Donald Tramp  Ağ Evdə keçirilmiş “Amerikanı Yenidən Zəngin edək” tədbirində qarşılıqlı tariflər barədə çıxış edir; 2 aprel 2025 (foto:AFP)

 

 

ABŞ-nin 25 ştatından ibarət koalisiya Prezident Donald Trampın administrasiyasını 60 ticarət tərəfdaşından idxal olunan mallara tətbiq edilən yeni gömrük rüsumlarına görə məhkəməyə verib. Koalisiya ABŞ Beynəlxalq Ticarət Məhkəməsindən tariflərin tətbiqinin dayandırılmasını, onların qanunsuz elan edilməsini və artıq ödənilmiş gömrük rüsumlarının geri qaytarılması barədə qərar çıxarılmasını xahiş edir.

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

İddia ərizəsində qeyd olunur ki, Tramp administrasiyası 60 ticarət tərəfdaşından idxal olunan mallara 10%-12,5% həcmində yeni tariflər tətbiq edib. Ştatlar hesab edirlər ki, bu addım Ali Məhkəmənin fevral ayında ləğv etdiyi idxal rüsumlarını başqa ad altında bərpa etmək cəhdidir.

Məhkəməyə müraciət edən ştatlar bildirirlər ki, ötən ay 59 ölkə və Avropa İttifaqına tətbiq olunan tariflər ABŞ-nin ümumi idxalının 99,4%-ni əhatə edir.
Tramp administrasiyası isə həmin ölkələri məcburi əməklə istehsal olunan məhsulların idxalının qarşısının alınması istiqamətində kifayət qədər tədbir görməməkdə ittiham edir.
Nyu-York ştatının baş prokuroru Letişa Ceyms deyib ki, Ali Məhkəmədə məğlub olduqdan sonra administrasiya tariflərin yeni mərhələsi vasitəsilə ailələr və biznes üçün vergiləri yenidən qanunsuz şəkildə artırmağa çalışır.

Onun sözlərinə görə, administrasiya bunu necə əsaslandırmağa çalışsa da, ABŞ qanunvericiliyi və Konstitusiyası prezidentə istədiyi ölkəyə qarşı genişmiqyaslı tariflər tətbiq etmək səlahiyyəti vermir.

İddiaçılar arasında Nyu-York, Arizona, Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Massaçusets, Merilend, Men, Miçiqan, Minnesota, Nevada, Nyu-Cersi, Nyu-Meksiko, Şimali Karolina, Oreqon, Rod-Aylend, Virciniya, Vermont, Vaşinqton və Viskonsin ştatları, həmçinin Kentukki və Pensilvaniya ştatlarının qubernatorları da var.
Yeni tariflər iyul ayında qüvvəyə minib. Bundan əvvəl fevral ayında tətbiq edilən və “Azadlıq Günü” tarifləri kimi tanınan gömrük rüsumları məhkəmə tərəfindən Konstitusiyaya zidd hesab edilmiş, onları əvəz edən müvəqqəti tariflərin qüvvədə olma müddəti isə başa çatmışdı.

Yeni tariflər üzrə son qərar 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsaslanır. Həmin federal qanun məcburi əməkdən istifadə edən ölkələrə qarşı ticarət tədbirlərinin görülməsini nəzərdə tutur. Yeni tariflər ABŞ-nin əsas ticarət tərəfdaşları olan Böyük Britaniya, Avstraliya, Kanada, Yaponiya, Tayvan və Çini də əhatə edir.

Bundan əvvəl “Liberty Justice Center” təşkilatı ABŞ-nin iki kiçik şirkəti adından Tramp administrasiyasına qarşı ayrıca məhkəmə iddiası qaldırmışdı. Həmin şirkətlər bildirirdilər ki, Donald Tramp yeni tariflər tətbiq etməklə öz səlahiyyətlərini aşıb.
Ağ Evin mətbuat katibi Kuş Desai bildirib ki, ABŞ Amerika ticarətinə mane olan əsassız addımların, siyasətlərin və təcrübələrin aradan qaldırılması üçün qanuni səlahiyyətlərindən istifadə edir.

Onun sözlərinə görə, xarici dövlətlərin məcburi əməkdən istifadə edilməklə istehsal olunan mallarının idxalına qadağa qoymaması və bu qadağanın icrasının effektiv təmin etməməsi ABŞ ticarətinə, o cümlədən amerikalı işçilər üçün əlavə yük yaradır və bu problem aradan qaldırılmalıdır.

Desai əlavə edib ki, Donald Trampın ilk prezidentliyi dövründən etibarən 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsinə əsasən tətbiq edilən tariflərin hüquqi baxımdan etibarlı alət olduğu sübut edilib.

Nyu-York ştatının qubernatoru Keti Hokul və ştatın baş prokuroru administrasiyanın tariflərlə bağlı mövqeyini qəbul etmirlər. Onların birgə bəyanatında bildirilir ki, ölkələrin məcburi əməyə qarşı mübarizə səylərilə bağlı araşdırma 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinin tələblərinə uyğun deyil.

Onların fikrincə, Tramp administrasiyası geniş ölkələr qrupuna qarşı zərərli tarif siyasətini davam etdirmək üçün “məcburi əmək” arqumentindən bəhanə kimi istifadə edir. Bu isə istehlak qiymətlərinin artmasına səbəb olur.

Keti Hokul bildirib ki, Prezident Donald Trampın tətbiq etdiyi qanunsuz tariflər əslində zəhmətkeş ailələrin üzərinə qoyulan əlavə vergi yüküdür. Onun sözlərinə görə, bu tariflər ərzaq məhsullarının, məişət mallarının, tikinti materiallarının və Nyu-York sakinlərinin gündəlik istifadə etdiyi çox sayda digər məhsulun qiymətini artırır.

Qubernator vurğulayıb ki, artıq ABŞ Ali Məhkəməsi administrasiyaya açıq şəkildə bildirib ki, qanunu pozaraq genişmiqyaslı tariflər tətbiq etmək yolverilməzdir.

“Politfm”