlar da sıradan çıxıb.

Brovar rayonunda yerləşən “Kvitneva” stansiyası yaxınlığındakı logistika mərkəzlərinə dəyən zərərə görə qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Qoloseyev rayonunda qeyri-yaşayış binasına raket düşməsi nəticəsində tərkibində təxminən 300 litr maddə olan çən zədələnib və ammonyak sızması baş verib. Xilasedicilər sızmanı qısa müddətdə lokallaşdırıblar. Rəsmi məlumata görə, əhali üçün təhlükə yoxdur.
Anbarlarda baş vermiş iri yanğınlar nəticəsində isə Kiyevin bütün rayonlarında havanın çirklənmə səviyyəsinin təhlükəli həddə yüksəldiyi bildirilir.

Zelenskinin çağırışı

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hücum zamanı 24 ballistik raket, dörd gəmiəleyhinə raket və 115 zərbə PUA-sı buraxıb. Hava hücumundan müdafiə qüvvələri 98 pilotsuz uçuş aparatını məhv edib. Ballistik raketlərin zərərsizləşdirilməsi ilə bağlı isə rəsmi məlumat açıqlanmayıb.

Ukrayna prezidenti tərəfdaş ölkələrə müraciət edərək hava hücumundan müdafiə vasitələrinin tədarükünü sürətləndirməyə çağırıb.

“Ballistik raketləri zərərsizləşdirə bilən hava hücumundan müdafiə sistemləri insanların həyatını xilas edə bilərdi. Tərəfdaşlarımızı bu tədarükləri gecikdirməməyə çağırıram. Hazırda raket verə bilməyən ölkələr Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə dəstək verə bilərlər. Rusiyanın ballistik raket istehsal edən müəssisələrinin əhəmiyyətli hissəsi hələ də sanksiyalar siyahısına daxil edilməyib. G7, Avropa İttifaqı və insan həyatının müdafiəsini prioritet sayan bütün tərəfdaşlardan yeni addımlar gözləyirik” deyə, Zelenski bildirib.

Ukraynanın zərbələri

Ukrayna pilotsuz uçuş aparatları (PUA) avqustun 5-nə keçən gecə “Wildberries” şirkətinin Rusiyanın Tula vilayətində yerləşən çeşidləmə mərkəzinə hücum edib. Bu barədə vilayətin qubernatoru Dmitri Milyayev məlumat yayıb.

Onun sözlərinə görə, zərbə nəticəsində yanğın baş verib, bir nəfər yaralanıb.
Hücum zamanı Venyov rayonunda iki çoxmənzilli yaşayış binasına, Novomoskovsk və Uzlovaya rayonlarında isə iki istehsal obyektinə ziyan dəyib.

“Wildberries” şirkəti Tula vilayətindəki logistika mərkəzinə hücum faktını təsdiqləyərək bildirib ki, əməkdaşlar vaxtında təxliyə olunduğundan xəsarət alan olmayıb. Aleksin şəhərində yerləşən bu logistika mərkəzi Moskva vilayətindəki Koledino və Elektrostal komplekslərindən sonra şirkətin ən iri obyektlərindən biri hesab olunur.

Ötən gecə Tatarıstanın Zelenodolsk rayonu da PUA hücumuna məruz qalıb. Rayon rəhbəri Mixail Afanasyevin sözlərinə görə, vurulan dronun qalıqlarının mülki obyektlərdən birinin üzərinə düşməsi nəticəsində lokal yanğın baş verib və qısa müddətdə söndürülüb.

Ukraynanın “Supernova+” monitorinq kanalının məlumatına görə, zərbə “Wildberries”in Zelenodolskdakı anbarına dəyib. İyulun 31-də də PUA hücumuna məruz qalan bu logistika mərkəzi fəaliyyətini adi rejimdə davam etdirirdi.
Ufada iri neft-kimya kompleksində yanğın

Ukrayna dronları Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərindəki “Başneft-UNPZ” neft emalı zavoduna da zərbələri endirib.

“Exilenova+” monitorinq layihəsinin məlumatına görə, zavodda yanğın baş verib. Bu müəssisə “Başneft-Ufaneftexim” və “Başneft-Novoyl” zavodları ilə birlikdə illik ümumi emal gücü 23,5 milyon ton olan Ufa Neft Emalı Kompleksini təşkil edir və bu kompleks Rusiyanın ən böyük neft emalı mərkəzlərindən biridir.

“Astra” nəşrinin məlumatına görə, zavoda Ukraynaya məxsus AN-196 “Lutıy” tipli pilotsuz uçuş aparatı ilə zərbə endirilmiş ola bilər.

Başqırdıstanın rəhbəri Radi Xabirov bölgədəki müəssisələrə kütləvi PUA hücumu həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 25 dron vurublar, onlardan biri sənaye zonasına düşüb və nəticədə yanğın başlayıb.

“Rosneft” şirkətinin törəmə müəssisəsi olan “Başneft”ə məxsus Ufa neft-kimya kompleksi son üç gündə artıq üçüncü dəfə PUA hücumuna məruz qalır.

Bir gün əvvəl regionun illik 8,2 milyon ton emal gücünə malik ən böyük zavodu “Başneft-Ufaneftexim” də hücuma məruz qalmışdı. Həmin müəssisəyə bundan əvvəl iyunun 25-də, iyulun 8-də və avqustun 1-də də PUA hücumları həyata keçirilmişdi.

“S&P Global”-ın ötən ayın sonuna olan məlumatına görə, Ufadakı neft emalı zavodları hücumlardan sonraistehsalı tam gücü ilə davam etdirən azsaylı müəssisələrdən olub. Rusiyanın 11 neft emalı zavodu istehsalı 30–70 faiz azaltmağa məcbur qalıb, yeddi zavod isə fəaliyyətini tamamilə dayandırıb.

“Politfm”