Foto: AP

 


ABŞ-nin Vaşinqton ştatında baş verən iri meşə yanğınları sürətlə yaşayış məntəqələrinə yayılıb. Son məlumata görə, yanğınlar nəticəsində azı 700 bina məhv olub, 64 mindən çox sakin təxliyə edilib.

Bu barədə “Reuters” məlumat yayıb.

Hadisə yerinə 1100-dən çox yanğınsöndürən cəlb olunsa da, hələ də alovu nəzarət altına almaq mümkün olmayıb. Rəsmilər itkilərin artacağını istisna etmirlər.

Hələ ki Yunanıstanda da yanğınları söndürmək mümkün olmayıb. Paytaxt Afinanın şimal-qərbində dörd gündür davam edən meşə yanğını güclü külək səbəbindən geniş əraziyə yayılıb. Alov yaşayış evlərini, şam meşələrini və kənd təsərrüfatı sahələrini məhv edib, minlərlə insan təxliyə olunub. Yanğının söndürülməsi zamanı iki yanğınsöndürmə helikopterinin toqquşması nəticəsində iki ekipaj üzvü həlak olub. Elektrik xətlərində nasazlığa yol verdikləri iddia edilən iki nəfər saxlanılıb.

Fransada ölkə tarixinin ən böyük meşə yanğınlarından biri hələ də davam etməkdədir. Bordo ətrafında 220 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Yanğınların vurduğu ziyanın milyardlarla avro olduğu bildirilir. Ölkənin cənubundakı Provans bölgəsində də alov ocaqları tam söndürülməyib.

İspaniyanın Leon, Samora və Kastelyon vilayətlərində də meşə yanğınları ilə mübarizə davam edir. Bəzi ərazilərdə vəziyyət sabitləşsə də, bir sıra bölgələrdə alov hələ də təhlükə yaradır. Səlahiyyətlilər yanğınlardan birinin qəsdən törədildiyini istisna etmirlər.

Şotlandiyanın Cairngorms Milli Parkında da yanğınlar tam söndürülməyib. Bu, ölkədə yanğınsöndürmə aviasiyasının gücləndirilməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Mütəxəssislər iqlim dəyişikliyi fonunda Böyük Britaniyada iri meşə yanğınlarının daha tez-tez baş verdiyini bildirirlər.

Avropa Komissiyasının Kopernik Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin nəzdində fəaliyyət göstərən Avropa Meşə Yanğınları Məlumat Sistemi (EFFIS) bildirir ki, rekord istilər, quraqlıq və güclü küləklər Avropanın bir çox bölgəsində meşə yanğınları riskini artırır.

Avropa İttifaqı isə yaxın günlərdə yanğın təhlükəsinin xüsusilə Yunanıstan, İtaliya və Mərkəzi Avropa ölkələrində daha da yüksələcəyi barədə xəbərdarlıq edib.

“Politfm”